Putin Azərbaycana satılan silahlardan danışdı

Kremlin ikili standartı: Rusiya ölkəmizə həm silah satır, həm də Bakını “Gürcüstan ssenarisi” ilə hədələyir - nonsens? Düşmən ölkənin eksperti: “Həmin ərazilər Azərbaycan torpaqlarıdır, zaman xeyrimizə işləmir...”
Dağlıq Qarabağ probleminin həllində Rusiyanın əsas tormozlayıcı qüvvə olduğu və işğalçı Ermənistanın arxasında dayandığı bir daha öz təsdiqini tapmış oldu. Kremlə yaxın “Valday” ekspert qrupunun hazırladığı və təzəcə geniş ictimaiyyətə təqdim edilən hesabatın Dağlıq Qarabağ münaqişəsinə aid hissəsi buna şübhə yeri saxlamır.
Xəbər verdiyimiz kimi, “Beynəlxalq hədələr - 2016" adlı həmin sənəd Rusiya üçün əsas strateji hədələrdən bəhs edir və onlardan biri kimi Qarabağ konflikti göstərilir. 
Sitat: “2016-cı ildə Rusiya üçün sıravi vətəndaşlara elə də aydın olmayan hədələr də var. Söhbət öncəliklə Dağlıq Qarabağda konfliktin qızışmasından gedir - hansı məsələ ki, Suriya və Ukrayna böhranları üzündən ikinci plana keçib, lakin əsla az təhlükəli deyil. Son zamanlar orada artilleriya qurğularından istifadə olunmaqla atışmalar güclənib, tərəflər əsl silahlanma yarışına girib. Hadisələrin belə inkişafı Bakı və Moskvanın maraqlarının kəskin toqquşmasına, Rusiyanın Ermənistan tərəfdə müharibəyə qoşulmasına və 2008-ci il ”Gürcüstan ssenarisi"nin təkrarlanmasına gətirə bilər. Bu isə Rusiya-Türkiyə münasibətlərinin pisləşməsini vəd edir, ona görə ki, Moskva və Ankara münaqişənin müxtəlif tərəflərini dəstəkləyir - müvafiq şəkildə Ermənistanı və Azərbaycanı".
Ötən sayımızda qeyd elədiyimiz kimi, bu, artıq rəsmi Bakını “Gürcüstan ssenarisi” ilə açıqca hədələməkdir - baxmayaraq ki, Azərbaycan Rusiyanın əsas silah alıcılarından biri olaraq qalır. Yeri gəlmişkən, srağagün Rusiya prezidenti Vladimir Putin Azərbaycana satılan silahlardan da danışıb.
Nijniy Novqorodda, silah ixracına dair məsələlərin müzakirə olunduğu iclasda Putin bəyan edib ki, Rusiya silahlarına tələbat sürətlə artır (virtualaz.org). “Kommersant” qəzetinin yazdığına görə, bu zaman Rusiya lideri Azərbaycanla 2011-ci ildə imzalanmış müqaviləyə də istinad edib. Həmin müqaviləyə əsasən, Azərbaycan Rusiyadan T-90S tankları, BMP-3 piyada döyüş maşınları, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri və digər hücum silahları alıb.
“Kommersant” iclasın tənqidlərsiz də ötüşmədiyini yazıb. Belə ki, Putin 2011-ci ildə Fransadan iki “Mistral” vertolyotdaşıyan gəmisinin alınmasına dair bağlanmış müqavilənin şərtlərinin Rusiya üçün tam əlverişsiz olduğunu deyib.  İkinci məsələ isə imzalanmış müqavilələrin yerinə yetirilməsi ilə bağlı texniki problemlərlə, konkret olaraq Azərbaycana BTR-82A zirehli transportyorlarının göndərilməsi ilə bağlı olub. Lakin qəzet Putinin bu məsələdə məhz nədən narazı qaldığını yazmır.
Yada salaq ki, martın əvvəllərində Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin “Rosoboroneksport”un nümayəndələri ilə Bakıya qəfil səfər edib. “Kommersant” iddia edib ki, səfər Azərbaycan tərəfinin sifariş verdiyi silahlara və texnikaya görə ödənişləri gecikdirməsi ilə əlaqəlidir. Belə ki, sifariş verilən texnika gəmilərə yüklənərək göndərilib, ancaq pulu ödənilmədiyindən boşaldılmır. Lakin Azərbaycan tərəfi ödənişlərlə bağlı heç bir problem olmadığını bəyan edib.

Xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində deyib ki, problem bəzi silahların texniki parametrlərinin müqavilədə göstərilənlərə uyğun gəlməməsindədir və Roqozin bu problemin tezliklə aradan qaldırılacağına dair vəd verib. Habelə dünən məlum olub ki, Roqozinin Bakıya səfərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad edilib, barəsində cinayət işi qaldırılıb. Onun Rusiya ilə silah müqaviləsindən hansısa formada korrupsiya məqsədi ilə yararlanmaq istədiyi bildirilir.
Göründüyü kimi, Azərbaycanla Rusiya arasında silah ticarəti Kreml üçün önəmli məsələlərdən olaraq qalır. Ancaq əfsuslar olsun ki, Moskvanı Azərbaycanın əlverişli silah alıcısı olması faktı Dağlıq Qarabağ münaqişəsi kontekstində az maraqlandırır. Əks halda, müharibə variantında Rusiyanın Ermənistan tərəfdə yer alacağı hədəsi səslənməzdi. Belə çıxır, Rusiya ölkəmizə həm silah satır, həm də bizi “Gürcüstan ssenarisi” ilə hədələyir...
Həmçinin Qarabağ münaqişəsinin qızışacağı təqdirdə Türkiyə və Rusiyanın üz-üzə gələ biləcəyi haqda rusiyalı ekspertlərin ehtimalı da gerçəkdir. Əslində sonuncu fakt konfliktin həllində Moskva və Ankaranın nə dərəcədə mühüm rol oynaya biləcəyinin göstəricisidir. Təəssüf ki, “Su-24" təyyarə insidentindən sonra Türkiyə-Rusiya münasibətləri böhrana girməsi bu yöndə ən kövrək ümidləri də basdırıb.
 Bir şey dəqiqdir ki, Rusiya Güney Qafqazdan elə-belə çıxmayacaq. Dağlıq Qarabağ ixtilafının həll olunmamış qalması isə Kremlin regionda möhkəmlənməsi üçün yeganə vazkeçilməz silahdır. Bu xüsusda Rusiya XİN rəsmisi Mariya Zaxarovanın ötən həftə söylədiyi “Rusiya Dağlıq Qarabağ konfliktinin həllini səmimi şəkildə istəyir” sözləri gerçəyi kamifulyaj eləmək cəhdi olmaqla yanaşı, ən yüngül təzyiqə belə dözümsüzdür.
Bu arada erməni ekspert Armen Bədəlyan düşmən tərəfi təmsil eləsə də, Qarabağ məsələsi ətrafında yaranmış vəziyyətdə Azərbaycanın tutduğu mövqeyə haqq qazandırıb. O, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına diqqət çəkərək deyib: “Onların hər biri öz marağından çıxış edir və bu maraqlar üst-üstə düşmür. Buna görə də nəticə gözləmək mümkün deyil. İndiki mərhələdə seçkiyə hazırlaşan ABŞ seçki bitənədək burada sabitliyin olmasında maraqlıdır. Rusiyanın da öz maraqları var. Rusiya Azərbaycanla münasibətlərini korlamaq istəmir. Üstəlik, Azərbaycan Rusiyadan böyük həcmdə silah alır. Onların arasında biznes maraqları da mövcuddur”.
Armen Bədəlyan
Politoloq Bakının mövqeyinin də məntiqli olduğunu söyləyib: “Azərbaycanın mövqeyi bəllidir: sərhəddə vəziyyətin gərgin olmasını istəmirsinizsə, işğal altındakı əraziləri geri qaytarın. Azərbaycan anlayır ki, əgər bu vəziyyətdə atəşkəsə nəzarət mexanizmi qəbul olunarsa, bu, dolayısı ilə həmin ərazilərin Ermənistanın nəzarət etdiyi ərazilər kimi tanınması demək olacaq. Azərbaycan isə bununla razı deyil. O öz ərazisində atəşkəsin tətbiqilə niyə razılaşsın ki? Nəhayət, unutmayaq ki, həmin ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Odur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə hər hansı əlavə mexanizmlərin tətbiqinə qarşı olması təbiidir. Belə çıxır, erməni tərəfi əraziləri işğal edir və Azərbaycanın torpaqları geri qaytarmağa cəhd göstərə bilməməsi üçün orada hansısa mexanizmlər işə salınır. Məsələyə Bakının nöqteyi-nəzərindən baxsaq, mexanizmin qəbul olunmaması məntiqlidir”.
 
 Onun qənaətincə, atəşkəsin qorunması ilə bağlı yeni beynəlxalq mexanizmin tətbiqi hər hansı nəticə verməyəcək: “Azərbaycan həmin sistemi pozarsa nə baş verəcək? Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək? Azərbaycan Avropa İttifaqını təbii qazla təmin edən ölkələrdən birinə çevrilir. Yaxın vaxtlarda Bakı-Tiflis-Qars dəmir yolu istismara veriləcək və bu, Avropanı Mərkəzi Asiya və Uzaq Şərqə bağlayacaq. Demək, Avropa əlbəttə ki, Azərbaycanla münasibətlərini gərginləşdirmək istəməyəcək. Mexanizm tətbiq olunarsa və Azərbaycan onun tələblərini pozarsa, ən yaxşı halda ona ”rejimi pozma" deyəcəklər. Lakin bu, Azərbaycana qarşı hər hansı ciddi addımların atılması ilə nəticələnməyəcək. Sərhəddəki gərginlik, təcridetmə, ticarət əlaqələrin olmaması bizə qarşı olan addımlardır. Səbəb isə Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Nə zaman ki, problem həll olunacaq, qalan məsələlər də qaydasına düşəcək. Xəstəliyin nəticələrini aradan qaldırmağa çalışmaq yox, onun özünü müalicə etmək lazımdır".
Erməni ekspert habelə, vəziyyətin dalana dirənməsi fikri ilə razılaşmır: “Vəziyyət dalana dirənməyib. Hər şey kimin daha sürətlə inkişaf edəcəyindən, təsir mexanizmlərinə malik olacağından asılıdır. Məhz həmin tərəfin maraqları nəzərə alınacaq. Yaşananlar isə Azərbaycanın öndə olduğunu göstərir. Ermənistandan fərqli olaraq, o, AŞ PA-da qətnamələr qəbul etdirə bilir, ölkə iqtisadiyyatı inkişafdadır, Azərbaycan ərazisində regional əhəmiyyətli nəqliyyat infrastrukturu yaradılır. Münaqişə zonasındakı vəziyyət 100 il belə davam etməyəcək. Və sonra. Unutmayaq ki, Ermənistandan əhalinin köçü getdikcə artır və bu, gələcəkdə əsgərlərin sayına da təsir edəcək. Azərbaycan isə oturub gözləmir. O çalışır ki, bu dövrdən öz xeyrinə istifadə etsin və Ermənistandan fərqli olaraq, buna nail olur”.