​Prosineçki: ''Bəlkə də möcüzə edə bilərik''

 
Xəbər verildiyi kimi, DÇ-2018-in seçmə mərhələsində Norveçi qəbul edən yığmamız Maksim Medvedevin yeganə qolu sayəsində qələbə qazanaraq, ikinci matçında da meydançadan qələbə ilə ayrılıb. 
 
Musavat.com saytının verdiyi məlumata görə, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyundan sonra keçirdiyi mətbuat konfransında deyib. «Matçın çətin keçəcəyini bilirdik. 90 dəqiqədən sonra xoşbəxtəm. Bütün azarkeşləri təbrik edirəm».
 
Prosineçki qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib:
 
«Oyunçularım çox yaxşı mübarizə apardı. Əzmkar oyunla 3 xalı Bakıda saxladıq. Bizim üçün vacib oyun idi. Çox çətin idi. Rəqib bizə yaxşı oyun göstərməyə mane olurdu. Buna baxmayaraq qələbə qazanmaq əla hissdir.
 
Çox sevinməyə vaxt yoxdur. Çünki 3 gündən sonra daha bir vacib oyuna çıxacağıq. Sabah Çexiyaya yola düşürük. Səfərdəki matçda da eyni futbolu göstərməli, əzmkar oyun sərgiləməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.
 
- Bu qələbə Çexiya ilə oyunöncəsi komandada arxayınlıq yarada bilərmi?
- Oyundan sonra komanda ilə danışdım. Dedim ki, sevinin, amma çox yox. Çünki 3 gündən sonra Çexiya ilə oyunumuz var. Oyunçuların vəziyyəti ilə bağlı həkimlərdən cavabları gözləyəcəm. Çexiya ilə matçda bir neçə mövqedə dəyişiklik edəcəm. Bu gün uşaqlar çox güc qoydular. Sabah bərpa məşqi olacaq. Çexiya ilə görüşə kimlərin tam hazır olacağı orada bilinəcək.
 
Bütün dünyada 3 gündən bir oyun keçirirlər, mənim futbolçularım da buna öyrəşməlidir. Rəqib komandada İngiltərə çempionatında top qovan güclü futbolçular var. Hər 3 gündən bir futbol oynayırlar, alışıblar. Biz də alışmalıyıq.
 
O ki qaldı arxayınlaşmağa, məncə , bu qələbə Çexiya ilə oyunöncəsi bizə daha çox motivasiya verəcək.
 
- Sizin üçün əsas nəticədir, yoxsa komandanızın sərgilədiyi oyun?
- Sözsüz ki, sonda nəticə çox önəmlidir. Biz futbolu nəticə üçün oynayırıq. Matçdan öncə komandamıza təzyiq böyük idi. Biz necə rəqiblə qarşılaşacağımızı bilirdik. Norveç yığmasının əksər oyunçuları İngiltərə çempionatında çıxış edirlər. Bəlkə də, bu gün gözəl oyun görmədik. Amma bütün futbolçular canlarını qoydular, əllərindən gələni etdilər. Bildiyim qədərilə, Azərbaycan yığması seçmə mərhələyə ardıcıl qələbələrlə başlamamışdı. Bu bir ilkdir. Buna görə də hamını təbrik edirəm.
 
- Araz Abdullayev və Rauf Əliyevi bu gün meydana görməməyimizin səbəbi nədir? Oyun azlığından əziyyət çəkən Şeydayev isə meydanda idi.
 
- Bu, mənim fikrim və qərarımdır. Araz və Rauf meydana çıxacaq formada deyildilər. Əgər məğlub olsaydıq, bu sualı mənə sərt formada verəcəkdiz.  Belə rəqiblə matçda qələbə qazandıq. Bu, asan deyildi.
 
- Ağabala Ramazanovu top itkilərinə rəğmən, meydançada çox qaldı.
 
- Çox sürətli futbolçudur. Müdafiəçilər üçün belə futbolçuya qarşı oynamaq çətindi. Onun oyunundan çox razı qaldım, çalışırdı, vuruşurdu. Hücumda birə-bir mübarizəyə girəndə, şübhəsiz ki, top itkiləri olur. Ağabala bu gün 5 nəfərin yerinə vuruşdu. Qələbədə onun zəhməti böyükdür. Baxımlı futbol görməsək də, bu gün bütün uşaqlardan razı qaldım. Norveç millisini təhlil edəndə başa düşdük ki, onlara qarşı oynamaq çox çətindir. Avropa çempionatının final mərhələsinə yüksəlməyə yaxın idilər.
 
 - Ardıcıl qələbələrdən sonra azarkeşlər möcüzəyə inanmağa başlayıblar. Siz necə, möcüzənin baş verəcəyinə inanırsızmı?
 
- Azərbaycana gələndən ölkənizdə futbolla bağlı ən optimist adam mənəm. Siz pessimitsiz, inanmırsız. Mən hələ yeni gələndə demişdim ki, Azərbaycan yığması güclüdür. Komandam bunu Xorvatiya və İtaliya ilə oyunlarda da sübuta yetirib. İtaliyaya uduzsaq da, futbolçularım gözəl oyun nümayiş etdirmişdilər. Bəlkə də möcüzə edə bilərik. Komandam 90 dəqiqə ərzində öz oyununu göstərə bilsə, belə qələbələr mümkündü.
 
- Stadionun ot örtüyündən və azarkeş dəstəyindən razı qaldızmı?
 
- Azarkeşlərin dəstəyi möhtəşəm idi. 90 dəqiqə komandanı irəli səslədilər. Məndə olan məlumata görə, 25-30 min azarkeş var idi. Qələbədə onların da rolu böyükdür.
 
Ot örtüyünə gəlincə, qazon yaxşı vəziyyətdə deyildi. UEFA qadağa qoyduğundan, dünən əsas meydançada məşq edə bilmədik. Ümid edirəm ki, gələn həftələrdə meydanın ot örtüyü yaxşı olacaq. Əsas odu ki, qələbə qazanan tərəf biz olduq.
 
- Çexiya ilə oyunda yığmamızın qələbəsinə pul qoyuluşu etmək olarmı?
 
- Çexiya yığmasını Avropa çempionatında canlı izləmişəm. Turnirdən sonra heyətdə çox dəyişiklik ediblər. Çexiyanın da futbol ənənəsi güclüdür. Sabahdan onların təhlilinə başlayacağıq. Əlimizdən gələni edəcəyik ki, Çexiyaya qarşı da yaxşı oyun göstərək və istədiyimiz nəticə ilə Bakıya qayıdaq.