Payız-qış dəbi: toxunma şalvar, cins ayaqqabı, balyaj saçlar...

 
Artıq payız fəsli ölkəmizə qədəm qoydu. Bu da o deməkdir ki, qardirobumuzdakı qısa qollu, rəngarəng paltarların yerini artıq nisbətən qalın payız-qış geyimləri alacaq.
 
Maraqlıdır, bu payız-qış hansı geyimlər, rənglər, aksesuarlar və saç modelləri dəbdə olacaq?
 
Suallarımıza cavab almaq üçün tanınmış stilist Samir Əliyevə (Samiraldo) müraciət etdik. Stilist bu il daha çox toxunma geyimlərin dəbdə olacağını dedi: “Bu il çox qalın parçalardan olan yüngül geyimlər dəbdə olacaq. Hətta toxunma şalvarlar, toxunma koftalar, nəyin toxunmaya aidiyyəti varsa, həmin geyimlər də bu il dəbdə olacaq. Ən çox da buta elementləri olan, milli naxışlardan ibarət geyimlər dəbdə olacaq. Hətta toxunma uzunboğaz çəkmələr də dəbdə olacaq. Yəni bu ilin dəbi milli elementlərdən, buta, mozayka elementlərindən ibarət toxunma geyimlər dəbdə olacaq. Boş geyimlər daha çox yayda dəbdə oldu. Düşünürəm ki, qışda boş yox, qalın geyim dəbdə olacaq. Təbii ki, buda insanın bədən quruluşuna yaraşan tərzdə olmalıdır. Məsələn elə insan var ki, o çox kökdür, ona qalın geyim yaraşmır. Həmin şəxslər qara rəngli geyim geyinəndə də bəzən onları boğur. Ona görə də həmin qara geyimin üzərində mütləq rəngli nəsə olmalıdır. Bildiyiniz kimi payız depressiya ayıdır. Depressiyadan çıxmaq üçün qara geyimin üzərində parıldayan rəng olmalıdır ki, insana xoş əhval ruhiyyə versin. Həm də bütün dünya neqativlə doludur. Hər yerdə müharibə, ölüm itim var. Ona görə də düşünürəm ki, xanımların payız-qış qarderobunda ağ , göy, mavi, yaşıl rənglərindən istifadə etmələri daha məsləhətlidir. Bu rənglər insana xeyir, uğur gətirir”.
 
Hər il dəbdə olan cinslərin bu il də dəbdə olacağını deyən stilist bu dəfə əlavə parça və rəng qatmadan, başdan ayağadək cins geyinməyin dəbdə olacağını dedi: “Cinslər 3 il əvvəl də dəbdə idi. Bu ildə modelyerlər 85-ci, 90-cı illərin cinslərini yenə də nümayiş etdiriblər. Ona görə də bu il ən çox retro rənglər, cinsə oxşayan köynəklər dəbdə olacaq. Bu il cins şalvar geyinən cins köynək, cins ayaqqabı və cins çanta götürməlidir. Keçən il cinslə ağ köynək geyinə bilirdiksə, bu il komplekt cins geyinməlisiniz. Klyoş ətəklər artıq 2017-ci ildə olmayacaq. Çünki klyoş ətəklər 3 ildir ki, dəbdə idi. İndi bir az qısa variantda olan ətəklər dəbdə olacaq ki, bu da uzun və arıq qızlara yaraşır”.
 
Üst geyimə gəldikdə isə bu payız-qış kolleksiyasında əsas üstünlük rahatlığa və praktikliyə verilib. Müasir dəbli qadınlar rahatlıq və dəb arasında seçim etməli olmayacaqlar. Bu mövsüm bir tonlu etnik printlərlə bəzədilmiş isti və içi tüklə doldurulmuş gödəkçələr, təbii xəzlə olan paltolar, şubalar, xəzli jiletlər, dublyonkalar və dəridən olan gödəkçələr dəbdə olacaq. Dizaynerlər payız-qış mövsümü üçün müxtəlif rənglərdən və dekor elementlərindən istifadə edəcəklər. Üst geyimləri əsasən assimetrik düymələr və qəsdən gözə çarpan parlaq astarlarla bəzədiləcək.
 
Geyimi tamamlayan vasitələrdən bir də aksesuarlardır ki, xanımları üzüksüz, sırğasız və digər aksessuarlarsız təsəvvür etmək mümkün deyil.  2016-2017-ci ilin aksesuarları sancaqlar, mirvari, təbii daşlar, tək sırğalar və bir neçə bilərziklər olacaq. Məsələn sırğaları tək-tək, bilərzikləri isə cüt taxacaqsınız. Bu o demək deyil ki, bilərziyin ikisi də eyni olmalıdır. Nazik və ya enli olması əhəmiyyətli deyil, əsas odur ki, onlar parıldasın. Stella McCartney və Loewe belə bir qənaətə gəliblər ki, sırğalar heç də cüt olmaya da bilər, lakin iri, parlaq və gözəçarpan olmalıdır. Dünyaca məşhur dizaynerlər bu ilin dəbində mirvarilərdən də çox istifadə edib. Məsəl üçün, Chanel öz modellərini başdan ayağa kimi mirvari ilə bəzəyir. Gucci isə mirvarini üzüklər üçün istifadə edir.
 
Stilist S.Əliyev təbii daşların keçən ildə dəbdə olduğunu dedi: “Bu daşları yaylıqla geyinmək lazımdır. Bu il yaylıqlar da başda olmalıdır. Yekə sırğalar olmalı və buna uyğun makyaj olmalıdır. Makyajda gözlər xüsusilə vurğulanmalıdır. İnsan var ki, gözləri aşağı gedir, o gözünə elə çəkir ki, gözü bir azda aşağı gedir. Bəzən qızlar gündəlik həyatda da kirpik qoyurlar. Bu nə rahatlıqdır nə də ki, maraqlıdır. Kirpiyi ancaq hansısa fotosessiya edəndə və ya tədbirə gedəndə qoymaq lazımdır. Dodaqlar açıq rəngdə olmalı, üz incə görsənməlidir. Saçlara gəlincə isə 60-cı illərdə olduğu kimi təbii saçlar dəbdədir. Yəni nə qıvrım, nə düz saçlar deyil, hamamdan çıxıb saçınızı qurudub çıxırsız bayıra. Bu saç düzümü insanı daha cavan, maraqlı və özünə arxayın göstərir”.
 
Saçlarını boyamaq arzusunda olan xanımlara da öz tövsiyəsini verən stilist bu il baliyaj saçların dəbdə olacağını dedi: “Ombre rənglər 7 ildir ki, dəbdədir. Ombreni insanlar ona görə edirlər ki, olar birdən birə saçlarının rəngini tam açıq etmək istəmirlər. Amma istəyirlər ki, nəsə dəyişiklik olsun. Bu zaman ombre köməyə gəlir. Bu il ən çox balyaj dəbdə olacaq. Yəni refle fasonunda olan saçlar dəbdə olacaq. Bu ən son 10 il əvvəl dəbdə olub”.
 
Dəb nə olursa-olsun, əsas odur ki, yaraşanı geyinəsiniz. Sizə yaraşan hər bir paltar əslində elə dəbin özüdür.