​“Prezidentin son təyinatları...” – Politoloqun şərhi

 
 
Azərbaycan hökuməti xeyli yeniləşib və cavanlaşıb. Prezident əsasən peşəkar və yeni kadrları işə cəlb edib. Bu, böyük irəliləyişdir.
 
Bu fikirləri Teleqraf.com-a politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin son təyinatlarını şərh edərkən bildirib.
 
Qabil Hüseynli qeyd edib ki, yeni hökumətin qarşısına fərqli məqsədlər qoyulacaq:
 
“Hesab edirəm ki, bu peşəkar hökumət ən ciddi islahatları həyata keçirməyə qadirdir. Onsuz da ölkənin ciddi islahatlara ehtiyacı vardı. Artıq kadr islahatları başa çatıb, struktur islahatlar başa çatmaq üzrədir. Fikrimcə, işlək və kifayət qədər yeniliyə köklənən, habelə dünyada gedən prosesləri dinamik qavramağa qadir olan hökumət formalaşıb.
 
Zənnimcə, hökumətin bundan sonra ciddi islahatlar həyata keçirmək və dinamik iqtisadi inkişafı təmin etməyək üçün potensialı var. Prezidentin son təyinatları irəliyə doğru atılan müsbət addımdır”.
 
Müsahibimiz qeyd edib ki, Azərbaycan regionun lider dövləti olsa da, çatışmazlıqlar da var:
 
“Qeyri-neft sektoru lazımı hədəflərə tam çata bilməyib. Ağır sənayenin inkişafına xüsusi diqqət yetiriləcək. SSRİ-dən qalma fabrik və zavodların çoxu işləmir, yeni fabrik və zavodlar, sənaye parkları asta templə qurulur. Bundan sonra Azərbaycan özünə lazım olan məhsulların çoxunu özü istehsal edəcək. Müdafiə Sənayesi Nazirliyi bu baxımdan nümunə ola bilər.
 
Azərbaycanda maşınqayırma sənayesinin inkişafına diqqət ayrılmalıdır. Düzdür, Gəncədə, Neftçalada avtomobil istehsal edən zavodlar var, amma bunlar da ancaq xaricdən gələn hissələrin yığılması ilə məşğuldur. Biz xammaldan tutmuş son məhsula qədər istehsal sektorunun dövriliyini özündə ehtiva edən müəssisələrin yaradılmasına istiqamətlənməliyik. Bunun üçün ölkənin potensialı var.
 
Azərbaycan artıq kosmos ölkəsinə çevrilib, orbitdə iki süni peykimiz var. Alimlərin, universitetlərin qarşısında nanotexnologiya istiqamətli məhsulların istehsalı üçün ciddi tələblər durur. Fikrimcə, yeni hökumət bu istiqamətdə addımlar atacaq”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...