Parlament sədrinin Türkiyə Cümhuriyyətini quranları “dinsiz” adlandırmasına sərt cavab

Şahin Cəfərli: “İsmayıl Qəhrəman dərhal istefaya göndərilməlidir”
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın 2014-cü ildəki sensasion açıqlaması üzə çıxıb. “Dünyəvilik yeni konstitusiyada olmamalıdır” fikirləri ilə gündəmə gələn Türkiyə parlamentinin sədri Əskişəhərdə etdiyi çıxış zamanı  "Cümhuriyyətin qurucusu olan kadrlar dinsiz idilər" kimi fikirlər səsləndirib.
Onun dedikləri Türkiyə ictimaiyyəti arasında ciddi müzakirələrə yol açaraq, sosial medianın əsas mövzularından birinə çevrilib. İ.Qəhrəman çıxışında Atatürk ilə bağlı da mövqeyini açıqlayıb: “Bu gün  Türkiyədə matəm günüdür, Atatürk öldü. Dünyanın heç bir yerində  böyük  bir adam öldü deyə ağlamazlar. Hər canlı ölümü dadacaq. Vaxtı gəldi öldü. O ölməz deyirdilər, amma öldü. 76 ildir ölmüş adamdan əl çəkmirlər. Cümhuriyyəti quran kadr pozitivist olub. Pozitivist nədir? Gördüyünə  inanır. Vəhyi ayəni inkar edirlər.  Pozitivizm Cümhuriyyəti quranların ideologiyası oldu, dindən uzaqlaşdılar".
Türk cəmiyyəti və dövlətinin bu məsələyə necə münasibət göstərəcəyi indidən maraq doğurur...
Politoloq Şahin Cəfərli hazırkı türk iqtidarının dünyəvilik prinsipinə isti yanaşmadığı qənaətindədir: “Türkiyədə hazırda hakimiyyətdə olan siyasi komandanın cümhuriyyətin “laiklik” (dünyəvilik) prinsipinə isti baxmadığı sirr deyil. Nəcməddin Ərbakanın əsasını qoyduğu “milli görüş” cərəyanının təmsilçiləri və ardıcılları olan bu komandanın bir çox üzvünün “Atatürk ilkə və inqilabları” – yəni Atatürkün müəyyənləşdirdiyi siyasi idarəçilik prinsipləri və onun həyata keçirdiyi inqilabi dəyişikliklərlə problemi var. Onlar Mustafa Kamal paşanın milli qurtuluş mübarizəsindəki rolunu qəbul etsələr də, cümhuriyyətin qurulmasından sonrakı Mustafa Kamalı, yəni Atatürkü qəbul etmirlər”.
Ş.Cəfərli Türkiyədə dinin təsirinin getdikcə daha çox yayıldığını da qeyd etdi: “Türkiyənin yaxın tarixinə nəzər salsaq, bu ideoloji bazada yaradılmış bir neçə siyasi partiyanın məhz dünyəvi dövlət əleyhinə fəaliyyətlərə görə Konstitusiya Məhkəməsi tərəfindən qapadıldığını görərək. Söhbət Ərbakanın yaratdığı
Milli Nizam, Milli Səlamət, Rifah və Fəzilət partiyalarından gedir. Düzdür, Fəzilət Partiyası parçalanarkən oradan ayrılaraq Ədalət və İnkişaf Partiyasını (AKP) yaradan Abdulla Gül və Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi qrup “milli görüş” cizgisindən uzaqlaşdığını bəyan etmişdi. Lakin AKP-nin 13 ildən çoxdur davam edən iqtidarı nəticəsində “milli görüş”ün qarşıya qoyduğu bir çox vəzifəyə nail olunub. Dini dəyərlərin toplum həyatında hegemon olmasına, cəmiyyətin mühafizəkarlaşmasına, dindar nəsillər formalaşdırılmasına çalışan AKP-nin siyasətinin nəticəsi olaraq ölkədə baş örtüyü tam sərbəstləşdirilib və parlamentdə, hökumətdə, digər dövlət idarələrində türbanlı qadınlar təmsil olunur. “İmam Xətib” məktəblərinə, “Quran” kurslarına gedən uşaqların sayı artıb. Ölkədə mühafizəkar-dindar seçici kütləsinin artdığı göz önündədir. AKP rəsmi şəkildə dünyəviliyə qarşı çıxmasa da, artıq əvvəlki “kamalist” Türkiyənin ortada olmadığını söyləməliyik. Onun yerinə AKP-nin ideoloji xəttinə uyğun “Yeni Türkiyə”nin formalaşdırılması prosesi davam edir”.
Politoloq Türkiyə parlamentinin sədrinin heç vaxt fikirlərini gizlətmədiyini söylədi: “İsmayıl Qəhrəman bir çox digər AKP-lidən fərqli olaraq, dünyəviliyə və sekulyarlığa qarşı fikirlərini heç vaxt gizlətməyib. AKP-də “abi” deyə çağırılan bu şəxs 1996-97-ci illərdə Rifah Partiyası hakimiyyətdə olarkən mədəniyyət naziri vəzifəsində çalışıb. O vaxt Qəhrəman ölkə ərazisindəki bəzi qədim xristian abidələrinin, muzeylərin məscidə çevrilməsi təklifi ilə çıxış edib. İstanbulun Taksim meydanında məscid inşa olunması məhz onun ideyasıdır. Onun “yabançı musiqi ilə adam olunmaz” şəklində əcnəbi musiqiyə qarşı səsləndirdiyi fikirlər də ictimaiyyətə məlumdur. İndi isə o, dünyəviliyin Konstitusiyadan çıxarılmasını tələb edir. Belə bir şəxsin müasir cümhuriyyəti quran Böyük Millət Məclisinə rəhbərlik etməsi Türkiyənin ayıbıdır. Məncə, bu şəxs dərhal istefaya göndərilməlidir”.