Politoloq: “Bunu Moskvada da eşitdilər...”

Əgər Rusiya münaqişənin yenidən alovlanmasını istəmirsə, onda müəyyən nəticə çıxarmalı və Ermənistana təzyiqlər edilməlidir.
 Bu sözləri Axar.az-a Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən politoloq Fikrət Sadıqov deyib.
 Onun sözlərinə görə, görüş konstruktiv keçib və müəyyən razılıq əldə olunub:
 “Bu illər ərzində belə bir qənaətə gəlmək olar ki, genişmiqyaslı olmasa da, hər halda müxtəlif lokal döyüşlər hazırki şəraitdə qaçılmaz olaraq qalacaq. Əgər Ermənistana təzyiq etməyəcəklərsə, əlbəttə ki, Azərbaycanın əl-qolu açıq olacaq. Çünki Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsinə nail olmaq istəyir və bunu heç vaxt gündəmdən çıxarmayıb. Biz həmişə sülhün tərəfdarı olduğumuzu demişik. Sankt-Peterburq görüşü zamanı Prezident İlham Əliyev də bildirdi ki, status-kvo dözülməzdir, belə qala bilməz və Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Əlbəttə ki, bunu Moskvada da eşitdilər. Əgər Rusiya münaqişənin yenidən alovlanmasını istəmirsə, onda müəyyən nəticə çıxarmalı və Ermənistana təzyiqlər edilməlidir. Düşünürəm ki, tərəflər Peterburqda hansısa müəyyən razılığa gəlib. Hiss olunur ki, danışıqlar konstruktiv keçib və bunu aparıcı dövlətlərin rəsmiləri də təsdiqləyib. Mənə elə gəlir ki, bu danışıqlardan sonra hansısa addımlar gözləmək lazımdır. Çox istərdim ki, biz belə bir vəziyyətə gəlib çataq”.
 Politoloqun sözlərinə görə, görüş zamanı Madrid prinsipləri əsasında mərhələli həll təklifi müzakirə olunub:
 “Xüsusilə, yenilənmiş Madrid prinsiplərinə görə, Azərbaycan mərhələli şəkildə sülhə razılıq verir. Madrid prinsiplərinə əsasən, Ermənistan qoşunlarını Dağlıq Qarabağdan çıxarır, rayonlar qaytarılır, insanlar geri qayıdır və daha sonra hüquqi status müzakirə olunur. Kazan formulu ilə Madrid prinsipləri arasında elə də böyük fərq yoxdur. Biz həm diplomatik, həm də siyasi yollarla yekun razılaşmaya nail olmalıyıq”.
 Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub. Prezidentlər danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəliblər. Görüşün yekun bəyanatında atəşkəs rejiminə riayət olunması xüsusi vurğulanıb.