Polis bölməsində ölən gəncin anası: “Oğlumu döyüb öldürüblər”

“Üzünü açanda gördüm ki, Zaurun ağız-burnu, başı qan içərisindədir, boğazında barmaq izləri var idi”.
 
Azərbaycanda polis bölməsində daha bir müəmmalı ölüm hadisəsi baş verib. Xəbərlərdə deyildiyi kimi ötən gün Bakının Şüvəlan qəsəbəsi sakini Zaur Soltanov ifadəsi alınmaq üçün Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət olunub. Şəxsi maşını ilə polis bölməsinə gələn  Z.Soltanovun bir müddət sonra orada ölməsi barədə yaxınlarına məlumat verilib. Mərhumun yaxınları isə övladlarının döyülərək öldürüldüyünü iddia edirlər. Hadisəni araşdırmaq üçün Şüvəlan qəsəbəsinə yollandıq, Zaur Soltanovun ailəsinin yaşadığı evi tapdıq, onun valideyinləri ilə söhbətləşdik.
 
Soltanovlar ailəsi virtualaz.org saytına açıqlamasında Zaura polis bölməsində zor tətbiq edildiyini, onun aldığı xəsarətlərdən öldüyünü bildiriblər: “Yazıblar ki, guya Zaurun ürək qüsuru olub. Ağ yalandır. Oğlum heç vaxt səhhətindən şikayətlənməyib. Murovda hərbi xidmətdə olub. Ürəyində qüsuru olan adamı hərbi xidmətə apararlarmı?”
 
Mərhumun anası Mirnisə Soltanova deyir ki, mayın 12-də saat təxminən 12 radələrində evlərinə polis əməkdaşları gəlib və Zaurun harada olduğunu xəbər alıblar. M.Soltanova polis əməkdaşlarından oğlunu nə səbəbə axtardıqlarını soruşduqda Zaurun cinayət törətdiyini deyiblər.
 
“Üç maşın polis gəlmişdi. Dedilər ki, Zaur cinayət törədib, onu aparmağa gəlmişik. Gəlinim polislərə dedi ki, Zaura deyərik özü gələr polis bölməsinə. Bundan sonra polis əməkdaşları getdilər. Zaura zəng vurub evimizə polislər gəldiyini, onu axtardıqlarını xəbər verdim. Amma polisə getməməyi, atasını gözləməyi tapşırdım. Elə bil ürəyimə dammışdı. Polisə tək getməsini istəmirdim. Sözümü eşitmədi. Zaurun arxasınca qaynım Əfrail Soltanov və oğlum Sücəddin polis bölməsinə getdilər. Qaynım zəng vurub dedilər ki, Zaurun ürəyi gedib, xəstəxanaya aparırıq”-Mirnisə Soltanova deyir.
 
Zaurun əmisi, onun ölüm xəbərini alandan sonra polis bölməsinə yollanan Əfrail Soltanov isə  bunları bildirir: “Zaurun aparıldığı Polis Bölməsinin həyətinə girəndə gördüm ki, meyiti yerdə uzadıblar, üzünü örtüblər. Üzünü açanda gördüm ki, Zaurun ağız-burnu, başı qan içərisindədir, boğazında barmaq izləri var idi. Polislər bizi itələyib bölmədən çölə çıxartdılar”.
 
Ə.Soltanov deyir ki, hadisədən iki həftə əvvəl Şüvəlan qəsəbəsində, Zaura məxsus mağazadan oğurluq edilib. Zaur özü bu barədə sahə müvəkkilinə şifahi müraciət edib. İki gün əvvəl isə  Bayram adlı polis əməkdaşı Zaurun telefonuna şəkil göndərib ki, mağazadan oğurluq edən şəxslər bunlardır: “Zaur da şəkildəki  şəxsləri (Afəddin və Elməddin Hüseynovları nəzərdə tutur) tapıb onlarla dalaşıb. Hüseynov qardaşları isə döyülmələri ilə bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət ediblər. Zauru bölməyə bu səbəbdən çağırıblar”.
 
Zaura məxsus mağazada satıcı işləyən Sədaqət Teymurova deyir ki, Bayram adlı polis əməkdaşı həqiqətən mağazaya gəlib və telefonda iki nəfər şəxsin şəklini ona göstərib, tanıyıb-tanımadığını soruşub. Satıcı da polis əməkdaşına həmin şəxsləri tanımadığını bildirib.
 
Zaurun anası onların ailələrinin adından mətbuatda yazılanları təkzib edir: “Yazıblar ki, guya oğlum ürək xəstəliyindən əziyyət çəkib. Guya dayısı Əlihüseyn Zeynalov deyib ki, Zaurun ölümünə səbəb də bu olub. Mənim Əlihüseyn adında qardaşım yoxdur. İki qardaşım var. Birisi rəhmətə gedib, digər qardaşım Tofiq Cəfərov isə Rusiyada yaşayır. Əlihüseyn Miriyev adında bir qohumumuz var. O da həmin gün polis bölməsinə getməyib”.
 
Mərhumun atası Səxavət Soltanov övladının ölüm faktının dərin araşdırılmasını, ona işgəncə verib öldürən şəxslərin tezliklə tapılmasını və məsuliyyətə cəlb olunmasını istəyir:”Mənim ümidim bir tək ölkə başçısınadır. Ondan başqa heç kimdən bizə kömək olunacağına inanmırıq”.
 
Ölüm hadisəsinin baş verdiyi 1 saylı polis bölməsindən isə növbətçi bildirib ki, Z.Sultanov bölməyə izahat verməyə çağırılıb. Növbətçinin dediyinə görə, məsələ ilə bağlı qarşı tərəf, yəni Z.Sultanov tərəfindən döyüldüklərini deyən şəxslər  izahat verdiyindən o, həyətdə gözləyirdi. Növbətçi qeyd edib ki, izahat verən şəxs çıxdıqdan sonra Z.Sultanov çağırılacaqdı. “Amma həyətdə qarşı tərəfin adamları oturduğu yerdə qəfildən halı pisləşdi və vəfat etdi”,-deyə növbətçi bildirib.
 
Növbətçi onu da bildirib ki,hadisə yerinə təcili yardım çağırılıb. Onun dediyinə görə, həkimlər qeyd ediblər ki, ölümə ürək çatışmazlığı səbəb olub.
 
DİN-in yaydığı açıqlamada isə deyilir ki, vətəndaş Sultanovun vəziyyəti polis bölməsinin həyətində olarkən qəfildən pisləşib və o, vəfat edib. Faktla bağlı cinayət işinin qaldırıldığı barədə məlumat yoxdur.
 
Z.Sultanovun isə 5 yaşlı oğlu yetim qalıb. Sultanovların evində olarkən diqqətimizi bu fakt da cəlb etdi ki, oğlunun polis bölməsində döyülərək öldürüldüyünü deyən ata ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin barəsində kitabların çapına maddi dəstək verib. Evin isə hər yerini indiki və keçmiş prezidentin fotolarını bəzəyir…