Prezident idarəçiliyinin dünya təcrübəsi - Qubad İbadoğlunun yazısı

 
Tanınmış iqtisadçı Qubad İbadoğlu "Prezident idarəçiliyinin dünya təcrübəsi" ilə bağlı fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb.
 
İqtisadçı-alimin statusunu təqdim edirik: 
 
Şotlandiyada prezident olmaq üçün 16 yaşa, İtaliyada isə 50 yaşa çatmaq tələb olunur.
Avropa Şurası Venesiya Komissiyası (VK) sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər məqsədilə keçiriləcək referendumla bağlı rəyini açıqlayıb. VK rəyində diqqəti cəlb edən ən ciddi məqam təklif edilən düzəlişlərin bir çoxunun prezidentin səlahiyyətlərin artırılmasına yönəlməsidir. VK dövlət başısına vaxtından əvvəl prezident seçkilərini elan etmək, Milli Məclisi buraxmaq, təyinatlı vitse-prezidentlər institutunu yaratmaq səlahiyyətlərinin verilməsindən narahatdır.
 
Onlar hesab edirlər ki, bütün bunların nəticəsində hakimiyyətin qolları arasında balans pozula və onların bir çoxu müstəqilliyini itirilə bilər.
 
Bununla yanaşı, VK referendumun parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan, həm də çox qısa müddətdə keçirilməsini tənqid edib və layihə referenduma təqdim edilənə qədər hakimiyyətin onunla məsləhətləşmə aparmamasına təəssüf edib.
Göründüyü kimi, VK vaxt azlığından ən vacib məqamlara toxunub. Onlar arasında yaş limitinin ləğv olunması yoxdur. Çünki, bir çox ölkələrdə, xüsuslə də Avropa dövlətlərində - Danimarkada, Hollandiyada, Estoniyada, Fransada, Norveçdə, Almaniyada, Böyük Britaniyada yaş limiti çoxdan ləğv edilib, həmin ölkələrdə 18 yaşından, Şotlandiyada isə hətta 16 yaşından yuxarı hər bir vətəndaşa prezidentlik marafonuna qoşulmasaq hüququ verilib. Onların yanaşmasına görə, seçən hər bir şəxs həm də seçilmək hüququna malik olmaldır. Buna baxmayaraq, bəzi ölkələrdə isə yaş senzi çox yuxarı təyin olunub. Məsələn, Pakistanda, Fillipində, Türkiyədə prezidentlik üçün minimum yaş həddi 40 yaş, hətta İtaliyada 50 yaş müəyyənləşdirilib. Dünyanın əksər ölkələrində isə yaş həddi 35-dir.
 
Prezidentlik müddətinə gəlincə, prezidentlər bir çox ölkələrdə, o sıradan Tacikistanda (2 dəfə ardıcıl), Qırğızıstanda (yalnız 1 dəfə), Özbəkistanda (2 dəfə ardıcıl), İrlandiyada (yalnız 1 dəfə), İsraildə (yalnız 1 dəfə), Qabonda, Ekvatorial Qvineyada və Kamerunda (həmişəlik) 7 ildən bir seçilirlər.
 
 
 
Efiopiyada və Uqanda da prezidentlik müddəti uyğun olaraq 6 və 5 il müəyyən edilsə də onlarda da prezident üçün seçim müddətinə məhdudiyyət aradan qaldırılıb. Zimbabvedə əvvəllər prezident istədiyi qədər seçilmək imkanına malik olsa da, 2013-cü ildən tətbiq olunan konstitusiya dəyişikliklərinə görə, bu ölkədə prezident hər dəfə 5 il olmaqla ardıcıl surətdə 2 dəfə seçilə bilər. Bu sahədə ən maraqlı təcrübə Qazaxıstana məxsusdur. Bu ölkədə prezidentlik müddətinə limit ilk prezident istisna olmaqla digərlərinə tətbiq olunacaq.
Vitse-prezidentlik institutlarına gəlincə, bu daha çox Cənubi Amerika dövlərtlərinə (Braziliya, Argentina, Kolumbiya, Meksika və s.) və ABŞ üçün xarakterikdir. Lakin, bu ölkələrin hər birində vitse-prezidentlər seçilirlər. Azərbaycanda təklif olunan yeni idarəçilik qaydalarına görə, vitse-prezidentlər prezident tərəfindən təyin olunacaq.
 
1-ci vitse-prezident prezident səlahiyyətini idarə edəndə parlamenti buraxmaq səlahiyyətinə malik olacaq. Yəni, bu halda təyinatlı şəxs seçkili strukturu buraxa bilər. Bu isə nəinki demokratik idarəçiliyə ziddir, həm də absurddur.