Piyadalara qarşı reyddə maraqlı anlar: “Keçidə düşə bilmirəm, “qrıjam” var” - VİDEOREPORTAJ, FOTOLAR

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları  Nizami rayon ərazisində piyadalara qarşı reyd keçirib. Yol polisləri “Neftçilər” metrostansiyası yaxınlığındakı magistral yoldan keçən piyadaları saxlayıb, qanun çərçivəsində cərimələyiblər. Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və reyddə iştirak edib.
Qara Qarayev prospektindən keçən magistral yol piyadalar üçün olduqca təhlükəlidir. Nəqliyyat vasitələri bu ərazidən maneəsiz keçdiyi üçün sürət həddi də adətən yüksək olur. Bu isə magistral yolun ortası ilə yolu keçməyə çalışan piyadaların həyatı üçün təhlükə yaradır.  Yolu keçmək üçün yeganə vasitə “Neftçilər” metrostansiyasının keçididir. Piyadalar 40-50 metr artıq məsafə qət edib keçiddən keçmək əvəzinə, hərəkətdə olan maşınların arası ilə qarşı tərəfə keçirlər. 
Yol polisinin təşkil etdiyi reyd zamanı da oxşar mənzərənin şahidi olduq. Piyadalar sürətlə hərəkət edən nəqliyyat vasitələrin qarşısından rahat şəkildə keçərək, həm özlərini təhlükəyə atırlar, həm də yolda  hərəkətə mane olurdular.
Yol hərəkəti qaydalarını pozan bəzi piyadalardan nə üçün belə etdiklərini soruşduqda isə, bəziləri xəstə olduğunu, bəziləri keçidi unutduğunu, bəziləri isə səhv etdiyini bildirdi.
DYP əməkdaşı isə bu gün 100 nəfərdən çox piyada qayda pozuntusuna görə, cərimə olunduğunu, 200 nəfərə yaxın şəxsin isə maarifləndirildiyini bildirdi.
Qeyd edək ki, piyadalar üçün yeganə keçid olan metronun yeraltı keçidi hazırda təmir olunduğundan, orada da sıxlıq yaşanır. Bir tərəfdən metroya daxil olanlar və çıxanlar, digər tərəfdən yolu keçmək istəyənlər yeraltı keçiddə sıxlıq yaradıb. Aparılan təmir işləri isə vəziyyəti daha da çətinləşdirib.
Ekspert İlqar Hüseynli isə musavat.com-a açıqlamasında bildirdi ki, həmin ərazidə yerüstü piyada keçidlərin salınmasına ehtiyac var: “Orada daim nəqliyyatın sıxlığı müşahidə olunur. Bu səbəbdən əgər asfaltın üzərində piyada zolaqları qoyulsa, nəqliyyat vasitələrinin sıxlığına səbəb olacaq. İnsanların rahatlığını təmin etmək üçün həmin yerüstü piyada keçidinin yaradılması çox yaxşı olar. Düzdür mən piyadaların yol hərəkəti qaydalarını pozmasına haqq qazandırmıram. Çünki bəzi ölkələrdə yeraltı tunellərin uzunluğu 200 -300 metrə qədər davam edir. Məsələn, Kiyev şəhərində piyada yolu keçmək üçün 200 metrlik yeraltı tuneli qət etməli olur. Onlar öz təhlükəsizlikləri üçün bunu edirlər. Ancaq bizə 50 metr yola qənaət etmək üçün piyadalar özlərini təhlükəyə atırlar. Əgər yaxın 40-50 metrdə piyada keçidi varsa ondan istifadə etmək lazımdır. Ancaq yaşlı və xəstə insanlar üçün o ərazidə xüsusi infrastruktur qurulmalı, yada piyada zolaqları çəkilməlidir”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.