Prezidentlərin növbəti görüşü niyə gecikir? – Şərh

 
Ermənistan sülh istiqamətində ciddi addımlar atmaq istəmir.
 
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkilinin sözlərinə görə, Avropa və Amerikada fəaliyyət göstərən erməni diasporu hazırda iş başındadır:
 
“Ermənistanın dəstəyi xaricdən gəlir. Avropa və Amerikadakı erməni diasporu hazırda çox güclü iş başındadır və onlar daha sərt, millətçi mövqedədir. Çünki xaricdə fəaliyyət göstərən həmin təşkilatlar çox qorxurlar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, onların böyük bir münaqişədən əldə edəcəkləri qazancları da azalar. Ona görə də xaricdə yaşayan milliyyətçi erməni dairələr münaqişənin həllinə mümkün qədər öz mənfi təsirlərini göstərirlər. Bu da ona gətirib çıxarır ki, münaqişənin həlli ilə məşğul olan bir sıra ölkələr öz mövqelərində Ermənistana çox ciddi təzyiqlər göstərmilər. Mənə gəlir ki, Rusiya istəsə, yaxın müddətdə Ermənistanı müvafiq addımlara məcbur edə bilər. Lakin biz hələlik bunu müşahidə etmirik. Ona görə də istənilən görüşlər nəticəsiz yekunlaşır”.
 
Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda sonuncu görüşdən sonra Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə növbəti dəfə avqustda Parisdə, daha sonra isə ABŞ-da bir araya gələcəyi gözlənilirdi.