​ Polis reanimasiyada olduğunu dedi, meyitini morqdan tapdılar… ŞOK FAKTLAR

Polis bölməsində ölən gəncin anası: “Üzünü açanda gördüm ki, Zaurun ağız-burnu qan içərisindədir”
 
Polis bölməsində daha bir müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, mayın 12-də Xəzər rayon, Şüvalan qəsəbəsi, Almaz İldırım 6 ünvanında yaşayan Soltanov Zaur Səxavət oğlu Xəzər rayon Polis İdarəsinin 1saylı polis şöbəsinə çağırılıb və orada müammallı şəkildə dünyasını dəyişib.

Bu qətl hadisəsi ilə bağlı araşdırma aparan “Hürriyyət”in əməkdaşına mərhumun valideyinləri bildirib ki, Zaur bölməyə ifadə vermək üçün çağırılıb və o da öz şəxsi maşını ilə polis bölməsinə gedib. Az sonara isə onlara Zaurun öldüyü barədə xəbər verilib.
 
“Ölümün səbəblərini ört-basdır etməyə çalışırlar”

 
Mərhumun anası Mirnisə xanım deyir ki, oğlunu səbəbsiz yerə və bilərəkdən öldürüblər və ölümün səbəblərini də ört-basdır etməyə çalışırlar: “Təqribən saat 12 olardı, mən yas mərasimindən evə gəlirdim. Darvazanın girişində üç polis maşınının dayandığını və həyətdən səs-küy gəldiyini eşitdim. Həyətə daxil olanda ğördüm ki, bir neçə nəfər polis əməkdaşı həyətdə dayanıb, o biri oğlumun həyət yoldaşından Zaurun harada olmasını soruşurlar. Gəlinim onlara dedi ki, Zaur burada yaşamır, Zauru nə üçün axtarırsınız? Polislər az qalmışdı gəlinimə hücum çəksin. Ona kobudcasına, elə yüksək tonla qışqırırdılar ki, sanki Zaur cinayət törədib gizlənibmiş.
Mən nə baş verdiyini anlamayaraq, onlara yaxınlaşıb bunun səbəbini soruşdum. Polislər dedilər ki, Zaur mütləq bizimlə polis bölməsinə getməlidir. Biz də dedik ki, Zaurun evi başqa yerdədir, bizimlə yaşamır.
Onlar getdikdən sonra mən zəng edib Zaura dedim ki, polislər səni axtarır. Həmin vaxt Zaur öz evindəydi, yatmışdı. Məndən soruşdu ki, niyə gəliblər, axı mən nə etmişəm ki, evə üç maşın polis gəlsin?! Dedim, bilmirəm. Dedi, ana, narahat olma, mən indi gedirəm polis bölməsinə, məsələyə aydınlıq gətirərəm. Dedim, Zaur, getmə, atan gələr, birgə gedərsən. Dedi, yaxşı.
Atasına zəng etdim, dedim polis Zauru axtarır. Nə olar polis olanda, adam gərək səbəbini bilə ki, polis səni nə əsasla axtarır. Bir də zəng vurdum ki, Zaur, hardasan, dedi polisə gedirəm. Yalvardım ki, tək getmə. Dedi, nə etmişəm ki, məni tutsunlar? Elə bil ürəyimə dammışdı ki, Zaura nəsə olacaq. Polisə tək getməsini istəmirdim. Ancaq sözümə baxmadı və getdi.
Bu da nəticə! Balam evdən sağ getdi, evə cənazəsi gəldi. Mənim balamı öldürməklə, sinəmə dağ çəkdilər. Kaş qoymazdım balam tək başına polisə getsin. Bilsəyidm ki, bu faciə baş verəcək, özüm də onunla bərabər bölməyə gedərdim”.
 
Polis 3 nəfər şikayətçi olduğunu deyib, amma...
 
Mirnisə xanım deyir ki, Zaurun evlərinə yaxın yerdə paltar dükanı var. Polislərdən bir neçəsi dükana gedib, biri isə dükanın qarşısında maşında gözləyirmiş. Dükanın qarşısında həmin polis deyib, gəl polis maşını ilə gedək, Zaur deyib ki, öz maşınımla gəlirəm: “Yəni Zaur onu niyə polisə apardıqlarlndan tamamilə xəbərsiz olub. Zaur getdikdən sonra o biri qardaşına dedim ki, getsin, görsün onu niyə bölməyə çağrıblar. İkinci oğlum polisə əmisi oğlu ilə gedib görüb ki, Zauru içəri salıblar. Ən maraqlısı da bölmədə Zaurdan başqa 3 nəfər də kənar şəxs olub. Həmin vaxt oğluma və əmisi oğluna deyiblər ki, bu adamlar Zaurdan şikayət ediblər. Nə haqda şikayət edildiyini soruşduqda polis deyib ki, sorğu-sual etməyin və bölməni tərk edin. Yəni ikinci oğlumu və əmisi oğlunu bölmədən qovublar. Ordakı 3 nəfəri isə içəri buraxıblar, guya ki, həmin uşaqlar Zaurdan şikayət ediblər. Oğlum da əmisi oğlu ilə bölmədən uzaqlaşıblar.
Mən Zaur gedəndən sonra əmilərini çağırdım ki, polisə gedin, görün onu niyə çağrıblar? Əmilərini ikisi getdi. Onlar bölməyə çatanda soruşublar ki, Zauru niyə bura çağırmısız? Polislər deyiblər ki, Zaur yoxdu, onun ürəyi gedib vəfat edib…”.
 
“Zaur polis idarəsinə sağlam gedib”
 
Mirnisə ana deyir ki, 28 yaşlı oğlu bir dəfə də olsun səhhətindən şikayətlənməyib: “O, Murovda hərbi xidmətdə olub. İndi mən Zaura “ürək keçməsindən öldü” deyən həmin o polislərə sual verirəm: ürəyində qüsuru olan adamı hərbi xidmətə apararlarmı? Əlbəttə ki, yox. Berlə olduğu halda polisin açıqlamasını necə başa düşmək olar? Zaur polis idarəsinə sağlam gedib. Ikinci oğlum əmisi oğlu ilə gedib, sağlam görüblər. Əmiləri gedəndən sonra oğlum əmisi oğlu ilə gəlib dedi ki, bizi polislər ordan qovdular, Zauru da buraxmadılar. Gəldi, zəng etdi əmisinə. Soruşdu ki, nə oldu, Zauru buraxmadılar? Əmisi dedi ki, biz burdayıq, polislər deyir ki, Zaurun ürəyi gedib, amma biz bilirik ki, onlar yanlış məlumat verirlər, Zauru vurublar, indi ölüb-sağdı, onu dəqiq bilmirik. Mən də durdum “Zaurum” deyib saçımı yoldum. Bu vaxtı yodaşım işdən gəldi, hadisəni bildikdə, onun da ürəyi getdi”.
 
Polis reanimasiyada olduğunu dedi, morqdan tapdılar…
 
Məlumata əsasən, polislər bəd xəbəri əmilərinə verdikdən sonra da onları içəri buraxmayıblar: “Bu məhlədə yaşayan hamıdan soruşa bilərsiniz ki, Zaur necə insan idi?! Zaura hər kəs hörmət edirdi, indi onun ölümünə hamı ağlayır, istər kişi, istərsə də qadını olsun. Necə ola bilər ki, uşaq öz maşını ilə getsin polisə və çox qısa vaxt ərzində birdən-birə polisdə ürəyi getsin?
Xəbəri eşidəndə qohum-əqraba ağlaya-ağlaya getdik polis idarəsinin qabağına. Biz onlardan tələb etdik ki, uşağı verin. Onlar bizi görüb, özlərini elə aparırdılar ki, sanki hadisədən xəbərsizdilər. Biz onlardan soruşduq ki, Zaur hanı? Ölüb,qalıb, bizə cavab verin? Həmin polis bölməsinin qoçuları bizə dedilər ki, Zaurun ürək keçməsindən halı özündə olmadığından, məcbur olub yaxınlıqda yerləşən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdik.
Bunu eşitmək dəhşət idi, bu qədər adam polisin qarşısında ola-ola heç kimə demirdilər ki, sənin uşağını öldürüb morqa aparmışıq. Atası həmin vaxt onların dediyi xəstəxanaya getdi və Zaurun cansız cəsədini morqda tapdı. Sən demə, Zaur heç reanimasiyaya-filan yerləşdirilməyib, igidimi bilərəkdən döyüb, qanına boyayıb, öldürüblər. Ölüm səbəbini də gizlətməkdən ötrü Zaurun meyitini həmin polis bölməsinə yaxın xəstəxanada özlərinə məxsus morqa göndəriblər ki, istədikləri rəyi ala bilsinlər.
Belə düşmənçiliyi heç kim eləməz. Müsəlman olan kəs bir azərbaycanlının başına bu hadisəni gətirər?”
 
“İstəyim odur ki, haqq-ədalət öz yerini tapsın”
 
Mirnisə xanım deyir ki, ekspertizanın rəyi də saxtadır: “Düzünü deyim, bu barədə heç nə bilmirəm, tək bildiyim odur ki, hadisə baş verdiyi gündən mən “ölmüşəm”. Amma təqribən bilirəm ki, ekspertizanın rəyin yoldaşım bilir. Mənə demirlər ki, dözməyib daha da pis olaram. Mənim balam onsuz da getdi, o, qayıdan deyil! İstəyim odur ki, haqq-ədalət öz yerini tapsın.
Polis bizi qorumalıdır, amma Azərbaycanda bunun tam əksidir! Polis günahsız insanı döyüb-öldürər? Əgər, mənim uşağım vətən yolundan şəhid olsaydı, bu qədər yanmazdım. Əksinə, bəlkə də fəxr edərdim ki, igid balam vətən uğurunda şəhid oldu. Amma biləndə ki, onu döyüb öldürüblər, bunu artıq sözlə ifadə etmək mümkün deyil. Mənim sağlam uşağımı apardılar, üstümə meyitini göndərdilər. Kim edibsə, cəzasını alsın.
Oğlum 29 yaşına təzə keçmişdi. Onun 4 yaşında Nurayın atasız qoydular...”
 

“Həyatımın ən dəhşətli günləri hələ qarşıdadır...”
 
Mərhumun anası deyir ki, Zaur öldüyü günün gecəsi onun qızı Nuray səhərə qədər “Atam hanı? Mən atamı istəyirəm” deyərək, durmadan ağlayıb: “Çünki Zaur Nurayı dörd il müddətində bir dəfə də olsun tək qoymamışdı. O, körpə balasını hər gecə qucağına alaraq özü yatızdırırdı. Ona görə də, balaca balam, atasına çox bağlanıb.
Həyatımın ən dəhşətli günləri hələ qarşıdadır, o günləri yaşayacağımı biləndə, bir anlıq ölmək istəyirəm. Atasız yaşayan, gözü yaşlı körpəni hər gün görən, bir ananın taleyini fikirləşin. Necə olacaq?! Danışmağa söz tapa bilmirəm. İllər keçəcək zaman-zaman, bir gün Nuray böyüyüb mənə deyəcək ki, Nənə, atam haradadır? Məni atama aparın. Bu sözləri eşidəndə onda biz atasız körpəyə nə cavab verəcəyik? Nuraya nə bəhanə gətirəcəyik ki, körpəyə təskinlik verək?!
“Bəs hadisəylə bağlı polis hansısa açıqlama verib?” sualına Mirnisə ana “Polis nə deyəcək? Deyəcək ki, Zauru bilərəkdən mən öldürmüşəm? Əlbəttə, özünü təmizə çıxarmaqdan ötrü, “ürəyi gedib” deyəcək” – cavab verdi.
 
“Zaur namaz qılan, Allahı başının üstünə görən olub”
 
Həmsöhbətim deyir ki, oğlu Zaur əvvəldən ticarətə meylli olub: “Özünə məxsus paltar dükanı vardı, özündən başqa da bir satıcısı var. İki dəfə də dükanına oğurluğa girmişdilər. Dedim Zaur dükanın yarılıb, polisə ərizə ver. Dedi, mən heç kimi polisə verə bilmərəm ana, bəlkə tanış adamdı, imkanı yoxdu.
Zaur namaz qılan, hər zaman Allahı başının üstündə görən olub və hər cümləsinin əvvəlində də, sonunda da, “inşallah” sözünü dilindən əskik etməyib. O, imkanı daxilində maddi durumu zəif olan insanlara yardım edirdi. Borc istəyənin əlilni boş qaytarmazdı. Hətta borc alan adama verdiyi pulu geri istəmirdi. Deyirdi ki, ana bəlkə yoxudu, utanır deməyə. Mənim oğlum əsl kişilərdən olub, nə yazıq ki, onu bu həyatda yaşamağa qoymadılar, canına qıydılar, balasını atasız, gözüyaşlı qoydular”.
(Ardı var)
Ülviyyə Xəlil