​“PKK-nın qaçmağa yeri qalmayacaq, çünki...”

Natiq Miri: “Yaxın gələcəkdə PKK-ya qarşı irimiqyaslı əməliyyatlar keçiriləcək”
 
 
Türkiyə mətbuatının verdiyi məlumata görə, yaxın gələcəkdə İran və Türkiyə İraq ərazisindəki PKK-ya qarşı birgə hərbi əməliyyatlar təşkil edə bilər.
 
Maraqlıdır, İran və Türkiyənin birgə anti-PKK əməliyyatları sözügedən terror qrupunun ciddi şəkildə neytrallaşdırılması ilə nəticələnə bilərmi? Birgə hərbi əməliyyatlar PKK-nın yaxın gələcəklə bağlı aqibətinə nə vəd edir?
 
Moderator.az -a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin prezidenti, politoloq Natiq Miri İran-Türkiyə birgə əməliyyatının PKK-ya yaxşı heç nə vəd etmədiyini vurğulayıb:
 
“PKK bu günə qədər ona görə bitirilməyib ki, ona böyük güc mərkəzləri bütün mənalarda ciddi dəstək veriblər. PKK-dan Türkiyəyə qarşı zaman-zaman istifadə olunub. Hətta silah və maliyyə baxımdan bəzi region dövlətləri PKK-ya dəstək də verib. Lakin bu gün regionda tamamilə fərqli bir geosiyasi şəkillənmə mövcuddur. İran və Türkiyənin PKK ilə bağlı atdığı bu addımın arxasında ABŞ-ın regionu yenidən şəkilləndirmə planı durur.
 
İran və Türkiyə tərəfi əmindir ki, PKK kimi terror təşkilatlarına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə ehtiyac var. Əgər belə bir həmrəylik olmasa, o zaman PKK-dan həm Türkiyə, həm də İrana qarşı istifadə olunacaq və regionda ABŞ-ın süni şəkildə cırtdan bir Kürdüstan təşəkkül tapacaq. İraq ərazisində təşəkkül tapan bu dövlət İran, Türkiyə, Suriya ərazisində də müəyəyn gərginliklərin yaranmasına səbəb olacaq.
 
Bildiyiniz kimi, İranın baş qərargah rəisi 10 generalla birlikdə Türkiyəyə səfər etdi. Yaxın zamanlarda Türkiyənin də Baş Qərargah rəisinin  İrana səfəri gözlənilir. Düşünürəm ki, yaxın gələcəkdə PKK-ya qarşı həm havadan, həm də qurudan irimiqyaslı əməliyyatlar keçiriləcək. Bu isə PKK-nın qaçmasına yer qoymayacaq”

Загрузка...
Загрузка...