Parlamentdə deputatlar hökumətə qarşı

Tarif Şurası topa tutuldu; Yevda Abramov villaları, sürüləri olan məmur oliqarxları da hədəfə aldı
 
Milli Məclis 2017-ci ilin büdcə müzakirələrini spiker Oqtay Əsədovun sədrliyi ilə dekabrın 7-də də davam etdirdi. Qeyd edək ki, budəfəki iclas Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 98-ci ildönümünə təsadüf edirdi.
 
Deputat Jalə Əliyeva  çıxışı zamanı dedi ki, bu gün həlli vacib problemlərdən biri icbari tibbi sığorta ilə bağlıdır: “Doğrudur, pilot layihə kimi iki rayonda bununla bağlı proses başlanıb. Amma əhalinin aztəminatlı təbəqəsini çox ciddi narahat edən bu problemin tez bir zamanda həll olunmasını istərdik”.
 
Deputat Tahir Rzayev ölkədə aparılan ixtisarlara etiraz etdi: “Bəzi vəzifə sahiblərinin 140-150 manatlıq ştatları ixtisar etməsi düzgün hal deyil. Kitabxanaçının, xadimənin ixtisari haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Bahalı maşınlar alanlar, özlərinə xeyli sayda köməkçilər saxlayanlar büdcəyə qənaət etmirlər, əksinə, ona sayğısızlıq edirlər. Kasıb təbəqənin az maaşını kəsmək insafsızlıq olardı. Az maaşlı insanları ixtisar etməkdənsə, büdcədən qənaətlə istifadə etmək lazımdır”.
 
Deputat Yevda Abramov ilk olaraq Şərqdə parlamentarizm ənənəsinin qoyulduğu gün münasibətilə təbriklərdən sonra büdcə ilə bağlı tənqidi bir çıxış etdi: “Mən iqtisadçı deputat deyiləm, amma 12 il sərasər büdcə haqqında fikirlərimi deyirəm. Ola bilər, hardasa emosional danışıram, bunu boynuma alıram və üzr istəyirəm. Amma hər dəfə xalqın sözünü demişəm, kimləsə şəxsi-qərəzliyim yoxdur. Mən bu Tarif Şurası haqqında danışmaq istəyirəm. Mən bilmirəm bu şura hər dəfə bu qərarı qəbul edəndə hansı arqumenti əsas götürür? Bəlkə orda bizim bir deputat olmalıdır ki, qərar veriləndən sonra onu əsaslandıran arqumentləri bizə çatdırsın. Mən bu artımla razı deyiləm. Orda faizlər göstərilib ki, qiymət artımı 62 və 72 faiz əhaliyə təsir etməyəcək, mən bu rəqəmə inanmıram. Bu rəqəm yoxsulluq faizidir, bu da prezidentin siyasi kursuna ziddir. Bu rəqəmlər göstərir ki, əhalinin yoxsulluq faizi çoxdur. Deyirlər, az yandırarlar, deməli, gücləri çatmır”.
 
Y.Abramov deyib ki, qaz və işığın qiymətinin artımına görə büdcəyə yönələcək 300 milyon manatı tapmaq böyük bir problem deyil: “Onu dövlətdən də dotasiya şəklində götürmək, yaxud kvotanı artırmaq olardı. Qərar elə bir vaxtda qəbul edilib ki, Qubaya 20 sm qar yağıb, 12 dərəcə şaxta var. Belə bir zamanda xalqın boğazından tutmaq, belə bir çətinliyə salmaq lazım deyil. Referendumda xalq prezidentə səs verdi. Ancaq bir neçə ay sonra mən bilmirəm məmurlarımız, bəzi insanlarımız belə bir ciddi qərarları qəbul edərkən doğrudanmı xalqı düşünüb? Mən buna şübhə ilə yanaşıram. Yaxşı, qazı bahalaşdırırıq, amma bu qazın keyfiyyətinə fikir verən varmı?”
 
Deputat valyuta bazarındakı şübhələrini də bölüşdü: “Bir gündə dollar 5 manat fərqlə qalxıb - düşdü. Kim diktə edir qara bazara? Hardadır, kimin maşınının baqajındadır bu qədər vəsait? Valyutadəyişmə bazarını kim ləğv etdi? Qara bazara yeni imkanlar yaratdıq. Effekt də vermədi. Rusiyada da bənzər hadisə var. Amma Rusiya bu xəstəliyi belə keçirmir. Dərin dövlətlər neft ölkələrini çökdürmək üçün bu musiqini çaldırırlar”.
 
Y.Abramov məmurlara üzünü tutaraq dedi ki, o hər dəfə büdcəyə səs verəndə xeyir-dua da verir: “Deyirəm, büdcəmizdən haram əllər kəsilsin, haram gözlər kor olsun. Amma nə xeyri? Danışmamaq olmur, danışanda da bəzi insanlar incik düşür. Amma burda susub oturmaq da olmur axı! Mən bu gün büdcədən rayonum üçün nə pul istəyirəm, nə də heç nə. Amma elə şey var ki, məmurdan çox şey asılıdır. Əl çəkmək lazımdır bu korrupsiyadan, bu millətə yaxın getmək lazımdır! 4-5 il də yaxşı yaşamayaq. İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev... Mən Qonaqkənddə oldum, nə qədər qoyun sürüləri qışlağa gedir. Mən soruşdum, kimindir, burada demək istəmirəm”.
 
“Aztəminatlı ailələrin hesabından heç nə kəsilməməlidir, o cümlədən də şəhid ailələrinin, Qarabağ əlillərinin... Kiçik və orta sahibkarlığa ”yaşıl işıq" yandırmalıyıq. Qanuna görə, müharibə əlilləri, veteranlar və qaçqınlar sonda ixtisar oluna bilər. Amma harada ixtisar başlanırsa, birinci növbədə onlardan başlanılır". Bu fikirləri isə deputat Siyavuş Novruzov söylədi. YAP-çı deputat idmana ayrılan vəsaitlərlə bağlı tənqidi fikir söyləyən həmkarlarına irad tutdu: “Burada vaxtilə tərif deyənlər indi baxıram ki, tənqidi fikirlər söyləyirlər. Dünən həmkarlarımızdan biri 7 il əvvəl olan məsələni araşdırmağa başlayıb və idman tədbirlərindən danışıb. Hansı ki, Azərbaycan bayrağının idman tədbirlərində qaldırılması bizim dövlətimizin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir”.
 
Deputat sahibkarlığa dəstək verməyə də çağırdı: “Kiçik sahibkarlıq, ümumiyyətlə, vergidən azad edilməli, orta sahibkarlıq isə güzəştli şəkildə vergiyə cəlb olunmalıdır ki, onlar dövlətə gəlirlər gətirsin”.
 
“Bu maliyyə sənədi Azərbaycanın öz vəzifələrini yerinə yetirmək üçün mövcud reallıqlara uyğun hesablanıb”. Bu fikirləri isə vitse-spiker Bahar Muradova dövlət büdcəsi zərfini dəyərləndirərkən dedi.
 
Sədr müavini bildirdi ki, 2017-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan xərclərin miqdarı 24 faiz təşkil edir: “Beləliklə, 2017-ci ilin dövlət büdcəsində müdafiə sahəsinə cari ilə nisbətən 2,1 faiz artıq vəsait nəzərdə tutulub. Bu da onu göstərir ki, Azərbaycan bu sahəni prioritet olaraq qarşıya qoyub”. B.Muradova bildirib ki, aprel ayında baş verən hadisələr də Azərbaycanın bu sahəyə ciddi diqqət yetirməsini labüd edib. Prezidentin cəbhə bölgəsinə son səfərindən, yaşayış məntəqələrinin tikintisi ilə bağlı verdiyi göstərişlərdən bəhs edən vitse-spiker sahibkarların təmas xəttində yeni iş yerləri açması, vəsaitlər qoymasını stimullaşdıran addımlar atmağı zəruri saydı. Buna görə də icra strukturlarını bu sahəyə diqqət yetirməyə çağırdı. B.Muradova müvafiq qurumların rəhbərliyinin, konkret olaraq “Qaçqınkom” rəhbərliyinin qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mətbuatda gedən müzakirələrə reaksiya verməsini istədi.
 
Müzakirələrdə iştirak edən baş nazirin müavini Əli Həsənov deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlunun qaçqınların statusları, güzəştləri ilə bağlı mətbuata son açıqlamalarının “kifayət qədər narahatlıq yaratdığını” dedi: “Kimsə hansısa problem barədə məlumatlı deyilsə, heç olmasa öyrənib, sonra danışmalıdır. Bu insanlar ölkənin ən zərif, həssas hissəsidir. Ona görə də buna toxunanda həssaslıqla toxunmaq lazımdır. Biz Ermənistan mətbuatını izlədiyimiz kimi, onlar da bizim mətbuatı izləyir. Onlar növbəti beynəlxalq tədbirlərdə bu məsələni qaldıracaqlar ki, bunlar özləri statusların ləğvini istəyir. Cənab Ç.Qənizadə bugünkü çıxışında ”yeyinti" sözünü işlədib. Hesablama Palatasının sənədində yeyinti ifadəsi yoxdur. Bəli, bəzi rəqəmlərdə fərq var. Bizim bir çox yerlərimizdə qaz yoxdur, ona görə də fərq yaranır. Sabah baxacaqsınız, bütün müxalifət mətbuatında yazacaqlar ki, “Qaçqınkom”da yeyinti var". Çünki onların bizdən xoşu gəlmir. Səbəb budur ki, bizim onlarla heç bir əlaqəmiz yoxdur. Tövsiyə edərdim ki, əlaqəsi olanlar da onlardan aralansınlar".
 
Ə.Həsənov daha sonra mesaj verdi: “Son 20 ildə qaçqın və məcburi köçkünlər içərisində sabitliyi heç bir qurum poza bilməyib. Bundan sonra da heç bir təşkilat ora müdaxilə edə bilməyəcək”. Komitə sədri onu da dedi ki, qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda qərar olacaq.
 
Deputat Gövhər Baxşəliyeva isə elmə ayrılan vəsaitin azlığından gileyləndi: “Əgər biz Azərbaycanda elm adamlarının və elmi-texniki sahədə çalışan əməkdaşların nüfuzunun qorunub-saxlanmasını istəyiriksə, o zaman bu sahəyə lazımi vəsait ayrılmalıdır”. Deputat bildirdi ki, 2017-ci ildə elm sahəsinə 118, 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da ümumi büdcənin 0,7 faizi deməkdir. O, elmi dərəcəyə görə verilən müavinətlərin vergidən azad olunmasını təklif etdi: “Bu gün fəlsəfə doktorları 60 manat, elmlər doktorları isə 100 manat əlavə pul alır və bu vəsait ümumi maaşa əlavə edilərək, verilir. Bundan sonra vergi ümumi maaşdan tutulduğundan bu da maaşa ciddi təsir edir.  Hökumətə təklif edirəm ki, elmi dərəcəyə görə verilən müavinətdən vergi tutulmasın və onlar vergidən azad olunsun”.
 
“Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndliyi fəaliyyət göstərir. Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik konsulluq, nümayəndəlik lazımdır? Bu səfirlik, konsulluq, nümayəndəliklərin işinin səmərəlilik məsələsi müzakirə olunmalıdır”.
 
Bunu isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasınındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söylədi. 
 
Deputat Elşən Musayev ölkədə turizmin ən yaralı yer olduğunu deyərək, bu sahənin inkişaf etmədiyini bildirdi. Dedi ki, ölkədə turizmi bu vəziyyətdən çıxarmaq lazımdır: “Turistləri ölkəyə cəlb etməliyik. Məsələn, dəfələrlə cənab prezidentin də AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradları səslənib. Biz AZAL-a dotasiya ayırırıq ki, qiymətlərdə endirim etsin və bu sahədə inkişaf olsun. Əgər biz bunu etməsək, Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq. Çünki turistlər Gürcüstan üzərində uçuşlar edəcəklər”.
 
Ancaq E.Musayevin fikirləri spikerin sərt reaksiyasına səbəb oldu: “”Elşən Musayev, əvvəla, danışanda bir az diqqətli ol! Necə yəni ölkədə turizm inkişaf etməyib?! Fikirləri səsləndirərkən bir az diqqətli olun! Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa sözdür, turizmin daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Azərbaycanda bu il regionlarda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!"
 
İqtisadiyyat naziri Şahin Mustafayev isə deputatların Tarif Şurasının qərarı ilə bağlı tənqidlərinə reaksiya verdi. Bildirdi ki, tariflərin differensiallaşdırılması SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır: “Biz çox yaxşı başa düşürük ki, Tarif Şurasının qərarı çox da populyar qərar deyil. SOCAR-a 1000 kubmetr qaz hasilatı 140 manata başa gəlir. Amma 1000 kubmetr qazın satış qiyməti orta hesabla 90 manat təşkil edir. Faktiki olaraq, SOCAR zərərlə işləyirdi. Buna görə nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu. Dövlət vəsaitləri hesabına vəsaitin ayrılması məsələsi gündəmə gəlmişdi. Qaz hasilatı üçün işlərin görülməsi, təmir işlərinin aparılması, nəqletmə xərclərinə görə tariflərin differensiallaşdırılması zərurəti yarandı. Əhalinin həssas qrupları nəzərə alınaraq tariflərin differensiallaşdırılması qərarı verildi. Qaz istehlakına görə tariflər gələn il yanvarın 1-dən tətbiq olunacaq və əhali yay aylarında yeni tariflərlə ödəniş edəcək. Maliyyə naziri Samir Şərifovun da qeyd etdiyi kimi, əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur”.
 
Maliyyə naziri Samir Şərifov, təhsil naziri Mikayıl Cabbarov da səslənən fikirlərə münasibət bildirdilər. Lakin deputatların heç bir təklifi qəbul olunmadı. Bu gün müzakirələr davam edəcək. Hökumət büdcə ilə bağlı yekun qərarını parlamentə 16 dekabrda təqdim edəcək.

Загрузка...
Загрузка...