"Proses Ankara-Moskva savaşına çevrilə bilər" - Türkiyəli siyasi şərhçidən şok açıqlamalar

Türkiyəli siyasi şərhçi, elmlər doktoru Fatih Özbay son günlər Azərbaycan və Ermənistan arasında baş verən hərbi əməliyyatlara təhlil edən şərhlərlə çıxış edib.
Avropa.info xəbər verir ki, Özbay azərbaycanlı-erməni böhranının Türkiyə-Rusiya böhranı vəziyyətinə gətirilə biləcəyi haqda şərh verib. Ekspertə görə, baş verən silahlı toqquşmalar geniş miqyaslı regional müharibəyə yol aça bilər. Qafqazda baş verəcək müharibə Türkiyə və Rusiya münasibətlərini təhlükəli həddə çatdıra bilər..
Ekspertin fikrincə, təhlükəli həddə çata biləcək böhran eyni zamanda keçən ilin noyabr ayında rus təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyə arasında başlayan siyasi böhranı həlli üçün vasitə ola bilər.
Özbay: “Doğrudan da 2 apreldən bu yana davam edən atışmalara baxdıqda vəziyyətin çox təhlükəli hala doğru getdiyini görürük”.
Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerrinin məsələyə müdaxiləsi və tərəfləri sakitləşməyə çağıran bəyanatları da diqqətdən qaçmayıb.  Digər tərəfdən, Türkiyə hökuməti böhran zamanı Azərbaycanın tərəfində yer aldı. Bu mövqe Moskvanın tənqidləri ilə üzləşdi. Lavrov Türkiyəni tək tərəfli davranmaqda qınadı.
Fatih Özbay böhran zamanı “xarici qüvvələrin rolu” ilə bağlı səsləndirilən şərhlərə diqqət çəkib:
“Belə baxdıqda Azərbaycanı dəstəkləyən ölkə olaraq Türkiyənin, Ermənistanın dəstəkləyən ölkə kimi Rusiyanın olduğunu görürük. Ancaq detektiv romanlarında olduğu kimi ilk şübhəli şəxslər çox zaman cinayətkar deyildir. Təxmin etmədiyimiz şəxslər belə çıxa bilər”.
Özbay  iki ölkənin daxili şərtlərinin böhranın əmələ gəlməsində təsirli olduğunu yazıb. O, Azərbaycandakı vəziyyəti bu cür qiymətləndirib:
“25 ildir torpaqlarının 20%-i işğal altında olan və milyonlarla vətəndaşı qaçqın, məcburi köçkün olub, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalan bir Azərbaycan var. Mövcud əziyyət ictimai fikirdə böyük təzyiq yaradır. İşğal altındakı torpaqlarını yenidən işğaldan azad edə bilmək üçün Azərbaycan silahlanır. Bu onların gizlətdiyi bir şey deyil. Neft və qaz gəlirləri ilə silahlanırlar”.
Ermənistanın Rusiyadakı iqtisadi böhrandan ciddi təsirləndiyini qeyd edən Özbay “Qiymətlərin artması, enerji böhranı, işıq pulunun qaldırılması ilə bağlı böhranlar nəzərə alındıqda Ermənistan küçələri  qarışa bilər. Buradan baxdıqda Sarkisyan hökumətinin sanki daxildəki iqtisadi gərginliyi Dağlıq Qarabağ məsələsi və “təcavüzkar” Azərbaycan təbliğatı ilə ört-basdır etmək istəməsi yaxud yumşaltmağa çalışacağı qənaətindəyəm” deyib.
Özbay Yerevanın Rusiya ilə Türkiyə arasındakı münasibətlərin gərgin olmasından faydalanaraq Moskvanın dəstəyini istəyə biləcəyini də deyib.
Fatih Özbay hərbi-siyasi böhranla bağlı xəbərdarlıq da edib:
“Məsələnin Ermənistan-Rusiya bloku, Azərbaycan-Türkiyə bloku formasına gətirilib, ardından da, Türkiyə-Rusiya problemi halına gətirilməsi təhlükəsi var. Bu toqquşmanın son nəticədə belə bir şeyə gətirib çıxarma ehtimalının çox təhlükəli olduğunu bildirirəm”.
Özbay Türkiyənin Azərbaycanın xeyrinə verdiyi sərt bəyanatlar barədə bunları deyib:
“Rusiya tərəfindən bəlkə də belə bəyanat səsləndirilmir, amma Ermənistanda  rus əsgərlərinin sayı 7500 nəfərdən 15 minə qədər artırılıb. Hərbi vertolyotlar və raketlər göndərildi. Hamımız bilirik ki, Ermənistan sərhədlərini rus əsgərləri qoruyur. Rusiya belə bəyanatlar vermir, amma digər tərəfdən işini görür. Türkiyənin bu cür fəaliyyət aparmağa gücü yoxdur, amma bəyanatlar verir.  Türkiyə və Rusiya münasibətləri böhran içindədir, lakin Azərbaycan və Ermənistan arasında baş verə biləcək hər hansı müharibə vəziyyətində hər iki ölkənin təhlükəli şəkildə qarşı-qarşıya gəlmək ehtimalı var. Bu baxımdan bağlanan qapıların yenidən açılması, aşırılan masaların yenidən qurulması üçün vasitə ola bilər”.
Özbaya görə, Türkiyənin açıqlamalarının dozası bir az çox olsa da, son nəticədə dövlətin ağlı fəaliyyətə keçəcək və vasitəçilik üçün işlər görüləcək.