Professor İlham Rəhimov: İstərdik fürsət ikən ordumuz Xankəndini götürsün

Hüquqşünas -alim: "Bizə yəqin oldu ki, erməni hərbi birləşmələri heç də həmişə deyildiyi kimi hərbi gücə malik deyillər, əksinə, yəqin oldu ki, Azərbaycanın güclü ordusu, ordunun isə yüksək ruhu var"
Qarabağ cəbhəsində hərbi eskalasiyanın artması ilə bağlı olaraq Musavat.com saytının əməkdaşı professor İlham Rəhomova sual ünvanlayıb:
 - Professor, Qarabağdakı qısamüddətli silahlı toqquşmadan sonra, təbii ki, həmin problemin həlli perespektivləri maraqlandırır. Artıq politoloqlar, siyasətçilər, həmçinin ictimaiyyətin nümayəndələri kütləvi informasiya vasitələrində mülahizələrini bölüşməyə başlayıblar, bizim ATƏT-dəki daimi nümayəndəmiz Qalib İsrafilov isə “Anadolu” agentliyinə verdiyi müsahibədə izah edib ki, Azərbaycan “5+2 formulu”nu dəstəkləyib və dəstəkləməkdədir. Bu məsələ ilə bağlı Sizin fikirinizi bilmək istərdik...
- Güman edirəm ki, bu yaxınlarda biz silahlı toqquşma deyil, hər iki tərəfin çoxsaylı itki verdiyi əsil hərbi əməliyyatların şahidi olduq. Əlbəttə çox istərdik ki, fürsətdən istifadə edərək hər cəhətdən üstünlüyə malik olan ordumuz Xankəndini əldə etsin. Görünür,  bizə məlum olmayan səbəblərdən ordunun irəliləyişi və hücum əməliyyatı dayandırıldı. Buna baxmayaraq bizə yəqin oldu ki, erməni hərbi birləşmələri heç də həmişə deyildiyi kimi hərbi gücə malik deyillər. Hətta əksinə, yəqin oldu ki, Azərbaycanın güclü ordusu, ordunun isə yüksək ruhu var. Hadisələr həmçinin bəzi siyasətçilərin, guya ermənilərin arxasında ordu deyil, Rusiyanın durduğu iddialarının səhv olduğunu sübut etdi. Mən həmişə demişəm ki, Rusiya heç vaxt müharibə həddinə çatmış münaqişələrə müdaxilə etməz.
İndi isə “5+2 formulu” barədə fikirlərimi bölüşüm. Bunun kimin ideyası olduğunu bilməsəm də, deyə bilərəm ki, bu bizim üçün qurulmuş bir "tələ"dir. Bu problemin ədalət prinsiplərindən irəli gələn həlli deyil, problemlə uzun illərdir məşğul olan beynəlxalq təşkilatların xülyasıdır və insanda belə bir fikir yaranır ki, onlar məsələnin necə həll olunmasına biganədirlər. Onların əsas məqsədi dünya ictimaiyyəti, həmçinin Azərbaycan və Ermənistan qarşısında problemin həllinə dair “hesabat”verməkdən ibarətdir, vəssalam.
Əsas etibarilə, söhbət problemin mərhələli həllindən gedir, yəni ilk növbədə beş, sonra daha iki rayonun işğaldan azad edilməsi, daha sonra, ucu-bucağı görünməyən bir vaxtda Dağlıq Qarabağda yaşayan əhalinin iradəsinə uyğun olaraq onun statusunun müəyyən olunması. Təsəvvür edək ki, biz beş rayonu azad etmişik və bu səbəbdən oradan didərgin düşmüş soydaşlarımız doğma yurdlarına qayıdıb ermənilərlə qonşuluqda yaşamalıdırlar. Belə olduğu halda həmin rayonlarda sülhməramlı qüvvələr yerləşdirilməlidir. Burada həmin sülhməramlı qüvvələrin kimə mənsub olacaqları sualı meydana gəlir: Rusiya, Amerika Birləşmiş Ştatları, yoxsa BMT qüvvələri? Ilk baxışdan sadə görünə bilən bu məsələ əslində olduqca prinsipial siyasi məsələdir.
Ortaya daha bir sual çıxır -yerdə qalan daha iki rayon - Laçın və Kəlbəcər nə vaxt azad olunacaq? Təsəvvür edin ki, bu məsələ də nə vaxtsa həllini tapacaq, lakin ən mühüm problem Dağlıq Qarabağın statusunun müəyyən olunmasının vaxtı və bu statusun Dağlıq Qarabağ əhalisinin iradəsinə uyğun, obyektiv həyata keçirilməsidir. Məhz buna görə, mən yuxarıda qeyd etdim ki, bu bizim üçün qurulan "tələ"dir və buna görə beş rayonun azad edildikdən sonra ikinci mərhələyə keçdi - qalan iki rayonun işğaldan qurtarmaq bizim üçün daha çətin, üçüncü mərhələnin - Dağlıq Qarabağın statusunun müəyyən edilməsinin həyata keçirilməsi, onun vaxtını hətta təxminən ehtimal etmək isə bu məsələni qeyri-mümkün edir.
Bunları nəzərə alaraq hesab edirəm ki, bizim üçün ən qəbul oluna bilən düstur "Dağlıq Qarabağın statusu +5+2 variant"ı, yəni, ilkin olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyən olunması, sonra beş, daha sonra isə qalan iki rayonun işğaldan azad edilməsidir. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, məhz bu düstur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyişməz mövqeyinə uyğundur. Əks halda, biz hazırda "5+2 formulu"na uyğun olaraq sazişə gedib status məsələsini qeyri-müəyyən vaxta saxlasaq, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar sakitləşib hesab edərlər ki, problem öz həllini tapıb və gələcəkdə bu məsələyə bir daha qayıtmazlar. Həmçinin ehtiyat edirəm ki, bu faktiki vəziyyətlə bizim bugünki gənc nəslimiz və gələcək nəsillərimiz də barışarlar.
Nəhayət, onu da qeyd etmək istəyirəm ki,  bu bizim tarixi seçimimiz, tarixi qərarımız olmalıdır. Buna görə də, ölkəmizin belə mühüm dövründə həmin seçim, həmin qərar xalqımızın ümumi rəyi əsasında qəbul olunmalıdır.