Poladovun yeni rolu, Oksananın ruscası, İlhamənin gəlişi...

 
Yenicə kinoteatrlara buraxılan “Mələyin öpüşü” filmini izləməyə getdim.
 
Filmin əsas istehsalçısının rəqqasə Oksana Rəsulova olduğunu bilirdim. Oksana, adətən, hind rəqsləri, hind filmləri ilə tanındığı üçün bu filmin də “indiskiy” olacağını gözləyirdim. Lakin film məni yanıltdı. Bəzi nöqsanları görməzdən gəlsək, deyə bilərəm ki, günümüzün ən uğurlu filminə baxmış oldum.
 
Ən azı bəsit söz yığınından ibarət şit zarafatlar əsasında quraşdırılmış ssenarilərə çəkilən “komediya” fimlərindən sonra bu film bizə lazım idi.
 
Rejissorun özünəməxsus görüntü tərzi, fərdi üslublu keçidlər, darıxdırıcı olmayan ssenari, həyatdakı intriqası ilə maraqlı olan keçmiş ər-arvadın oynadığı sevgili obrazları, yalnız lazım olan yerlərdə işlənən musiqi parçaları, xalq artisti Fuad Poladovun əvəzsiz oyunu filmin yaxşı keyfiyyətləri idi.
 
Mənfi məqamları da unutduran xüsusi keyfiyyətləri qoyaq bir kənara. Tərif heç kimə lazım deyil. Zatən tənqid ediləsi məqam azdır. O üzdən bunu sadəcə müzakirə adlandıraq.
 
Biblioqrafik təsvir
 
Filmin istehsalçı şirkəti baş rol ifaçısı Oksana Rəsulovanın rəhəri olduğu “Oksimedia Prodakşn”dır. 2017-ci il istehsalı olan “Mələyin öpüşü” filmində baş rollarda Oksana Rəsulova (Cahan), onun keçmiş həyat yoldaşı reper Elşad Xose (Elxan), xalq artisti Fuad Poladov (Elxanın atası), aktrisa Münəvvər Əliyeva (Elxanın anası) çəkilib.
 
Filmin ideya müəllifi Nərgiz Qasımova, ssenari müəllifləri Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanoğlu, quruluşçu rejissoru Əskər Əli Hacızadə, operatoru Elman Əliyev, quruluşçu rəssamı Xatirə Hüseynəliyeva, icraçı prodüseri İsmayıl Bağırovdır.
 
Qısa məzmun
 
“Mələyin öpüşü”nü bir neçə ay öncədən məzmununa görə “1+1”, “Anjaam”, “Görüşənə qədər” filmlərinə bənzədirdilər. Məsələn, “Görüşənə qədər” filmində də “Mələyin öpüşü”ndə olduğu kimi eynilə iş axtaran gənc qız əlil oğlana baxıcı kimi işə başlayır və onların arasında sevgi yaranır.
 
Lakin “1+1” filmi “Mələyin öpüşü”nə çox da bənzəmir. Ən azından ona görə ki, fransızlar dərin mətnaltı mənalar çatdıran mükəmməl bir komediya çəkib. Elə əlil arabasını gördüyümüz hər filmi “Mələyin öpüşü”nə bənzətmək olmaz.
 
Filmin qısa məzmunu budur: Elxan varlı ailənin ərköyün oğlu olduğu üçün davranışlarına görə daim valideynləri ilə qarşıdurmadadır. Son kəs valideynləri ilə dava edib evin arxa qapısından çıxır. Həmin vaxt qəzəblə çıxıb gedən atası isə maşını arxaya verərkən öz oğlunu vurur. Elxan ayaqlarını itirir. Lakin o, əzizlərinə vicdan əzabı çəkdirmək üçün özünü həm də iflic olmuş biri kimi göstərməyə çalışır. Özünü vəhşi heyvan kimi aparır, otağından çölə çıxmır, anası və atasını isə aylarla otağa buraxmır. Qısası, öz ağlınca valideynlərinə dərs verir.
 
Gənc qız Cahanın isə atası xəstədir. O, atasını yaşatmaq üçün çoxlu pul qazanmalıdır. Buna görə iş axtarır. Təsadüfən Elxana baxmaq üçün onu məsləhət görürlər. Elxan indiyə kim 6-7 baxıcı dəyişib. Çünki hamı ilə tərbiyəsizcəsinə rəftar edir. Cahan isə onunla başqalarından fərqli olaraq xəstə kimi yox, normal insan kimi davranır.
 
İki gənc arasında saf sevgi yaranır. Valideynləri də Cahanın Elxanı yaxşıya dəyişdiyinin şahidi olurlar. Sonda Cahanın atası dünyasını dəyişir, buna görə o, artıq işə də qayıtmır. Sonda Elxan özündə güc tapıb Cahan üçün sağalmağa çalışır, müalicələrə başlayır və hətta valideynləri ilə barışıb onları özünə yaxın buraxır. Gedib baxıcısını tapır. Sonda iki gənc qovuşur.
 
Xırda nüanslar
 
Film ciddi və dramatik hadisə ilə başlayır. Bəlkə də filmin ən müsbət xüsusiyyəti budur. Ssenaridə boşluq yoxdur. Bu mənada yaradıcı heyətə yüngülvari alqış düşür. Hadisələr insanın əhvali-ruhiyyəsinə təsir göstərə bilir. Evin qulluqçusunun gərgin hadisələrin baş verdiyi evin mətbəxində qaşıqları yerə dağıtması belə gedişatdakı həyəcanı göstərir.
 
Lakin Oksananın rusdilli nitqi ciddiyəti pozur. Azərbaycanca yaxşı danışmır, fikri yayındırır və çox vaxt sanki öz sözlərini kağız üzərindən oxuyurmuş təəssüratı bağışlayır. Nə olsun ki, rəhbərdir? Onun səsini başqasının səsləndirməsini rica etmək olardı. Dünya kino təcrübəsində bu var. Ən tanınmış aktyor və aktrisalar belə hər filmdə obraza uyğun bir səslə çıxış edirlər.
 
Filmdə bir epizod var. Cahan Elxanın ayaq dırnaqlarını tutur, bu vaxt onun yeməyini gətirirlər və Cahan əlini quru salfetlə silib, yemək yeməyə və Elxanı yedirməyə başlayır.
 
Elxanın ayaq barmaqlarına toxunduqdan sonra onun yemək yeməyə başlaması az da olsa, ürək bulandırır. Buna “zadumka” donu geyindirmək belə mümkün deyil. Çünki lazımsız və olmaması gərəkən bir məqamdır.
 
Daha sonra bəyənmədiyim bir məqam rejissorun Cahanın qəzəbini nümayiş etdirdiyi lazımsız bir variantı idi. Hər dəfə Cahan hirslənəndə od, alov və s. göstərilməsi filmi çizgi filminə bənzədirdi. Mən şəxsən o kadrları montaj edib çıxarardım. Lazımsız qrafiki təsvirlər filmin ciddiyyətini azaldır.
 
Aylarla oğluna yaxın durmağa həsrət qalan ananın reaksiyası da əvvəl mənə natamam gəlirdi. Yəni Elxanın anasını oynayan Münəvvər Əliyevanın lazım olduğundan daha az reaksiya verdiyini, onun quru oynadığını düşünürdüm. Lakin daha sonra bəzi elementlər onun doğru oyununu təsdiqləmiş oldu. O, oğluna məktub yazır... Mən məktubu oğlunun yanında olsa belə, onun üzünə həsrət qalan və bu səbəbdən için-için ağlayan bir ananın yazmasını gözləyirdim. Lakin əvəzində məğrur və soyuq baxışlarla kağıza zillənən bir ana obrazı gördüm. Bu zaman mimikanın sıfra bərabər olmasından öz-özümə gileylənməyə başlayacaqdım ki, məktubda yazılan və səsləndirilən bir cümlə fikrimi dəyişdi:
 
“Gör nə vəziyyətdir ki, bir evin içində yaşaya-yaşaya sənə məktub yazıram və artıq ağlaya da bilmirəm”.
 
Bu cümlə aktrisanın düzgün oyununu təsdiqləmiş oldu. Həm daim ətrafında qulluqçuları olan, əlini ağdan-qaraya vurmayan, problem görməyən və nə istəsə anında əlinin altında olan bir zəngin, aristokrat qadın obrazı ən yaxşı halda belə olmalı idi.
 
Təsdiq demişkən, filmdə kiçik yaşlarından bəri Cahanın əlində gəzdirdiyi yadigar kuklası da element kimi yaxşıdır, amma təsdiqini tapmır. Ən azından mən bunu duymadım.
 
Detallar
 
Elşadla Oksananın bir zamanlar həyatda sevgili olduğunu hamımız bilirik. Onların vaxtilə ər-arvad kimi nikah bağladığından və daha sonra ayrıldığından da xəbərimiz var.
 
Bu filmdə sözügedən cütlük sevgili obrazında çıxış edirlər. Məncə, filmin əsas tapıntısı elə budu: Həyatda yaşanmış bir detalı filmə gətirmək ən düzgün variant idi. Elxanı Elşad Xose yox, məsələn, Natavan Həbibi ilə evlənən reper Dado oynasaydı, film bu qədər baxılmazdı. Tamaşaçını toplamağın və filmə cəlb etməyin ən asan üsulu da budur. Çünki biz millət olaraq, hər zaman başqalarının həyatı ilə dərindən maraqlanan olmuşuq. Bu mənada bu çox önəmli nüans idi.
 
Filmə Fuad Poladov, Şamil Süleymanov kimi kino ustalarını gətirmək də ağıllı fikirdir. Çünki film tutmasa belə, ən azından bu aktyorların adına görə filmin çəkisi olacaqdı.
 
“Mələyin öpüşü”nün ən gözlənilməz məqamı isə müğənni İlhamə Qasımovanın ortaya çıxması oldu. Epizodik rol olsa da, tanınmış sima olduğu üçün bu fraqment də yadımda qaldı.
 
Yekun
 
“Mələyin öpüşü” bu gün üçün yaxşı filmdir. Çünki kino vitrinimizdə ortaya çıxası başqa bir variantımız yoxdur. Varsa da çox azdır. Lakin bircə onu deyə bilərəm ki, “Mələyin öpüşü”, “Sara”, “Don Marleone” kimi filmlərimizin olması sevindirici haldır. Azərbaycan kino sənayesi inkişaf yolundadır. Bəsit və dırnaqarası komediya ssenarilərini kənara qoyub ciddi filmlər çəkməyə başlamaq lazımdır.
 
10 ballıq şkalaya əsasən, qiymətləndirmə etsək, “Mələyin öpüşü” 7-dən aşağıda deyil.
 
Müəllif: Könül Əlibəyli

Загрузка...
Загрузка...