​Politoloq rüşvətxor məmurlara səsləndi - "Ay Allahın heyvanları, az yeyin, ehsan deyil"

 
 
 Son zamanlar əsas müzakirə mövzularından biri də icra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələdir
 
Dekabrın 6-da keçirilən Milli Məclisin iclasında bu mövzu barədə müzakirə aparılıb. Millət vəkili Fəzail Ağamalı rayonların ləğv edilib yerində quberniyaların yaradılması təklifini irəli sürüb. Fəzail Ağamalı fikrini onunla əsaslandırıb ki, bu idarəçilik sistemi daha çevik və səmərəlidir.
 
İcra hakimiyyətlərinin ləğvi və icra başçılarının fəaliyyəti barədə fikirlərini politoloq Zərdüşt Əlizadə ölkə.az-la bölüşüb:
 
"Quberniyaların yaradılması ilə icra hakimiyyətlərinin ləğvi arasında böyük fərq var. Biri inzibati ərazi islahatıdır, o biri sadəcə inzibati islahatdır. Əgər icra hakimiyyətləri ləğv ediləcəksə iki variant var: Birincisi onlara vali, xan, bəylərbəyi adı verilir. Ancaq icra hakimiyyətləri institutu qalır. İkinci, ümumiyyətlə icra hakimiyyətləri ləğv edilir. Belə olanda bələdiyyə islahatı keçirilməlidir. Özünü idarə edən bələdiyyələr haqqında qanun qəbul edilməlidir. Bütün səlahiyyət, o cümlədən, vergilərin 50 faizi, gəlirlərin çoxu bələdiyyələrə qalmalıdır. Bələdiyyələr ərazidə mütləq hakim olmalıdır. Bu da inzibati ərazi bölgüsü və ölkənin demokratikləşməsi deməkdir. Bu o deməkdir ki, Bakıda oturan bəziləri artıq ölkəni qarət edə bilməyəcəklər.
 
İnzibati ərazi islahatına gəldikdə isə, biz Rusiya və yaxud Avropa deyilik ki, "quberniya" sözü işlədilsin. Quberniya sistemi ilk dəfə Azərbaycanda 19-cu əsrdə Çar Rusiyası dövründə tətbiq edilib. Bu islahata gəldikdə isə, bunu Azərbaycan müxalifəti çoxdan səsləndirib. Onlar bu fikri elmə istinad edərək səsləndiriblər. İdarəçilik haqqında elm var. Bu elm deyir ki, bir mərkəzdən 6-7 obyekti, subyekti idarə etmək olar. 6-7 obyektdən informasiya gəlir. Bu informasiyaları təhlil edirsən və bunun əsasında düzgün qərar çıxarırsan. Azərbaycanda inzibati ərazi vahidlərinin sayı 80-dan yuxarıdır. Bu qədər informasiyanı təhlil etmək olmur, düzgün qərar vermək mümkün olmur.
 
Bizim deputatlar özlərindən heç vaxt, heç nə deməzlər. Onlara nə göstəriş verirlər, onlar da onu deyir. Bəzi hallarda müzakirələr zamanı təhlükəni görən, öz gələcəklərini düşünən deputatlar etiraz səslərini qaldırmağa başlayırlar. Onlar canlarının halına qaldığı üçün düşündüklərini, həqiqətləri dillərinə gətirirlər. Yevda Abromov deyir ki, bir məmurun neçə villası olar? Deputat bunu düz deyir. Hər hansısa səviyyəsiz məmur "O olmasın, bu olsun"dakı keçi kimi kisəyə girişib, başın salıb aşağı büdcəni basıb yeyir. Onların qulağından tutub demək lazımdır ki, "ay Allahın heyvanları, az yeyin, bu, ehsan deyil". Oradan qoçu Əsgər gəlir ki, gülləni qarnına dolduraram. Bu icra başçılarının qulağından tutmaq olmur.
 
İcra başçılarının mülkləri barədə məlumat açıqlanmalıdır. Onların qulağını mütləq çəkmək lazımdır".

Загрузка...
Загрузка...