​Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR

 
 
Kimya-biologiya Təmayüllü Respublika liseyinin müəllimi dövlət başçısına məktəb rəhbərliyindən şikayət etdi.
 
Bakı şəhəri Nizami rayonunda yerləşən Kimya-bilogiya Təmayüllü Respublika liseyinin müəllimi, Respublikanın əməkdar müəllimi Həcər Sadıxova  uzun illərdən bəri qüsursuz olaraq çalışdığı təhsil ocağından heç bir qanuni əsas olmadan kənarlaşdırılmasıyla bağlı dövlət başçısı İlham Əliyevə ünvanladığı müraciəti  Moderator.az-da yayımlamağımızı xahiş edib. Həmin müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:
 
“Cənab prezident!
 
Mən, Sadıxova Həcər Əhməd qızı 1949-cu ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri 190 saylı orta məktəbi bitirmişəm. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsinin bitirmişəm. 1972-1974-cü illərdə təyinatla Cəlilabad rayonu Sərhədabad kəndində biologiya fənnini tədris etmişəm.
 
1974-cü ildən hal-hazırki dövrə qədər  Kimya-biologiya Təmayüllü Respublika liseyində çalışaraq biologiya fənnini tədris edirəm. 2011- 2015-ci illər ərzində həmin liseydə təmayül fənləri üzrə direktor müavini vəzifəsində çalışmışam.  İşlədiyim müddət ərzində öz fənnimi sevərək, həvəslə tədris etmiş və aşağıdakı uğurlara nail olmuşam:
 
18.08.1987-ci ildə baş müəllim, 11.08.1988-ci ildə metodist müəllim, 15.08.1990-cı ildə ali kateqoriyalı müəllim adlarını almış və nəhayət, Sizin - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2014-cü il il tarixli sərəncamı ilə pedaqoji fəaliyyətimə yüksək qiymət verilələk “Əməkdar müəllim” adına layiq qörülmüşəm.
 
“Kimya-biologiya tədrisi” jurnalında dəfələrlə metodiki məqalələrim çıxıb.
 
“Azərbaycan müəllimi” qəzetinin 2 may 1986-cı il sayında haqqımda “Sənətinin vurğunu” adlı məqalə dərc edilib.
 
“Təhsil və zaman” qəzetinin 15 may 2004-cü il sayında həyat və fəaliyyətim barədə “Xoş təəssüratlar yaddaşda iz qoyur” başlıqlı  yazı dərc olunmuşdur.
 
2004-cü il aprel ayında Azərbaycan Dövlət radiosunda pedaqoji fəaliyyətim haqqında çıxış etmişəm.
“Respublika qəncləri” qəzetinin 31 may 2012-ci il sayında barəmdə “Şagird-müəllim haqqında” adlı məqalə dərc edilmişdir.
 
2004-cü ildə Azərbaycan Tibb Üniversitetində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən qəbul intahalarının biologiya fənni imtahanının qəbul komissiyasının tərkibində  olmuşam.
 
2005-ci ildə “Vektor ” Beynəlxalq Elmi Mərkəzi Mükafat komissiyasının qərarı  ilə “XXI əsr Azərbaycan Ziyalıları” Beynəlxalq Layihəsinin qalibi olub diplomla təltif olunmuşam və “XXI əsr Azərbaycan Ziyalıları” kitabında haqqımda məqalə dərc olunub.
 
2015-ci ildə həşr olunmuş  “Ziyalı ömrünün akkordları” kitabında haqqımda məqalə dərc edilmişdir.
Yeni, savadlı nəslin yetişdirilməsi sahəsində  əldə etdiyim nailiyyətlərdən aşağıdakıları da qeyd etmək olar:
 
Dəfələrlə şagirdlərim respublika fənn olimpiyadalarında I, II, III və IV yerlərə layiq görülmüşdür.
1997-ci ilin yayında Daşkənddə biologiya fənni üzrə keçirilən MDB ölkələri olimpiadasında sagirdim Əliyeva Könül yüksək yer tutaraq medala layiq qörülmüşdür.
 
Şagirdlərin təlim-tərbiyəsində əldə etdiyim nailiyyətlərə görə 2 təşəkkürnamə və 1 fəxri fərmanla təltif olunmuşam.
 
Qeyd etmək istəyirəm ki, məzunlarım  arasında xeyli sayda yüksək dərəcəli həkimlər vardır. Mərkəzi Klinikada çalışan ürək-damar çərrahı, tibb elmləri doktoru Kamran Musayev, ürək-damar çərrahı Vüqar Qapaqov, kardioloq, tibb elmləri namizadi Firdovsi İbrahimov mənim şagirdlərim olmuşlar. Və digərlərini də misal gətirə bilərəm.
 
İşlədiyim bu illər ərzində müdiriyyət tərəfindən heç bir töhmət və xəbərdarlıq almamışam, nöqsanlarım olmayıb, şagirdlərim məndən yalnız ali vətəndaş tərbiyəsi və yüksək elm  alaraq razı qalıblar.
Təəssüf ki, 12.09.2017-ci il tarixində liseyin hazırki müdiri Kamran Rəhimovun mənə dediyi sözlər dövlətimizin və xalqımızın ömrünün 45 ilini gənc nəslimizin təlim-tərbiyəsi və elmimizin inkişafına həsr etmiş bir pedaqoqa verdiyi dəyərlərlə daban-dabana zidd oldu. Bir təhsil ocağı rəhbərinin işdən çıxarılmağım üçün “əsas” gətirdiyi qondarma ittihamları eşidəndə dəhşətə   gəldim. 8 ay öncə I qrup üzrə hazırlaşmaq üçün sinfimdən çıxaraq sinfini dəyişən şagird Mehdili Nərminin vasitəsilə şər və böhtan ataraq məni ləkələməyə çalışırlar. Əgər həmin şagirdin dediyi sözlər doğrudursa, niyə bəs şikayətçi valideyn 8 ay əvvəl lisey rəhbərliyinə şikayət etməyib.  Yalnız indi  buraxdığı dərslərin çoxluğuna görə liseydən çıxarıldıqda şikayətçi olur. Şikayət məktubunda digər müəllimlər və liseydəki nöqsanlardan (günlərlə dərsə gəlməyən şagirdə bir qrup müəllim “qayıb” qoyur, amma bəzi müəllimlər onu dərsdə hesab edərək “qayıb” qoymur) da bəhs olunur. Bunlara rəğmən müqavilə ilə daha 2 il liseydə çalışa biləyəçim halda Kamran Rəhimov mənimlə müqavilə bağlamayaraq məni işdən azad etdiyini bildirib. 
 
Cənab prezident, məhz Sizin – Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq qörülmüş, pedaqoji fəaliyyətində heç bir nöqsanı olmayan, peşəkar və təcrübəli müəllimi əsassız, qanunsuz olaraq  işdən azad etmək nə dərəcədə doğrudur? Bu, dövlət başçısı kimi Sizin sərəncamınızın və bir vətəndaşın, müəllimin 45 illik məhsuldar pedaqoji fəaliyyətinin üzərindən xətt çəkmək deyilmi?
 
Möhtərəm Prezident! Xahiş edirəm, bu məsələni obyektiv araşdırıb bir vətəndaş və əməkdar müəllim olaraq  hüquqlarımın bərpa olunmasını təmin etmələri üçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz.
 
Hörmətlə,  Respublikanın əməkdar müəllimi Sadıxova Həcər Əhməd qızı”.
 
Kimya-bilogiya Təmayüllü Respublika liseyi rəhbərliyinin  sözügedən müraciətlə bağlı açıqlamalarını dinləməyə hazırıq.

Загрузка...
Загрузка...