Poroşenkonun Bakı səfəri Rusiyanın qəzəbinə səbəb ola bilərmi? - ÖZƏL

Qabil Hüseynli: “Hər işə bu cür yanaşsaq, onda gərək heç bir iş görməyək”
Məlum olduğu kimi, Ukrayna prezidenti Petro Poroşenkonin cari ilin 14 iyul tarixində ölkəmizə səfəri nəzərdə tutulur. Maraqlıdır, Rusiya ilə hərbi-siyasi qarşıdurmada olan Ukraynanın dövlət başçısının Bakı səfəri Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə, Kremlin qəzəbinə səbəb ola bilərmi?
Məsələ ilə bağlı Politika.Az-a açıqlama verən politoloq Qabil Hüseynli Rusiya-Ukrayna konfiliktini bu dövlətlərin öz arasındakı məsələ olduğunu vurğulayıb:
“Ukrayna və Rusiya arasındakı konfilikt sözügedən dövlətlər arasındakı məsələdir və Azərbaycan bu konfiliktə qarışmır. Sadəcə olaraq, Azərbaycan bundan öncə də bəyan etmişdir ki, o, dövlətlərin, eləcə də Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu prinsipə hörmət edir.
Azərbaycan müstəqil dövlət kimi dünyanın digər dövlətləri ilə ikitərəfli münasibətləri özü qurur. Azərbaycanın hansı dövlətlə necə münasibət qurması onun öz işidir və heç bir dövlət buna müdaxilə edə bilməz. Poroşenkonun Bakı səfəri də Ukrayna-Azərbaycan münasibətləri çərçivəsində reallaşan səfərdir və Rusiya buna qarışa bilməz. Əgər biz hər işə bu cür yanaşsaq, üçüncü bir dövlətin atacağımız hansısa addımdan narazı qalacağını, qıcıqlanacağını və s. nəzərə alsaq, onda gərək heç bir iş görməyək”.