​Partiya sədrləri İsa Qəmbərdən danışdılar, şəfa dilədilər

Baxış sayı: 
154
0  
0  

 
Siyasilər onu “tarixə adını yazdırmış siyasətçi”, “dünya malında gözü olmayan insan” adlandırdılar
 
Milli Məclisin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ürəyində narahatlıq yaranması səbəbindən artıq üç gündür xəstəxanada müalicə alır. Bir sıra müxalif partiyaların sədrləri İsa Qəmbəri ziyarət edib-etmədikləri barədə sualımıza cavabda onunla bağlı fikirlərini də “Yeni Müsavat”a bildirdilər.
 
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, İsa Qəmbərlə bağlı xəbəri eşidən kimi özünə zəng edib. Lakin danışmaq mümkün olmayıb: “Pənah Hüseynlə məsləhətləşdik ki, reanimasiyadan çıxdıqdan sonra gedərik. Allahdan şəfa tapmasını arzu edirik. Həm həkimlərimizə, həm də dualarımızın qəbul edilməsinə inanırıq. İsa Qəmbər Azərbaycan siyasətində və tarixində özünü təsdiq eləyib.
 
KXCP sədri Mirmahmud Mirəlioğlu ile ilgili görsel sonucu
 
Dəsti-xətti olan, Azərbaycan siyasətində möhürünü vurmuş adamdır. İnşallah, özünün iştirakı ilə böyük yubileylərində geniş danışarıq”. 
 
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, İsa Qəmbərin xəstələnməsi xəbərini eşidən kimi ona zəng edib, lakin cavab olmayıb: “Həm ”keçmiş olsun" demək, həm də nə baş verdiyini soruşmaq istəyirdim. Sonra öyrəndim ki, reanimasiyadadır. Ona görə də mən bir həkim kimi hesab edirəm reanimasiyada olan xəstələrin yanına getmək onun səhhətinə heç də kömək etmir. Gərək o, reanimasiya dövrünü sakit vəziyyətdə, yorucu hallarla üzləşmədən keçirsin. İsa bəyin yanına getməməyim bununla bağlıdır. Reanimasiyadan çıxanda gedəcəyəm. Telefonuna keçmiş olsun mesajımı, şəfa diləyimi çatdırmışam. İsa Qəmbər təkcə mənim siyasətçi həmkarım deyil, həm də dostumdur. Uzun illərdir aramızda qarşılıqlı səmimi dostluq münasibətləri var. Bəzən siyasi məsələlərə münasibətlərimizdə bir-biri ilə uyğun gəlməyən yanaşmalar olsa da, bu, heç zaman şəxsi dostluq münasibətlərimizə problem yaratmır. Azərbaycan siyasətçiləri arasında özümə ən yaxın hesab elədiyim adamlardan biri İsa Qəmbərdir. Düşünürəm ki, o da məni özünə bu cür yaxın hesab edir. İsa bəy həddən artıq həyatsevər, zarafatcıl, vətənini, xalqını sevən şəxsiyyətdir. Onun həddən artıq siqaret çəkməsi mənfi xüsusiyyətidir.
 
 
 
Mən həmişə ona demişəm ki, bu qədər siqaret çəkmək səhhətinə ciddi təsir göstərəcək. Bir həkim kimi də bu barədə fikirlərimi İsa bəyə demişəm. İsa Qəmbərin uzun müddət siqaret çəkməsi, görünür, ürəyində problem yaradıb. İsa Qəmbər Azərbaycan siyasətində Əbülfəz Elçibəydən sonra Azərbaycan müxalifətinin liderliyini edən və bütün qüvvələri qəbul edə bilən, liderə lazım olan bir çox xüsusiyyətlərə malik, təmkinli, xarizmalı siyasətçidir. Açığını deyim, mən İsa Qəmbərə hazırda Azərbaycan müxalifətinin yeganə lideri kimi baxıram. Yer üzündə qüsursuz insan yoxdur. İsa bəy də qüsurlardan tamamilə xali deyil. Qüsuru odur ki, ətrafına həddən çox inanır, ətrafına daha çox bağlanır, hər kəsi özü kimi zənn edir. Mən İsa bəyi çox pozitiv şəxsiyyət kimi dəyərləndirirəm. O, dünya malında gözü olmayan, gözütox insandır. Prezidentlik səlahiyyətini yerinə yetirib, Milli Məclisin sədri olub. Təsəvvür edin ki, onun şəxsi evi yoxdur, atasından qalma evində yaşayır. Evində olmuşam, çox sadə, dəbdəbədən tamamilə uzaq evdir. İsa bəy geyimində, davranışında, hətta yeməyində heyrət ediləcək səviyyədə sadədir. O, sözün həqiqi mənasında təbii ziyalı siyasətçidir. Bu da onun ruhən azad insan olmasından irəli gəlir. Allah İsa bəyə şəfa versin".
 
 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə isə dedi ki, dostu Pənah Hüseyn vasitəsilə İsa Qəmbərə keçmiş olsun mesajını çatdırıb: “Ciddi xəstəlik deyil. Ürəyə stend qoyulması bugünkü tibdə elə də ağır və qorxulu deyil. İnşallah, tezliklə sağalıb evinə gedər. Allah şəfasını versin. İsa Qəmbər Azərbaycan siyasətində 1988-ci ildən indiyə qədər yerindədir. Bəzi müsavatçılara görə, İsa Qəmbər Azərbaycan siyasətinin gələcəyidir”.
 
 
 
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, İsa bəyin səhhətində narahatlığın yaranmasından üzülüb: “Buradan sizin vasitənizlə İsa bəyə uca Allahdan şəfa diləyirəm və əminəm ki, tez bir zamanda ayağa qalxaraq siyasi fəaliyyətini qaldığı yerdən davam etdirəcək. Bu barədə ilkin məlumat alan kimi maraqlandım və yayılan məlumatlarda da qeyd olunurdu ki, hər şey normaldır, ciddi narahatlığa əsas yoxdur. Mən tibbi baxımdan həmin anda İsa bəyi ziyarət edərək onu narahat etməyin doğru olmadığını düşündüm. Çünki ürək problemi elədir ki, xəstə gərək istirahət etsin və onu yoracaq işlərdən uzaq dursun. Ancaq yenə də İsa bəyin mobil nömrəsinə SMS vasitəsilə ”Keçmiş olsun" diləklərimi göndərdim. Sonra sosial şəbəkələrdə ziyarətin mümkün olduğunu gördük və yaxınları ilə əlaqə saxlayaraq ziyarət saatlarını öyrəndik. Bu gün (dünən- red.), inşallah, gedib ziyarət edəcəyik, ümid edirəm ki, özü ilə görüşə biləcəyik. İsa bəy insan kimi öz dəyərləri və prinsipləri olan və bu dəyərlər çərçivəsində yaşamağa çalışan biridir. Kifayət qədər təmkinli və səbirli bir siyasətçidir. Əgər hər hansı məsələ ilə bağlı qərar verməlidirsə, o məsələ üzərində xeyli düşünər, müxtəlif variant və imkanları dəyərləndirərək qərar verər. Bəzən bu proses nəzərdə tutulduğundan belə uzun çəkir və bu da bəzi hallarda   çevik addım atmağı gecikdirir. Xaraktercə bugünkü məqamdan daha çox gələcək barədə düşünür və atılacaq addımların gələcəkdəki nəticələrini hesablamağa üstünlük verir. İstənilən məsələ ilə bağlı digərlərinin də mövqelərini dinləməklə yanaşı daha çox özü qərar verməyə çalışan və verdiyi qərarı sonuna qədər müdafiə etməyə çalışan bir siyasi şəxsdir. Yəni İsa bəyi aldığı qərardan döndərməyə çalışmaq çox ağır və çətin bir işdir. Mən həmişə o fikirdə olmuşam ki, İsa bəy tarixə adının necə düşəcəyi barədə düşünən bir siyasətçidir. Təbii ki, bu da onun seçimidir və bizə də hər kəsin seçiminə hörmətlə yanaşmaq düşər. Həmçinin qənaətimə görə, o, siyasi hədəflər naminə hansısa qurbanların verilməsindən çəkinən biridir. Siyasi riskləri və riskli gedişləri o qədər sevmir, hər şeyin əvvəlcədən ölçülüb, hesablana bilməsindən yanadır. Mənim bu xarakteristikam sırf subyektiv yanaşmamdır. Bu fikirlərlə özü daxil, kimlərsə razılaşmaya da bilər".
 
T.Abbaslı vurğuladı ki, İsa Qəmbər Azərbaycan siyasi tarixinə adını yazdırmağı bacarmış bir siyasi xadimdir. Onun siyasi fəaliyyətini və kimliyini görməzdən gəlmək mümkün deyil: “İsa Qəmbər həmçinin mənim və ətrafımdakı bir çox gənclərin bir siyasətçi kimi formalaşmasında bu və ya digər formada rolu olmuş insandır. Bizlər bunu danmaq və üzərimizdə haqqı olanlara qarşı haqsızlıq etmək niyyətində deyilik. İsa bəyə tezliklə sağalmağı arzulayıram”.
 
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...