“Prezidentin məmurlarla bağlı səsləndirdiyi tənqidlər publikaya hesablanıb” - ÖZƏL

Bu ölkədə büdcə oğurluğu da, korrupsiya da azaddır...”
Vidadi Mirkamal: “Yalnız bir qadağa var – ümumi pula toxunmamaq...”
Prezident İlham Əliyev cari ilin I rübünün yekunları ilə bağlı toplantıda məmurlar haqqında sərt ittihamlar ssləndirib. Bəzi məmurların nəhəng torpaq sahlərini zəbt etdiyinə diqqət çəkən ölkə başçısı, həmin məmurlar haqqında məlumatlı olduğunu, onlarla bağlı zəruri tədbirlər görüləcəyini bildirib.
Maraqlıdır, ölkə baçısının məmurlar haqqında səsləndirdiyi ittiham və hədələrin real nəticəsi olacaqmı? Yoxsa bu açıqlama da bundan öncəki tənqid və hədələr kimi söz olaraq qalacaq və məmurlara qarşı əməli cəzaya çevrilməyəcək?
Məsələ ilə bağlı Politika.Az-a açıqlama verən ehtiyatda olan ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal ölkə başçısının məmurlarla bağlı səsləndirdiyi hədənin söz olaraq qalacağına inandığını vurğuladı:
“Ölkə başçısnın məmurlarla bağlı səsləndirdiyi iradlar bu vaxta qədər məmurlar tərəfindən nəzərə alınmayıb. Lakin bunun müqabilində prezident onlara heç bir cəza verməyib. Bunun da çox adi bir izahı var. Prezident də, məmurlar da bu sistemin içərisindədirlər. Bu sistem korrupsioner bir sistemdir. Bu sistemin başında isə hazırkı hakimiyyət dayanır.
Ölkə başçısı gündəlik məmurlarla təmasdadır. Prezident yaxşı bilir ki, hansı məmur nə işlə məşğuldur, hansı qanunsuz hərəkətlərə yol verir. Ölkə başçısının məmurlarla bağlı səsləndirdiyi bu cür tənqidlər publika üçündür. Artıq cəmiyyət də bu irad və tənqidlərə inanmır. Bu sistemdə tam bir cəzasızlıq hökm sürür. Məmurlar büdcəni oğurlamaq, talamaq, korupsiya ilə məşğul olmaq məsələsində azaddırlar. Yeganə qadağa yığılan ümumi pula, ortaq pula əl dəyməməkdən ibarətdir. Bu puldan oğurluq etməməkdir. Bu baxımdan da hesab edirəm ki, prezidentin məmurlar haqqındakı hədə və iradları söz olaraq qalacaq və praktikada öz təsdiqini tapmayacaq”.