Polşa: NATO Rusiya ilə “güc” dilində danışmalıdır

Polşanın müdafiə nazirinin müavini Tomaş Şatkovskiy hesab edir ki, NATO Rusiya ilə "güc üzərində əsaslanan dildə" danışmalıdır.
Bu barədə Turaninfo.az  Reuters-ə istinadən xəbər verir.
T.Şatkovskiy qeyd edib ki, Rusiya Qərblə münasibətlərində soyuq müharibə dövrünə məxsus terminalogiyadan istifadə edərək danışır.
Onun fikrincə, Rusiyanın belə hərəkətlərinin qarşısını almaq üçün onun "düşüncə tərzinə uyğun cavab vermək lazımdır".
Daha əvvəl Pentaqon Rusiyanın Su-24 qırıcı təyyarələrinin Baltik dənizində ABŞ-ın Donald Cook hərbi gəmisinin yanından alçaq yüksəklikdə "aqressiv" şəkildə uçmasının videogörüntülərini yayımlayıb.
Ağ ev nümayəndəsi Coş Ernest bildirib ki, ABŞ administrasiyası USS Donald Cook gəmisinin yanından rusiya qırıcılarının təhlükəli uçuşları barədə məlumatlandırılıb və onların "hərbi davranış normalarına uyğun olmadığını" hesab edir.
İnsident aprelin 20-də səfirlər səviyyəsində keçiriləcək Rusiya-NATO Şurasının iclasında Şimali Atlantik Alyans tərəfindən qaldırılacaq.