Politoloq:"Brüssel terrorunu İŞİD-ın törətdiyinə şübhə yoxdur"

Bu gün Belkiçanın paytaxtı Brüsseldə baş verən terror aktı dünya gündəmini bir anda dəyişdi. Artıq bütün ölkələr həyəcan və qorxu içərsində Belçikada yaşanan faciənin izləyicisinə çevriliblər.
Brüssel terroru ilə bağlı ilkin versiyalar meydana çıxıb. Ekspertlərin fikirləri, demək olar ki, üst-üstə düşür. Əksəriyyət terrorda İŞİD-ın əlaqəsinin olduğunu iddia edir.
Politoloq Şahin Cəfərli musavat.com-a istinadən turaninfo.az-a bildirib ki, Brüssel terrorunu İŞİD-ın törətdiyinə şübhə yoxdur: "Brüsseldə baş verən terror aktları beynəlxalq terrorizm təhlükəsinin miqyasını və imkanlarını bir daha bütün dünyaya nümayiş etdirdi. Törədilən terror aktlarının bir neçə gün əvvəl Paris terrorunun təşkilatçısı Salah Abdeslamın Belçika polisi tərəfindən həbsinə cavab olduğu barədə şərhlər var. Lakin məsələ bu qədər bəsit deyil. Belə bir terror aksiyalarının bir neçə gün ərzində planlaşdırılıb həyata keçirilməsi imkansızdır. Şübhə yoxdur ki, bu terrora uzun müddət hazırlıq aparılıb".

Politoloq Brüsselin hədəf seçildiyinin təsadüf olmadığını söylədi: "Terrorçuların Avropanın mədəni mərkəzi sayılan Parisdən sonra siyasi mərkəz olan Brüsseli hədəf alması qətiyyən təsadüf deyil. Bu şəhər Avropa Birliyinin paytaxtıdır və dünyanın  ən qüdrətli hərbi blokunun mərkəzi qərargahı burada yerləşir.
Terrorun yüksək səviyyəli diplomatların, dövlət xadimlərinin çox sıx istifadə etdiyi Brüseel hava limanında, eləcə də Avropa Birliyi qurumlarına yaxın metro stansiyasında törədilməsi dövlətlərin asimmetrik təhdidlər qarşısında hələ də aciz olduğunu, kifayət qədər effektiv mübarizə mexanizmləri qura bilmədiyini ortaya qoyur. Bu məsələdə beynəlxaq əməkdaşlıq həyati əhəmiyyətli zərurətdir. 11 sentyabr 2001-ci ildə ABŞ-da baş vermiş terrordan sonra bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi dövlət və hökumət başçıları tərəfindən davamlı olaraq vurğulanır. Doğrudan da beynəlxalq terrorizm artıq elə səviyyəyə çatıb ki, dövlətlərin və müxtəlif dövlətlər qrupunun ayrılıqda bu təhdidlə mübarizəsi lazımi effekti vermir. Terrorçuluqla mübarizədə qlobal miqyaslı əməkdaşlığın zəruriliyi ortadadır. Dövlətlər bu məsələdə həm də səmimi olmalıdır.
Təəssüf ki, biz bəzi Avropa dövlətlərinin siyasətində bu səmimiyyəti görmürük. Məsələn, PKK terror təşkilatı bir neçə gündür Brüsselin mərkəzi meydanında çadır qurub və öz təbliğatını aparır. Türkiyənin etirazları hər hansı nəticə vermir, çünki Belçika hökuməti bu məsələyə insan hüquq və azadlıqları kontekstindən yanaşır və oraya toplaşan kürdlərin öz fikirlərini ifadə etdiyini bildirərək buna mane ola bilməyəcəyini söyləyir. Ümumiyyətlə, Qərbdə bir çox dairələr (media da daxil olmaqla) kürd separatizminə simpatiya ilə yanaşır və bunu milli-azadlıq mübarizəsi və yaxud öz müqəddəratını təyinetmə hüququ kimi qiymətləndirir. Eyni zamanda, Qərb Yaxın Şərqdə yavaş-yavaş konturları ortaya çıxan və gələcəkdə qurulması gözlənilən kürd dövlətinin onun müttəfiqi olacağını düşünür. PKK-nın ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınmasına baxmayaraq, ona qarşı mübarizədə Türkiyəyə lazımi dəstəyin verilməməsinin əsas səbəbi budur. Sadə dildə desək, Qərb “mənə toxunmayan ilan min yaşasın” məntiqi ilə siyasət yeridir, halbuki “ilanın ağına da lənət, qarasına da” məntiqi ön planda olmalıdır. Nə qədər ki, bu qəti mövqe və səmimiyyət yoxdur, terrorun qarşısını almaq mümkün olmayacaq".
Şahin Cəfərli gələcəkdə bu tipli terror aktlarının davamlı ola biləcəyini də vurğuladı:"Terror təhlükəsinin güclənməsinin başqa bir səbəbi Yaxın Şərqdə cərəyan edən hadisələr, mərkəziyyətçiliyin zəifləməsi və bəzi dövlətlərin çöküş mərhələsinə girməsidir. Bu kataklizmlər Türkiyəyə və Avropaya güclü miqrant axınının yaranmasına səbəb olub və terrorçuların həmin miqrantların arasına qarışaraq Avropaya sızması asanlaşıb. İraq və xüsusən Suriya problemlərinin tezliklə həll olunması vacibdir, əks halda orada yaranmış hakimiyyət boşluğu və terrorizm üçün əmələ gəlmiş münbit zəmin terror ixrac etməyə davam edəcək".
Sonda politoloq ölkəmizin terror təşkilatlarının hədəfinə gəlməmək üçün atmalı olduğu addımlardan da söz açdı: "Beynəlxalq terrorun Azərbaycana yaratdığı potensial təhlükələrə gəlincə, arzu edək ki, ölkəmiz heç vaxt beynəlxalq terror şəbəkəsinin hədəfinə çevrilməsin. Çünki böyük dövlətlərin - Avropanın, Amerikanın, Rusiyanın, terrorla mübarizədə zəngin təcrübəyə malik qardaş Türkiyənin bu təhlükə ilə mübarizədə üzləşdikləri çətinlikləri görürük. Xüsusən də, Yaxın Şərq mənşəli terror metodu – canlı bombalar vasitəsilə törədilən terror aktlarına qarşı preventiv mübarizə həddən artıq çətin vəzifədir, güclü hüquq-mühafizə və kəşfiyyat strukturlarına malik dövlətlər belə bununla bacarmırsa, Azərbaycan nə edə bilər? Biz təbii ki, terrora qarşı beynəlxalq əməkdaşlıqda iştiraka davam etməliyik, bu işə öz töhfəmizi verməliyik. Lakin bununla yanaşı, açığı, həm də elə etməliyik ki, beynəlxalq terror şəbəkəsinin diqqətini özümüzə cəlb etməyək və onların qəzəbinə tuş gəlməyək".