PKK-çı deputatı məhkəməyə verən azərbaycanlı rektora məktub var

Bütöv Azərbaycan Ocaqları Türkiyənin Giresun Universitetinin rektoru, professor Aygün Attar xanıma məktub yazıb.
Musavat.com-a yaymaq üçün göndərilən məktubda Türkiyə parlamentinin üzvü , PKK terror təşkilatının siyasətdəki siması Səlahəttin Demirtaşı məhkəməyə verən rektora dəstək ifadə olunur.
Musavat.com həmin məktubu dərc edir:
" Hörmətli Aygün Attar!
Aprel ayının ilk günlərində Qarabağda yaşanan gərginliyin atəşkəsdən sonrakı dövrdə baş verən ən genişmiqyaslı toqquşma olması, düşmən qüvvələrinin darmadağın edilməsi Azərbaycanın quzeyindən güneyinə, doğusundan batısına,  xalqımızın hər fərdi tərəfindən böyük coşqunluqla qarşılandı. Bu birliyimizdən doğan böyük ruh yüksəkliyi düşmənlərimizdə yetərincə təşviş yaratdı.
Böyük güclərin narahatlığı onların maşalarının iş başına keçməsinə səbəb oldu. Ölkəmizə qarşı provakasiyalar, əleyhimizə yalan təbliğat, şər-böhtan kampaniyasina başlandı. Təbiidir ki, bu duruma dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız səssiz qalmadı.
Haqq davamızda ölkəmizi müdafiə edənlərdən biri də Siz oldunuz. İllərdir ki, Azərbaycan və Türkiyəni təhdid edən separatçı PKK terror təşkilatının fəal müdafiəçilərindən olan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşın Azərbaycan və Türkiyə əleyhinə davranışları hər birimizdə qəzəb hissi doğurdu. Onun Azərbaycan türklərinə qarşı düşmənçiliyini gizlətmədən Azərbaycanın ərazi bütövlüyünə zidd ifadələri, Sizi onun barəsində məhkəməyə şikayət ərizəsi ilə müraciət etmənizə səbəb oldu.
Sizin bu cəsarətinizi alqışlayır, haqq davamızda göstərdiyiniz mücadilədə hər zaman Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq yanınızda olduğumuzu bildiririk. Əminik ki, Səlahəddin Dəmirtaş mənfur niyyətlərini həyata keçirmədən öz layiqli cəzasına çatdırılacaq. Sizə uğurlar arzulayırıq!
Haqq davamız qutlu olsun!".
Türk düşməni Selahettin Demirtaş