​“Əpl”da Səddam Hüseyn qalmaqalı: şirkət üzr istədi

 
Dünyaca məşhur “Əpl” şirkəti böyük qalmaqala imza atıb.
 
Axar.az xəbər verir ki, şirkət İngiltərənin Birminqem şəhərində yaşayan 26 yaşlı Şəraqət Hüseyn adlı şəxsdən Səddam Hüseyn olmadığını təsdiq edən sənəd tələb edib.
 
Nüfuzlu “San” qəzetinin yaydığı məlumata görə, Hüseyn “Əpl” mağazasından bacısına telefon alıb. Lakin bacısı hədiyyə istəmədiyini deyəndən sonra Hüseyn telefonu geri qaytarmaq qərarına gəlib.
 
Mağaza 799 funt-sterlinqin kifayət qədər böyük məbləğ olduğunu, müştərinin yalnız bank hesabına köçürə biləcəklərini deyib.
 
Hüseyn şəxsi hesabı haqda mağazaya məlumat versə də, bir müddət pul köçürülməyib.
 
Lakin günlərin birində Hüseynin elektron poçtuna “Əpl” mağazasından qəribə mesaj gəlib.
 
Mesajda iki uşaq atası olan Hüseyndən 2006-cı ildə edam edilən İraqın keçmiş lideri Səddam Hüseyn olmadığını təsdiq edən sənəd tələb olunub.
 
Bu hadisə İngiltərə mediasında yayıldıqdan sonra böyük səs-küyə səbəb olub. Rəsmi açıqlama verən “Əpl” şirkəti Şəraqət Hüseynin adının qara siyahıya düşmə ehtimalı olduğunu bildirib. Buna baxmayaraq müştəridən üzr istəyən şirkət pulu dərhal ödəyəcəyinə söz verib.