PKK-çı qızın gündəliyindən ağrılı sətirlər: ''Kaş dağ eşqinə düşməyəydim'' - FOTO

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda keçirilən anti-terror əməliyyatı zamanı PKK təşkilatının üzvü olan gənc bir qızın gündəliyi aşkarlanıb.
 Axar.az xəbər verir ki, PKK-ya qoşulmaqla böyük səhv etdiyini deyən Zəhra Qaya ailə üzvlərinə ciddi xəbərdarlıq edib.
 Gündəliyin yayımlanan qismindən bəzi hissələri təqdim edirik:
 “29/04/2016, cümə
 Komandirlər bizdən piyada döyüşçüləri kimi istifadə edir. Silahdaşlarımın böyük əksəriyyəti ölüb. Məni də ölüm gözləyir. Bu qeydlər kimin əlinə keçsə, lütfən, ailəmə çatdırsın. Bu vəsiyyətimdir. Dediyim olmasa, məzarımda rahat uyumaram, vallah.
 Bəxti qara bacınız…
 Xoş gördük, qardaşlarım. Vəziyyətiniz necədir? Vallah, burada həyat daima hərəkətlidir. Düşmən hər tərəfimizi vurur. Görək sonumuz necə olacaq. Sizin üçün çox darıxmışam. Ramazan, qardaşım, xüsusi ilə sənə yazıram. Mən öldükdən sonra əsla təşkilata qoşulma. Hədəflərim olmadan təşkilata qoşuldum. Məni bu hala salan da bu təşkilat oldu. Onları hələ də sevmirəm və sevməyəcəyəm. Həyatınızı yaşayın. Çünki bu iddia gərəksiz və boş bir davadır. Səndən tək istəyim odur ki, bu təşkilata qoşulmayasan. Haqqınızı halal edin. Sizi çox sevən bəxti qara bacınız Zəhra Qaya.
 Ondan doymadım…
 Sevgili qardaşım Ridvan. Səni nə qədər çox sevdiyimi unutma. Bilirəm, hansı üzlə yazdığımı deyirsən, çox haqlısan. Amma nə etməli, sonuncu dəfə yazmaq istədim. Necə keçir amansız həyat? Nanoya yaxşı bax, o mənim oğlum, qardaşım, atam, anam hər şeyimdir. Ondan doymadım.  Bəlkə də bu günlərdə öləcəyəm. Vallah, neçə dəfə olub ki, ölümdən dönmüşəm. Ötən dəfə yaralanmışdım. Şükür, indi yaxşıyam.
Məndən xeyir görmədin…
 Ah, mənim bəxti qara atam. Necəsən? Çox darıxdım sənin üçün. Sənə o qədər ehtiyacım var ki, izah edə bilmərəm. Sizi tərk etdim, bilirəm, çox üzgünsən. Nə edim, içim yalnız belə rahat ola bilərdi. Tale utansın. Atam mənim, hər gün burada yoldaşlarıma səndən danışıram. Nə qədər fədakar və anlayışlı olduğunu deyirəm. Artıq hamı səni tanıyır. Hər kəsə belə ata nəsib olmur, çox şanslıyam. Məndən də azad oldun, imza, məhkəmə daha olmayacaq. Səni çox sevirəm, igid atam. Kaş sənə layiq övlad ola biləydim. Məndən xeyir görmədin. Haqqını halal elə. Səni çox sevirəm…
 Kaş dağ eşqinə düşməyəydim…
 Canım qardaşım. Məni soruşsan, burada həyat pisdir. Dostlarımın yarısı şəhid oldu, xeyli yaralı var. Əhvalım yoxdur. Kaş dağ eşqinə düşməyəydim. Bu iddia və kin bizi nə hallara saldı. Nəysə, qardaşım. Tez evlən, ailə qur. Həyatdır, nə zaman vuracağı bəlli deyil.
 Zəhra Qaya
 Həyat budursa, gerisini istəməm,
Ey alçaq həyat, sən mənə qalmadın
Mən də sənə qalmaram
Son sətirlər bunlar”.