“PKK-nı dəstəkləyənlərə mandat verilməməli idi” - Toğrul İsmayılla müsahibə

 
Türkiyədə yaşayan siyasi şərhçi Toğrul İsmayıl bu ölkədə baş verən son hadisələri Teleqraf.com-a şəhr edib. Onunla müüsahibəni təqdim edirik.
 
- Toğrul bəy, Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) olan 12 millət vəkilinin həbsini, Türkiyədə baş verən bu hadisələri necə qiymətləndirirsiniz?
- Dünən axşamdan HDP-nin 11 millət vəkili saxlanılıb. Xüsusilə, HDP həmsədri Dəmirtaşın həbs edilməsi üçün prokuror qərar çıxarıb, iş məhkəməyə göndərilib. Son qərarı məhkəmə verəcək. Əsas məsələ budur. Əslində bu hadisə təzə olduğu üçün tam qiymətləndirmək hələlik çətindir. Qısaca onu deyə bilərəm ki, hökumət və HDP arasında son illər barış yolu ilə terror probleminin həllinə dair addımlar atıldı, fəqət son seçkilərdə insanlar HDP-yə inandı, düşündü ki, bu partiya PKK ilə bağlantısını kəsəcək və demokratik yolla öz haqlarını tələb etmək xəttini seçəcək, parlamentdə siyasi fəaliyyətini aparacaq və xüsusilə ölkədə terrorun, silahlı qarşıdurmanın qarşısını almaq üçün əlindən gələni edəcək. Belə ümid var idi və HDP seçkilərdə 13,5 % səs almışdı. Lakin HDP bu səsi dəyərləndirmədi. Bunu da açıq demək lazımdır. Əlbəttə, hər iki tərəfdə qüsur axtaranlar var. Məsələn, bu fəaliyyətdə hökuməti tənqid edənlər deyirdi ki, hakimiyyət terrorçularla iş birliyinə gedir və bu terrorçuların əl-qolunu açır. Çözüm sürəci deyilən müddətdə PKK özünə gəldi, yenidən güclənməyə, silahı yerə qoymaq əvəzinə regionlarda mərkəzlər qurmağa başladı. Və ilk fürsət düşən kimi də ilk terror hadisəsini törətdilər. Bununla da münasibətlər dayandı. Təklif olunanlardan biri HDP-nin PKK ilə bağlarını qoparması, dinc və siyasi vasitələrlə fəaliyyətə başlaması idi. Bu şans var idi, amma baş tutmadı. Hazırda qarşıdurma kəskinləşir, ölkədə terror hadisələri törədilir. Bunun PKK tərəfindən və ya ona bağlı qrupların əli ilə edildiyi də bilinən məsələdir. Beləcə bölgədə gərginlik artır. Türkiyə ətrafında süni olaraq dövlət qurmağa çalışan böyük qüvvələr var. Bu sahədə qarşıdurmanı son nöqtəyə çatdırır. Türkiyə hökuməti də belə bir addım atıb. Atılan addımın nə qədər doğru və səhv olduğunu zaman göstərəcək. Mənə görə, bu addımlar bir qədər gecikib.
 
- Niyə?
- İnsanların bölücülüyü, terroru dəstəkləyən insanların parlamentə buraxılması doğru deyil. Dünyanın heç bir ölkəsi rəsmən bölücülüklə məşğul olan birilərinin parlamentə daxil olmasına imkan verməz. Almaniya, Amerika və ya Fransa heç zaman buna getməzdi.
 
- Sizcə, HDP ilə PKK-nın əlaqəsi, bağlılığı və ya sinxron fəaliyyəti varmı, bu əlaqələrin olduğunu iddia etmək doğrudurmu?
- Təbii ki, var. Birbaşa bağlantı var. Konkret olaraq HDP heç bir yerdə, rəsmən PKK-nı terror təşkilatı kimi tanımır, Abdulla Öcəlanı öz liderləri hesab edir. Bu da bu iki qurumun bağlarının olduğunu ortaya qoyur. Bunu ancaq deyilənlər, fotolar, mövqelər deyil, həm də hərəkətlər göstərir. Məsələn, HDP seçkilərdə udduğu bələdiyyə orqanlarında dövlətin malı ilə dövlətə qarşı səngərlərin qazılması, barrikadaların qurulması, terroristlərin cənazələrinin daşınmasını kimi işlər həyata keçirir. Bu bir sübutdur. Bunu dünyanın heç bir ölkəsi əsla qəbul etməz. Türkiyənin bu qədər səbirli olmasını anlamaq mənə görə çox çətindir.
 
- HDP-nin 12 deputatının həbsi cəmiyyətdə türk-kürd qarşıdurmasını kəskinləşdirə, daha pis ssenarilərin işə düşməsinə şərait yarada bilərmi?
- Türkiyədəki hadisələr Azərbaycanda bir qədər fərqli anlaşılır. Türkiyədə kürd-türk qarşıdurması yoxdur. PKK sol təmayüllü terror qrupudur. Bu şəbəkəni son zamanlar kürd xalqını təmsil edən qurum kimi təqdim etməyə çalışırlar. PKK-nın törətdiyi terror hadisələri harada daha çox baş verir? Təbii ki, Diyarbəkirdə. Başqa sözlə, PKK-nın uzun illər törətdiyi terrorların böyük hissəsi kürd xalqının kompakt və sıx yaşadığı bölgələrdə baş verir və bu zaman əsas zərər görən də kürdlər olur. Türk toplumunda kürdlərə qarşı təhdid, tənqid yoxdur. Bəli, zamanında kürd xalqının haqları ilə bağlı bəzi problemlər olub. Ancaq hazırda Türkiyədə kürdlərin belə bir problemi yoxdur. Məsələn, kürd dilində təhsil sərbəstdir. Kürd dilində televiziya və qəzet yayımı sərbəstdir. Qanunla çox şeylər əvvəlki dövrlərdə olduğu kimi deyil. Bütün bunlara baxmayaraq, indi biz terrorun zəifləməsi yerinə daha da kəskinləşdiyini görürük. Mənim gördüyüm budur ki, PKK bir imperialist siyasi gücün əlindən digər siyasi gücün əlinə keçib və onun aləti olaraq bölgədə maşa qismində çıxış edir. Mənim düşüncəm budur. Əgər PKK-nı kökündən həll etmək mümkün olmasa Türkiyənin ərazi bütövlüyü hər zaman təhdid altında olacaq.
 
- Hazırda Suriya və İraqda da mürəkkəb proseslər müşahidə edilir. Türkiyədə yaşanan bu prosesin Şimali İraq, Mosul, habelə Suriyadakı proseslərlə bağlantısı ola bilərmi?
- Bunlar şübhəsiz ki, bir-birinə bağlı məsələdir. Türkiyə daxilində baş verən hadisələri bölgədə baş verənlərin kənarında görmək imkansızdır. Ancaq iş bundadır ki, belə böyük əməliyyatlar aparıldığı zaman arxa cəbhədə zəiflik və səni hədəfə ala biləcək güclərin varlığı, təhdidi çox təhlükəlidir. Bu adamlar parlamentin deputatlarıdır. Ancaq Dəmirtaşın özünün Azərbaycanla bağlı açıqlamaları var. Açıq deyir ki, azərbaycanlılar Xocalıda vəhşilik törədiblər. Belə haqsız ifadələr olub. Burada belə “siyasi liderlərin” açıq şəkildə öz millətinə və dövlətinə qarşı təbliğat ruporuna çevrilməsi faktı var. Bu mənada arxa cəbhəni sağlamlaşdırmadın hansısa addımlar atmaq doğru deyil. Ola bilsin ki, bu addım bir qədər sərtdir, deputatların həbsi olmaya da bilərdi və s. Amma Türkiyə parlamenti deputat toxunulmazlığını aradan qaldırıb və indi deputatların həbsi, məhkəməyə çıxarılması qeyri-qanuni deyil. Və kimsə bu addımlarda qanunsuzluq axtara bilməz.