​Parlamentdə Fəzail Ağamalı-Aqil Abbas qarşıdurması

 
Milli Məclisin bu gün keçirilən toplantısında deputat Fəzail Ağamalı həmkarı Aqil Abbası ciddi tənqid edib.
 
Teleqraf.com xəbər verir ki, Fəzail Ağamalı spiker Oqtay Əsədovdan həmkarı Aqil Abbas haqqında ölçü götürülməsini xahiş edib: “Bu artıq birinci dəfə deyil. Aqil Abbas bir neçə dəfə çıxışı zamanı deputatlara dərs demək fikrinə düşüb. Bu qəbuledilməzdir. Deputatların fəaliyyəti şəffafdır. Biz dövklətçiliyə və xalqımıza xidmət edirik. Ancaq Aqil Abbas hər dəfə burada deputatlara dərs keçməyə çalışır. Hesab edirəm ki, onun buna səviyyəsi çatmır”.
 
Xatırladaq ki, parlamentin bu gün keçirilən toplantısında Aqil Abbas çıxış edib. O, deyib ki, deputat maaşlarının artırılması ilə bağlı verdiyi açıqlamaya görə onu təhqir edirlər: “Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da. “Maaşım çoxdur” deyən deputatların maaşını azaldın da. Ay deputatlar, siz Allah bu jurnalistlərdən az qorxun. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var”.
 
Spiker Otay Əsədov isə Aqil Abbasın çıxışına bu cür reaksiya verib: “ Mən burda baxıram ki, Aqil Abbasın çıxışını Hadı Rəcəbli alqışlayır. Mən Hadı Rəcəblinin özünə də demişəm ki, müsahibə verəndə baxın, hansı jurnalistə və hansı saytalara müsahibə verirsiniz. Bir çoxlarınız müsahibə vermək üçün sinov gedirsiz. Gündəmdə qalmaqdan ötrü hara gəldi, müsahibə verirsiniz. Müsahibə verdiyiniz saytlara yaxşı baxın”.