Parlamentdə əhaliyə biabırçı məsləhət - ÖZƏL

 
 “Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin büdcə layihəsini Milli Məclisə təqdim edib. Eyni zamanda müvafiq qurumlar da mövcud vəziyyəti, valyutaların məzənnəsini nəzərə almağı bacarıblar. Biz mövcud reallıqları nəzərə almaqla öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”.
 
Politika.Az xəbər verir ki, bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B.Muradova qeyd edib ki, gələn ilin dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlanıb.
 
Bununla da vitse-spiker bədbin notlarla dolu bir mesaj vermiş oldu. Xanım parlamentari cəmiyyətə xəbərdarlıq etdi ki, hər kəs “ayağını yorğanına görə uzatmalıdır”.
 
Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizə sonraya saxlayın.
 
Bu ismarıcın el dilində izahı belədir ki, “jımıx” yeyin, işıq və qazı söndürün, toy etməyin, dərman qəbul etməyin, amma ölməyin ki yas mərasiminin xərci var, uşaqlarınızın təhsil haqlarını ödəməyin, dükandan körpənizin hər istədiyini almayın, kəsəsi məhrumiyyətlə işləyin.
 
Ancaq bu halda qurtuluş mümkündür və neftin dünya bazarında 120 dollar olduğu vaxtlarda gələn gəlirləri talan etdiyimiz üçün üzrxahlıq edirik.
 
Azərbaycan cəmiyyətinə verilən mesajlar bundan ibarətdir və xalqa tövsiyyə olunur ki hər kəs öz başının çarəsinə baxsın. Hesablamalar göstərir ki, indiki şərtlərlə 1 barel Azərbaycan nefti ən azı 110 dollara satılmalıdır.
 
Belə qiymət isə heç üfüqdə də görsənmir. Çünki, neft gəlirləri hesabına korrupsiyalaşmış büdcəni doldurmaq, şişirdilmiş layihələrə sərmayələr yatırmaq yalnız arzu olaraq yada düşə bilər.
 
Azərbaycanda neft hasilatının piki 2010-cu ildə, neftdən əldə edilən gəlirlərin ən yüksək səviyyəsi isə 2011-ci ildə qeydə alınıb.
 
Yalnız o ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 19,8 milyard dollar daxil olub. Müqayisə üçün onu qeyd edək ki, ARDNF ötən il neft hasil edilmiş mənfəət neftinin və qazın satışından 7,2 milyon ABŞ dolları vəsait əldə edib.
 
Politika.Az xəbər verir ki, nefti unudub, digər sahələrdə mövcud və perspektiv imkanları və resursları səfərbər etmək üçün hərtərəfli islahatlara başlamaq lazımdır. Çünki hər şeyin qiyməti qalxır, bircə həyat səviyyəsi aşağı enir
 
Məsələn, son olaraq Azərbaycanda bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur. Məlum olub ki, bu gündən etibarən bəzi çay məhsullarının qiymətində artım qeydə alınıb. Belə ki, “Beta” və “Champion” çaylarının qiyməti bütün çeşidlər üzrə 8-10% həcmində bahalaşıb.
 
Bununla yanaşı, “Milla” süd və süd məhsullarının qiymətində də artım var. Mağazalardan əldə etdiyimiz məlumata görə, bu məhsullarda da bahalaşma 10% səviyyəsindədir.
 
Hər gün iş yerləri qapadılır, istər özəl, istər dövlət müəssisələrində ixtisarlar gedir, vergi bazası daralıb. Ölkə sürətlə böyük böhran dövrünə daxil olur. O biri tərəfdənsə, devalvasiya alıcılıq qabiliyyətini minimuma endirib, yoxsulluq və işsizliyin miqyası genişlənib.
 
İndi hökumətin əsas işi dövlət xərclərini azaltmaq, iqtisadi liberallaşdırmaya getmək, özəl sektoru dəstəkləmək, vergi yükünü azaltmaq və passiv vergi potensialını aktivləşdirmək olmalıdır.

Загрузка...
Загрузка...