Piskorski: ''Bu, Türkiyənin maraqlarına xidmət edir''

Prezident idarə üsuluna keçidlə bağlı təşəbbüs Türkiyə dövlət başçısının maraqlarına xidmət edir.
 Bunu Trend-ə Avropa Geosiyasi Təhlil Mərkəzinin direktoru Mateuş Piskorski deyib.
 Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan tərəddüd edir ki, yeni Baş nazir təyin ediləcəyi təqdirdə aralarında müəyyən fikirayrılığı və mübahisə yarana bilər: "Necə ki, bu onunla yaxın silahdaşı, müəyyən dərəcədə siyasi rəqibi Əhməd Davudoğlu arasında oldu. Şübhəsiz ki, prezident Ərdoğan siyasətçi kimi bütün inzibati və qərar qəbul etmə sistemlərinə nəzarət etmək istəyir. Prezident mövqeyinin möhkəmləndirilməsi ona minimum iki prezidentlik müddətində lazım olacaq".
 M.Piskorski bildirib ki, bu manevrdən hakimiyyətdə qalmaq istəyən siyasətçilər tez-tez istifadə edirlər: "Prezidentlik müddətinin başa çatmağına az qalmış, çox güman ki, Ərdoğan güclü hökumətə əsaslanan sistemə qayıtmağın zəruriliyini bəyan edəcək. Hər şey hazırda onun tutduğu postdan asılı olacaq".
 Polşalı ekspert deyib ki, hazırda Türkiyə siyasi sistemi hakimiyyətdə qalmağa çalışan Ərdoğanın maraqlarının reallaşdırılmasına əsaslanıb.