“Partlayışdan az əvvəl...” - Ukraynanın silah arsenalının məhvində RUSİYA İZİ?

Baxış sayı: 
232
0  
0  

Ukraynanın Vinnitsa vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarında baş verən partlayışdan sonra yaranan yanğın hazırda davam edir.
Turaninfo.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, döyüş sursatlarının partlayışının intensivliyi azalıb.
Xilasedicilər yanğının aradan qaldırılmasına başlayıblar. Onlar yanğını bir gün ərzində söndürməyə söz verirlər. Yanğının söndürülməsinə 700 xilasedici və demək olar ki, texnikanın 150 vahidi cəlb edilib. Xilasedicilərin məlumatına görə, təxminən 30 min insan təxliyyə edilib. Vətəndaşların daşınması üçün 50 avtobus cəlb olunub. “Ukrayna dəmir yolları” dövlət şirkəti bildirib ki, sakinlərin təxliyyəsi üçün sərnişin qatarlarını verməyə hazırdır.
 
 
Polisin məlumatına görə, qurbanlar yoxdur, iki zərərçəkən xəstəxanaya yerləşdirilib.
Versiyalar
Ukrayna prezidenti Petro Poroşenko güc idarələrinin rəhbərlərinin iştirakı ilə Təhlükəsizlik və Müdafiə Komitəsinin hərbi müşavirəsini çağırıb.
Silahlı Qüvvələrin Baş qərargahından bildiriblər ki, hadisənin müxtəlif versiyalarına baxılır. Müdafiə Nazirliyi hərbi obyektlərin mühafizəsini gücləndirib. Həmçinin, yanan anbarın üzərində hava məkanı 50 kilometr radiusda bağlı elan olunub. Uçuşlara qoyulan qadağa iki gün davam edəcək, ehtiyac olduğu halda isə bu müddət uzadıla bilər.
 
 
Hərbi prokurorluq “diversiya” maddəsi üzrə cinayət işi qaldırıb. Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskayanın sözlərinə görə, istintaq qrupunun tərkibinə Təhlükəsizlik Xidməti, hərbi prokurorluq və fövqəladə vəziyyətlər üzrə Ukrayna Dövlət Xidmətinin əməkdaşları daxil edilib.
Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov qeyd edib ki, partlayış pilotsuz təyyarənin köməyi ilə təşkil edilməsi istisna edilmir. O bildirib ki, partlayış ərəfəsində postlardan birindən olan döyüşçü qəribə səs barədə məlumat verməyə vaxt tapıb. Məsləhətçi həmçinin vurğulayıb ki, Ukrayna xüsusi xidmət orqanının işçiləri pilotsuz təyyarəni yaxalamağa çalışırdılar.
 
 
Ukrayna Daxili İşlər Nazirliyinin başçısının məsləhətçisi Zoyran Şkiryak da partlayışda “Rusiya izi”ndən danışıb.
Hərbi arsenalın üçdə biri məhv olub
KİV bildirir ki, anbarda “Smerç”, “Uraqan” və “Qrad” reaktiv yaylım atəş sistemlərinin raketləri saxlanılır. Ukraynanın ən böyük hərbi anbarında arsenalın təxminən 30 faizi məhv olub. Bu haqda Ukrayna Baş qərargahının açıqladığı ilkin informasiyada deyilir.
“Pilotsuz uçuş aparatının köməyi ilə müşahidə aparılıb. Müşahidələr göstərir ki, arsenalın təxminən 70 faizi partlayışlar və yanğından zərər çəkməyib”, - Baş qərargahın mətbuat katibi Vladislav Seleznyov deyib.
 
 
Eyni zamanda, prezidentin məsləhətçisi Biryukov bildirib ki, bağlı döyüş sursatı anbarları zərər çəkməyib, yalnız açıq meydançada olan mərmilər partlayır.
Vinnitsa vilayət administrasiyasının mətbuat xidməti Müdafiə Nazirliyinə istinadən bildirib ki, anbarlarda təxminən 83 min ton döyüş sursatı var. Ukrayna KİV-i yanan anbarlarda kimyəvi silahın olduğunu yazsa da, Baş qərargah bunu təkzib edib.
Ömər Dağlı

Загрузка...
Загрузка...