​Prezident: “Xorvatiya-Azərbaycan münasibətləri Avrasiyada sabitliyə xidmət edəcək”

 
“Bir neçə gün əvvəl Xorvatiyada yeni hökumət formalaşıb. Yeni hökumət iş yerlərinin artırılması və ölkədə sərmayə qoyuluşu üçün daha yaxşı mühit yaradılması istiqamətində olduqca iddialıdır”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda söyləyib.
 
Xorvatiya prezidenti deyib ki, iki ölkə arasındakı müştərək iqtisadi komissiyanın fəaliyyətinə də təkan verilməlidir: “Komissiyanın ilk iclasının keçirilməsi üçün lazımi işlər görülməlidir. Komissiya ölkələrimiz arasında biznes əlaqələrini genişləndirəcək. İnanıram ki, Xorvatiyanın Azərbaycandakı ticarət nümayəndəliyi də uğurlu səfirlik statusu əldə edəcək. Biz Xorvatiyanın Azərbaycandakı səfirliyinin daha fəal olmasına çalışacağıq. Siyasi məsələləri bu səhər də müzakirə etdik. Düşünürəm ki, bizim münasibətlər daha geniş regionda, Avrasiya məkanında sülh və sabitliyin bərqərar olmasına xidmət edəcək”.
 
Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya enerji sektorunda əməkdaşlığa sadiqdir: “Enerji təhlükəsizliyi tək bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Cənub-Şərqi Avropada irəli sürdüyüm “3 dəniz” təşəbbüsü də olduqca vacibdir. Cənub-Şərqi Avropada qaz qovşaqlarının yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcək, insanların yaşayış səviyyəsini artıracaq. Ümid edirəm ki, İon-Adriatik qaz kəmərinin inşası, Xorvatiyada maye qaz terminalının inşası perspektivli layihələrdir. Bunlar Azərbaycan şirkətlərinin Xorvatiya ilə əməkdaşlıq etməsi üçün gözəl imkanlardır. Mən bu səhər SOCAR prezidenti ilə faydalı görüş keçirdim. İnsanlar arasında əlaqələr baxımından da maraqlı layihələr var”.
 
Xorvatiya prezidenti gəmiqayırma sahəsində əməkdaşlıq perspektivinə də toxunub: “Burada böyük bərə gəmilərdən söhbət getmir. Kiçik həcmli, mobil kater və gəmilərdən söhbət gedir. Bu gəmilər regional təhlükəsizlik baxımından da olduqca əhəmiyyətli ola bilər. Mühəndislik, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı, qida məhsullarının emalı sahəsində böyük təcrübəmiz var. Çox məmnunam ki, bu gün iş adamlarımız bu forumda birbaşa əlaqələr quracaqlar. Xorvatiya Ticarət Palatasına təşəkkür edirəm ki, məni və işgüzar dairələrimizi dəstəkləməkdə davam edir. AZPROMO-ya bu forumu təşkil etdiyi üçün təşəkkür edirəm. İnanıram ki, qarşılıqlı mübadilələr sayəsində işgüzar fəaliyyətin daha çox genişləndirilməsinin, eyni zamanda müxtəlif innovasiyaların və texnologiyaların mübadiləsinin şahidi olacağıq. Bizim müxtəlif sahələrdə təklif edəcəyimiz təcrübəmiz var. Minalardan təmizlənmə sahəsində böyük təcrübəmiz var. Biz bu sahədə aparıcı texnologiyaya malik ölkəyik. Təəssüf ki, Azərbaycanın bu sahədə müəyyən problemləri var. Biz bu sahədə də Azərbaycana yardım etməyə hazırıq. Əczaçılıq da sahəsində də geniş əməkdaşlıq imkanları var”.