Pentaqon: “İŞİD-in 2-ci adamını öldürdük...”

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İŞİD terror qruplaşmasının ən yüksək vəzifəli komandirlərindən birinin Suriya ərazisində aparılan əməliyyat zamanı öldürüldüyünü bəyan edib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon başçısı Eşton Karter bildirib.
Onun sözlərinə görə, öldürülən İŞİD-çinin adı Abdurahman Mustada əl-Kaduli olub. O, həm də Hacı İmam kimi tanınıb və İŞİD-in “maliyyə naziri” postunu tutub. əl-Kabulinin harada və nə vaxt öldürüldüyü deyilmir. Karter yalnız onu əlavə edib ki, “ABŞ İŞİD terror qruplaşmasının “nazirlər kabineti”nin üzvlərini sistemli şəkildə məhv edir”.
Bundan öncə ABŞ önəminə görə İŞİD-in ikinci komandiri sayılan əl-Kadulinin yeri ilə bağlı informasiyaya görə 7 milyon dollar mükafat təyin etmişdi.
Terrorçuların lideri Abu Bəkr əl-Bağdadi isə özü və yeri haqda informasiyaları gizlətməyə çalışır. Hesab edilir ki, əksər silahlılar heç vaxt onunla üzbəüz rastlaşmayıblar.