Problemli kreditlərin həllində hökumət niyə maraqlı deyil?

 
Ekspertlər bildirirlər ki, hökumət bankların digər problemləri ilə bağlı ciddi xərclərə gedib, çünki...
 
Ölkədə problemli kreditlərin çözülməsi istiqamətində addım atılmaması məsələni bir qədər də qəlizləşdirib. Ekspertlər ötən iki ilə yaxın müddətdə dəfələrlə və çeşidli təkliflər versələr də, nəticə olmayıb. Problemli kreditlərin həcmi isə artmaqdadır. 
 
Ölkədə manatla verilən vaxtı keçmiş kreditlərin həcmi 2016-cı il sentyabrın 1-nə 754,8 milyon manat təşkil edib ki, bu da avqustun 1-nə nisbətən 42,9 milyon manat və ya 6,02 faiz çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 85,4 milyon manat və ya 10,16 faiz azalıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,39 faiz bəndi, ilin əvvəlindən isə 0,98 faiz bəndi artaraq 8,62 faizə çatıb.
 
Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin həcmi avqustun 1-nə nəzərən 6,8 milyon manat və ya 4 faiz artaraq sentyabrın 1-nə 176,4 milyon manat təşkil edib. İlin əvvəlindən isə 91,8 milyon manat və ya 34,23 faiz azalma olub. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 13,3 faiz təşkil edib. Bir ay əvvəl bu göstərici 12,95 faiz, ilin əvvəlində isə 15,1 faiz olub.
 
Manatla uzunmüddətli kreditlərdə problemli kreditlərin həcmi isə sentyabrın 1-nə 578,4 milyon manat təşkil edib. Bu, avqustun 1-nə olan göstəricidən 36,2 milyon manat və ya 6,68 faiz artıqdır. İlin əvvəli ilə müqayisədə isə manatla uzunmüddətli problemli kreditlər sentyabrın 1-nə 6,4 milyon  manat və ya 1,12 faiz artım göstərib. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı sentyabrın 1-nə 7,79 faiz, ilin əvvəlinə 6,2, avqustun 1-nə isə 7,39 faiz təşkil edib.
 
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi avqustun 1-nə nisbətən 45,3 milyon manat və ya 5,71 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 169,7 milyon manat və ya 25,39 faiz artaraq sentyabrın 1-nə 838 milyon manata çatıb. Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi sentyabrın 1-nə 10,37 faiz, avqustun əvvəlinə 9,82, ilin əvvəlinə isə 6,2 faiz olub. Xarici valyutada olan vaxtı keçmiş qısamüddətli kreditlərin həcmi sentyabrın 1-nə 334,6 milyon manat təşkil edib ki, bu da avqustun 1-nə olan göstəricidən 2,7 milyon manat və ya 0,8 faiz azdır. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 29,8 milyon manat və ya 9,78 faiz artıb. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı sentyabrın 1-nə 14,53 faiz olub. Qeyd edək ki, keçən ay bu göstərici 15 faiz, ilin əvvəlində isə 8,6 faiz təşkil edib.
 
Xarici valyutada vaxtı keçmiş uzunmüddətli kreditlərin həcmi avqustun 1-nə nisbətən 48,1 milyon manat və ya 10,56 faiz, ilin əvvəlinə nisbətən 140 milyon manat və ya 38,51 faiz artaraq sentyabrın 1-nə 503,5 milyon manata çatıb. Bu kreditlərin xüsusi çəkisi isə sentyabrın 1-nə 8,71 faiz, avqustun 1-nə 7,82 faiz, 2016-ci ilin əvvəlində isə 5 faiz olub.
 
Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ölkədə problemli kreditlərlə bağlı real  statistikanı əldə etmək çox çətindir: “Belə ki, bir çox banklar öz iqtisadi göstəriciləri ilə bağlı mühüm məlumatları dərc  etmirlər. Bununla belə, hətta bu informasiya qıtlığı çərçivəsində problemli kreditlərin həcminin kəskin artması məlumdur. Müəyyən ekspert hesablamalarına görə, belə kreditlərin xüsusi  çəkisi ümumi kredit portfelinin təxminən 10 faizini təşkil edir ki, bunun özü yüksək göstəricidir. Fikrimcə, bu istiqamətdə  yaranmış problemlər tək qlobal iqtisadi böhranla deyil, bankların menecmentində və bütövlükdə bu sektorda mövcud olan ciddi qüsurlarla bağlıdır. Ümumiyyətlə, hesab edirəm ki, ölkədə bank sektorundakı çətinliklərin sistemli və institusional  əsasları var. Qeyd etmək lazımdır ki, risk-menecmentlə, risklərin idarə edilməsi ilə, eyni zamanda struktur disbalansla və iqtisadiyyatın bu istiqamətinin strateji prioritetləri ilə bağlı  konseptual yanaşmada bir çox banklarda nöqsanların mövcudluğunu qətiyyətlə bildirmək olar”.
 
Professor Elşad Məmmədov ile ilgili görsel sonucu
 
 
Ekspertin sözlərinə görə, hökumətin problemli kreditlərlə bağlı güzəştə getməməsinə gəldikdə isə, bunun bir çox səbəbləri var: “Əsas səbəblərdən biri ondan ibarətdir ki, hökumətin əslində bu  istiqamətdə imkanları məhduddur. Çünki bir sıra iri, sistem formalaşdıran bankların problemlərinin həlli hökumətin ciddi  xərclərə getməsinə səbəb olub. Digər tərəfdən, hazırkı  vəziyyətdə hökumət tərəfindən ümumilikdə, bu problemin  həllinin öz üzərinə götürməsi real deyil. Çünki bu, ciddi şəkildə dövlət xərclərinin artırılması deməkdir. Nəzərə almaq lazımdır ki, problemli kreditlərin qaytarılmaması depozitlərlə, kreditorlarla, o cümlədən xarici kredit mənbələri ilə bağlı vəziyyətin daha da acınacaqlı hala düşməsi və bir çox bankların  müflisləşməsi ilə nəticələnə bilər. Lakin bununla belə, bir məqamı nəzərə almaq lazımdır ki, prosesin dinamikası problemin həll olunmasını deyil, dərinləşməsini göstərir. Buna görə də zərərli aktivləri kritik həddə olan bankların təcili  şəkildə bazardan çıxarılması məqsədəuyğundur. Çünki onların gələcək fəaliyyəti həm dövlətə, həm əmanətçilərə, həm kreditorlara, həm də həmin banklara borcu olanlara əlavə zərərin dəyməsi ilə nəticələnəcək”.
 
E.Məmmədovun fikrincə, əslində problemi dərinləşdirən amil həm də xeyli dərəcədə ondan ibarətdir ki, bankların bir çoxunun fəaliyyətinin məzmunu ölkə iqtisadiyyatı üçün faydasız və son nəticədə zərərlidir: “Belə ki, bank sektorunun başlıca missiyası ölkə iqtisadiyyatında real dəyər yarada bilən sahələrin stimullaşdırılmasından ibarət olmalıdır. Reallıqda isə gördüyümüz kimi, ölkənin əksər banklarının fəaliyyətində bunu  müşahidə etmək olmur. Hesab edirəm ki, bank sektorunda təxirəsalınmaz islahatlar nəticəsində bankların sayı optimallaşdırılmalı, bank sektoruna inamın bərpasına yönəlmiş tədbirlər intensivləşməli, bankların real sektora doğru  yönəldilməsi təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, banklarda problemli kreditlərlə, depozitlərlə və digər bank xidmətləri ilə bağlı bütün tərəfləri qane edəcək qərarlar, təəssüf ki, yoxdur. Lakin bu məsələdə optimal olan qərarların qəbul  edilməsində aidiyyəti qurumlar qətiyyət nümayiş etdirməlidirlər ki, mövcud problemlərin həllində müsbət dinamikaya nail olmaq mümkün olsun”.