Professor ermənilərin önünə niyə çıxmadı? - Cavab

 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Şəki, Zaqatala, Balakən rayonlarında referendumla bağlı ictimaiyyət qarşısında çıxışları olduğuna görə sentyabrın 24-dən 29-na qədər davam edən Şərq numizmatikası mövzusuna həsr olunan İkinci Beynəlxalq “İCON II” konfransında iştirak edə bilməyib.
 
Bu barədə AMEA Tarix İnstitutundan Axar.az-a daxil olan məlumatda bildirilib. Həmçinin konfransın numizmatikaya həsr olunmasına görə AMEA tərəfindən bu tədbirdə görkəmli numizmatik Əli Rəcəblinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakının münasib bilindiyi qeyd edilib:
 
“Xatırlatmağı özümüzə borc bilirik ki, Yaqub Mahmudov həmişə ermənilərin önündədir. Nyu York, London, Saarbrüken, Roma, Los Anceles, Mexiko və b. şəhərlərdə Y.Mahmudovun erməni yalanlarını ifşa edən əsərləri çap olunub.
 
Tarix İnstitutu sözügedən konfransa dəvət olunmayıb və bu barədə institut heç bir rəsmi açıqlama verməyib. İnstitut ayrı-ayrı fərdlərin elmi müəssisə barədə açıqlamaları üçün məsuliyyət daşımır. Ə.Rəcəblinin başçılıq etdiyi nümayəndə heyətinin beynəlxalq konfransda iştirakı nəticəsində ermənilərin növbəti təxribatının qarşısı alınıb”.
 
Qeyd edək ki, bu gün AMEA-dan mediaya verilən açıqlamada sözügedən konfransda erməni təxribatının qarşısının alındığı bildirilib. Konfransda iştirak edən görkəmli alimlərimiz sırasında Yaqub Mahmudovun adının olmaması isə diqqət çəkib. Çünki Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimlinin millət vəkili Fazil Mustafaya ünvanlanan cavabında Y.Mahmudovun Peterburqa hazırlaşdığı, çıxış mətni üzərində işlədiyi, ermənilərin cavabını yerindəcə vermək üçün öz şəxsi kanallarından istifadə edərək, konfransda təmsil olunmaq istədiyi bildirilmişdi.