“Poroşenkonun səfəri sübut etdi ki, Rusiya…”

Azərbaycan Ukraynanın Şərqə yolunu aça bilər.
 Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. O bildirib ki, Poroşenkonun Bakıya səfəri iki ölkə arasında əməkdaşlığın konturlarını müəyyənləşdirdi:
 “Prezident İlham Əliyev Ukrayna şirkətlərinə Azərbaycanın tranzit imkanlarından yararlanmağı təklif etdi. İndi əsas məsələ yüklərin daşınması üçün münasib tariflərin müəyyənləşdirilməsidir. Bakı Odessa-Brodı layihəsinin reallaşdırılmasında maraqlıdır. Azərbaycan hazırda neftinin əsas hissəsini Ceyhan limanı üzərindən üçüncü ölkələrə, o cümlədən Avropaya satır. Odessa-Brodı layihəsi Azərbaycan neftinin Avropa bazarına çatdırılmasında alternativ imkan yaradacaq. İndi vacib olan iki ölkənin rəsmiləri arasında dialoqun intensivliyinə nail olmaq və hökumətlərarası komissiyanın mütəmadi iclaslarını keçirməkdir. Azərbaycan-Ukrayna əməkdaşlığı Rusiya əleyhinə yönəlməyib. Bunu Poroşenkonun Azərbaycana səfəri də göstərdi. Poroşenkonun Cənubi Qafqazda ilk olaraq Azərbaycana səfər etməsi ondan xəbər verir ki, Kiyev ortaq layihələri və bundan əldə edə biləcəyi iqtisadi dividentləri məhz Bakı ilə əməkdaşlıqdan əldə edəcəyini anlayır”.
 Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Bakıda ilk rəsmi səfərdə olub. Çox məhsuldar keçən görüşdə iki ölkə arasında qarışlıqlı maraq doğuran məsələlər, xüsusilə hərbi, iqtisadi əməkdaşlıq, ticarət və nəqliyyat imkanlarının inkişaf etdirilməsi müzakirə edilib.