Polisin tutduğu avtoş məmur oğlu çıxdı – Video

Xəbər verdiyimiz kimi, mayın 19-da, axşam saatlarında Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin “saxla” əmrinə tabe olmayaraq üstünə maşın sürən sürücü saxlanılıb.
 Axar.az xəbər verir ki, Nicat Nurpaşa oğlu Abdullayevi təxminən 8 DYP avtomobili, 20-yə yaxın yol polisi əməkdaşı təqib etsə də, o, təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində avtoxuliqanlıq edib.
 Paytaxt polisini bir-birinə vuran sürücü yaradılan süni tıxac vasitəsilə saxlanılıb.
 Yoxlama zamanı onun sərxoş olduğu məlum olub. Bundan başqa, heç idarə etdiyi maşın da özünün olmayıb. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib.
 Mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Nicat Abdullayev 20 gün inzibati həbs cəzasına məhkum edilib və Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
 Avtosfer.az-ın apardığı araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O, nazirliklərin birində yüksək vəzifə tutur. Eyni zamanda, turizm sektorunda da fəaliyyət göstərir. Avtoxuliqanın atası geniş biznes şəbəkəsinə malikdir. Nicat Abdullayev ötən il də avtoxuliqanlıq edərək saxlanıldığı üçün məhkəmə qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıbmış. Lakin mayın əvvəlində həmin müddət başa çatdığı üçün sürücülük vəsiqəsini yenidən əldə edə bilib.