Prezidentin göstərişi Gədəbəyin icra başçısına aid deyil? - ÖZƏL

 
Gədəbəyin icra başçısına aid deyil?Ramiz Yediyarov sahibkarları bezdirib
 
“Ölkə başçısı bir müddət əvvəl məmurların, xüsusilə icra başçılarının qarşısında bir tələb qoydu ki, tək yerli yox, xarici sahibkarları da ölkəyə cəlb etmək lazımdır. Lakin görünən odur ki, Prezident İlham Əliyevin bu tələbi Gədəbəyin icra başçısına ya çatmayıb, ya da o, qulaqardına vurur”.
 
Bunu Politika.Az-a Gədəbəyin ziyalılarından biri deyib. Adının açıqlanmasını istəməyən həmsöhbətimiz bildirir ki, başçı Ramiz Yediyarov əvvəlki kimi yenə də sahibkarları incitməklə, onlardan haqq yığmaqla məşğuldur: “Bir müddət əvvəl Ramiz Yediyarovun bütün gücü ilə yerli sahibkarlara qənim kəsilməsi, onları incitməsi, iş adamlarından haqq yığması barədə faktlar yuxarılara da təqdim olundu, mediada da bu barədə yazıldı. Rayonun müxtəlif ərazilərində 43 nəfər sahibkara məxsus obyektlərin darmadağın edilməsi - özü də buna dair ortada heç bir məhkəmə qərarı olmadan - böyük ajiotaj yaratmışdı. Buna görə hətta başçının Prezident Administrasiyasına çağrıldığı da bildirilirdi. Lakin deyəsən, R.Yediyarov Gədəbəyi gözdən uzaq, könüldən iraq rayon bilir və öz bildiyi kimi davam edir. Gədəbəydə yenə həmin vəziyyət hökm sürür.
 
Başçıya yaxın olmayan heç bir sahibkar başını salıb öz işi ilə məşğul ola bilməz. Ona ən müxtəlif vasitələrlə təzyiqlər edilir, sonda məcburən ya işini dayandırır, ya rayonu tərk edir. Elə bu səbəbdəndir ki, Gədəbəydə işsizlik səviyyəsi digər rayonlarla müqayisədə daha çoxdur. Gədəbər turizm bölgəsidir, amma orda bir dənə də olsun normal turizm obyekti yoxdur, çünki rayonda infrastruktur inkişaf etdirilməyib. Rayona ayrılan vəsaitlərin hara xərclənməsi də ciddi araşdırılmalı mövzudur”.
 
Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatasının apardığı yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanan rayonlardan biri də Gədəbəy idi. Bildirilirdi ki, təxminən 15 icra hakimiyyəti, o cümlədən Gədəbəy İH tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə - smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən bəzi hallarda podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb, ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədlər və qanunvericilikdə nəzərdə tutulan digər məlumatlar alınmayıb, iddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, ödəmə qabiliyyətinin olması müəyyənləşdirilməyib, bir sıra hallarda isə eyni təşkilatlar qalib elan olunub və podratçı təşkilatlarla müqavilə bağlanıldığı tarixdən sonra satınalma prosedurları keçirilib.
 
Qeyd olunan şəhər və rayonlarda obyektlər üzrə aparılan tikinti və bərpa gücləndirmə işləri başa çatdırıldıqdan sonra su, istilik, kanalizasiya sistemlərinin sınağının keçirilməsi barədə müvafiq akt tərtib edilməyib. Qüvvədə olan qanunvericiliyə əsasən, investisiya xərclərinin dövlət orqanlarının və müəssisəsinin aktivlərinin artırılması üçün nəzərdə tutulan xərc kimi müəyyən edildiyi halda, əsaslı tikintiyə və əsaslı təmirə yönəldilmiş vəsait hesabına yaranan əsas fondların müvafiq qaydada uçota alınması təmin edilməyib. Obyektlərə baxış zamanı bir sıra hallarda quraşdırılmamış mebel və avadanlıqlar, həmçinin yerinə yetirilməyən tikinti – quraşdırma işlərin qəbulu haqqında aktlara daxil edildiyi müəyyən olunub.

Загрузка...
Загрузка...