​Professorun müsahibəsi qalmaqal yaratdı: “İnsanları ateizmə dəvət edir”

Baxış sayı: 
285

 
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə yerli mətbuata müsahibəslərindən birində Bakı İslam Universitetinin tədris proqramına etiraz edib. Eləcə də  Qafqaz Müsəlmanları İdarəsinə və adıçəkilən universitet rəhbərliyinə iradlar bildirib, onların addımını gerilik kimi qiymətləndirib. Professor iddia edir ki, Bakı İslam Universitetində dünyəvi elmlər tədris olunmur. Halbuki dini tədris alanlar dünyəvi elmlərdən də agah olmalıdır.
 
Cəfər Quluzadə fikrini belə əsaslanıdırb: “Din elmə zərbə vuran bir qüvvədir. Elmin qabağını alan, inkişafı ləngidən dindir. Əslində insanlar özləri də dini düzgün başa düşmürlər. Məhəmməd peyğəmbər hədislərində deyir ki, elm harda varsa, onun ardınca gedin. O, “hər şey “Quran”da var” demir. Lakin bizim din adamlarının hamısı deyir ki, “Quran”da hər şey var. Bilirsiniz ki, bizdə Bakı İslam Universiteti var. Ora getmişdim. Dedim ki, gətirin tədris planınıza baxım. Baxdım. Bir dənə də dünyəvi elm keçmirlər. Eləcə “Quran”, “Yasin” oxumaq əzbərlədirlər. Adını da universitet qoyublar. Mən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə də, onun müavini, həmin universitetin rektoru Hacı Sabir Həsənliyə də etirazımı bildirdim. Dedim ki, ayıbdır. Bildirdim ki, adını universitet qoyublar, amma bir dənə də dünyəvi elm yoxdur. Canlı ünsiyyət zamanı birbaşa özlərinə dedim.  Dedilər ki, guya, dünyəvi elmləri keçmək üçün imkan yoxdur. Mən isə dedim: “Gəlin, pulsuz, həftədə bir dəfə elm haqqında tələbələrə dərs deyim”.
 
Razı olmadılar. Onlara lazımdır ki, pul yığmaq üçün tələbələrə “Yasin” oxumağı öyrətsinlər. Həmin tələbələri qəbiristanlıqlara paylayırlar, qrafik tuturlar. Məsələ çox mürəkkəbdir. İnsan anadan olandan  şüuru dinin təsirinə düşür. Mənim bəzi xanım tələbələrim başını bağlamağa başlamışdı. Mən isə məsləhət verəndən sonra onlar başlarını açdılar. Xoşluqla başa saldım ki, bu gerilikdir. Onlar da məni başa düşdülər. Hər dərsimdə tələbələrə deyirəm ki, elm üstündür, ona, onun gəldiyi nəticələrə inanmaq lazımdır”.
 
“Professor insanları dinə nifrətə, ateizmə dəvət edir”
 
Məsələ ilə bağlı dini ekspert Tural İrfan Cebhe.info-ya açıqlamasında professorun fikirlərini təkzib edib. Onun sözlərinə görə, Bakı İslam Universitetində  dünyəvi elmləri tədris olunur: “Cəfər Quluzadənin beynində Sovetin yarardığı din nifrəti var. Bu adam hələ də din xadimlərinin hamısını şüursuz anlandırır. O İslam Universitetindən xəbərsizdir. Yalan məlumatlarla, dinə nifrət yaratmaqla guya elm adlandırdığı ateizmə dəvət edir. O, yalan deyir. Bakı İslam Universitetində Azərbaycan dili,  Hüquq, İngilis dili, Metodika, Fəlsəfə, Azərbaycan tarixi, Klassik ədəbiyyat, Məntiq, Pedoqoqika, Psixologiya və  Coğrafiya tədris olunur. Özü də bu fənnlər digər universitetlərdən kifayət qədər yüksək səviyyədə keçilir. Həmin fənnləri tədris edənlər AMEA- nın işçiləridir. Cəfər Quluzadə qeyri -səmimi deyir ki, Bakı İslam Universitetində pulsuz dərs keçər. O, heç zaman pulsuz dərs keçməz. Ancaq orada akademiyanın müəllimləri demək olar ki, pulsuz dünyəvi fənləri tədris edirlər”.
 
“O,  Darvinin çürük nəzəriyyəsi ətrafında çabalayırlar və ateizmi elm hesab edir”
 
Ekspert qeyd edib ki, din elmə işıq tutur: “Eynşteyn deyirdi ki, dinsiz elm kor, elmsiz din topaldır. Böyük şərq filosofları elmlə məşğul olarkən dini ayırmayıblar. Din həmişə onlara mayak rolunu oynayıb. Böyük filosoflar İbn Rüşd, Fərabi, İbn Ərəbi, İbn Sina, Bəhmənyar, Nəsirəddin Tusi kimi dahilər dini əldə çıraq edib hansısa elmi nailiyyətə vaqif olublar. Cəfər Quluzadə kimiləri hələ də Marksın və Engelsin iqtisadi fikirləri, Darvinin çürük nəzəriyyəsi ətrafında çabalayır, ateizmi elm hesab edirlər. Bu gün müasir dünya dini inkar etmir. Əksinə dindən nələrsə götürür. Din bir çox fəlsəfi, metafizik, astronomik, anatomik həssaslıqları xəbər verib. Bu gün də onlar elmlə üst- üstə düşür. “Quran”da yerin kürə şəkilli olması, fırlanması, insanın ana bətnindəki mərhələləri, kainatın partlayışdan yaranması və genişlənməsi kimi məsələlər bu günki elmlə üst üstə düşür. Əslində elm dinlə vəhdətdə irəli gedə bilər. Dinsiz elm zəlalətə aparır. Elmsiz din də xurafata…
 
Hörmətli professor “Quran”ı oxuduğunu , Peyğəmbərlər haqda məlumatlı olduğunu deyir. Lakin qeydlərindən görünür ki, o, dinlər haqda məlumatı broşürlərdən oxuyub. Özü də çox diqqətsiz… Çünki 5 vacib peyğəmbər deyilən anlayış yoxdur. Ulul -əzm peyğəmbərlər vardır. Yəni, böyük peyğəmbərlər. Adəmin bura daxil olub-olmamasının mətləbə dəxli və xronoloji ardıcıllığın pozulması qaranlıq qalır. Alim qeyd edir ki, “Tövrat”da İbrahimin İshaqı qurban kəsməyə apardığı, ancaq “Quran”da İsmaili apardığı qeyd olunur. Əgər dərin araşdırma aparsaydı, qədim mənbələrdə bu şəxsın İsmail olduğunu ,”Tövrat”ın da neçə dəfə təhriflərə məruz qaldığının şahidi olardı. Hətta Nuhun gəmisinin oturduğu Cudi dağının Ararat (Ağrı T.İ) dağı ilə əvəz olunması təhrifi də bu qəbildəndir. Yəhudilərin ərəblərlə konfliktləri, ərəblərin əcdadı misalında olan İsmailin adını, yəhudi hesab olunan İshaqın adı ilə əvəzlədi. Yəhudilərdə nəsil mənsubluğu ana tərəfdən götürüldüyü üçün  İbrahimin yəhudi Saradan olan oğlu İshaq yəhudi, ərəb Həcərdən olan oğlu İsmail ərəb hesab olunurdu. “Quran” isə heç bir təhrifə məruz qalmayıb. Bunun dəlil və sübutları mətləbdən kənar olduğu üçün qeyd etmirik. Allah müxtəlif dinlər göndərməyib. Allah bir din göndərib, tövhid-islam dini… Haqqa təslimiyyət dini,sülh dini,slamatçılıq dini. sonradan insanlar bu dini təhrif edərək adını və özünü dəyişdirib yəhudilik, xristianlıq, zərdüştilik və.s. çeviriblər”.
 
Tural İrfan deyib ki,  professor “Quran”da olan elmi həqiqətləri görməzdən gəlir: “İnkar etmək mümkün olmayanları isə Peyğəmbərin zəkasının məhsulu adlandırır. Gah da əvvəlki elmlərdən , kitablardan əxz olunan məlumatlar kimi qələmə verir. Qeyd edir ki, Peyğəmbərin ağlına bu fikirlər gəlirdi, ancaq o, elə bilirdi ki, bu fikirlər ona Allahdan gəlir... Bir şəxs ki,özünü tanımır , o,  bəşəri necə tanıya bilər ? Bir şəxs ki, ağlına gələn fikrin ona Allahdan gəldiyini və ya öz təfəkkürünün məhsulu olduğunu ayırd etmək qabiliyyətində deyil , o, necə fenomenal insan, mütəfəkkir ,peyğəmbər ola bilər? Özünü aldadan insan özgələri necə inandıra bilər? Əvvəlki kitablarda da əgər bunlar var idisə , deməli, o da Allahın vəhyi idi. O halda ki, Peyğəmbər deyənlərlə üst-üstə düşürdü. Lakin əslində o kitablardan Peyğəmbərin xəbəri-məlumatı yox idi. Elmə gəldikdə isə buyurun tarixə baxın, həmin dövrdə Ərəbistan yarımadasında, Peyğəmbər yaşadığı coğrafiyada onun bəhrələnə biləcəyi bir alim var idimi? Heç tarix yazan yox idi. Peyğəmbər dövrünə aid qeyri müsəlman tarixçisinin yazdığı bir cümlə də yoxdur tarixdə. Çünki o dövrdə elm ölmüşdü, yazı ölmüşdü. Niyə ehtimalla danışaq ki, tarix əlimizdədir...
 
Əgər fitri istedaddırsa ,niyə bu 124 min fitri istedad özlərini yalnız peyğəmbərlik iddiasında sınadılar? Və necə oldu ki, missiyaları da eyni oldu? Qeyd edim ki, bütün peyğəmbərlərin missiyası Tövhidə,axirətə inam vahid prinsipinə əsaslanıb,xırda şəriət fərqlikləri olub ki, bu da zaman və məkana , şəraitə görə müxtəlif olub.İndiki böyük fərqlər isə təhriflər nəticəsində meydana gəlib,bunun peyğəmbərlərə dəxli yoxdur”.
 
Ekspert hesab edir ki, Cəfər Quluzadə Sovet ateist ideologiyasının materialist təfəkküründən qurtula bilmədiyini göstərib: “Professor hələ də elmlə dinin mübarizəsini qeyd edir. Bu, tam yanlışdır. Mövhumatçı dindarların, təəssübkeş ruhanilərin, xurafatçı mollaların cəfəng fəaliyyətini dinin elmə qarşı hücumu kimi görmək ,dini bilmədən onu kor-koranə tənqid etməkdir. Tək “Quran”ı bir tərcümədən bir dəfə oxumaq islamdan xəbərdar olmaq demək deyil. Onda necə olurdu ki, Peyğəmbər Çinə getmək də gərəksə, elm dalınca getməyi əmr edirdi?”
 
“Dünyada  milyardlarla insan  ateizmi rədd edir”
 
Tural İrfan professora cavab olaraq onu da əlavə edib ki, “Quran” Allahdan vəhylə nazil olan bir hidayət kitabıdır: “”Quran” ayələri ilə peyğəmbər hədislərinin fərqi, üslubu , fəsahət müxtəlifliyi, bəlağət üstünlüyü, təbirlər və.s. sübut edir ki, “Quran” peyğəmbərin sözü deyil. O, ilahi bir vəhydir. Onu "uydurmağa" peyğəmbərin nə cəsarəti, nə istedadı, nə də savadı çatırdı. Onun istedadı olsaydı, oxuma - yazma öyrənərdi...İslam mənbələrini hərtərəfli, tam orijinaldan qərəzsiz araşdıran şəxs hökmən islama, Allaha, “Quran”a iman gətirəcəkdir. Dünyada materializm və ateizm çürük ağac misalındadır və dünya insanının təfəkkürünə yaddır. İdeya inama yaxın olmalıdır. Ateizm isə inamdan çox uzaqdır. Ona görə də hər yerdə küncə qısılmış vəziyyətdədir. Ayaq tutsa da, yeriyə bilmir. Dünyada milyardlarla insan ateizmi, materializmi rədd edir. 70 il Sovet təbliğat maşını işlədi,ancaq yenidən xalqımız öz islam əqidəsinə döndü. Çünki İslam fitri dindir.Yaradanı inkar edən çox şeyi inkar edə bilər”.
 
Alçina Amilqızı
Cebhe.info

Загрузка...
Загрузка...