Parlament qaynayır: “lal” Nəriman Əliyevdən heyrətamiz fakt - Gərginlik

 
 
Milli Məclisin iclaslarında müxtəlif qanun layihələri müzakirə olunur; Deputatlar ölkənin siyasi-iqtisadi, sosial-hüquqi sahələri üzrə təkliflər verir, çıxışlar edir...
 
Politika.Az xəbər verir ki, parlamentarilər müxtəlif məsələlərə münasibət bildirir: bank sektoru, manatın taleyi, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələri, Qarabağ problemi və s. aktual mövzular ətrafında fikirlərini açıqlayır.
 
Amma bu çıxışların heç birində Masallıdan deputat seçilmiş Nəriman Əliyevi görmək mümkün deyil.
 
Vahid Əhmədov, Cavid Qurbanov, Məlahət İbrahimqızı, Elmira Axundova, Zahid Oruc, Siyavuş Novuzov, Fazil Mustafa, Rövşən Rzayev, Ziyad Səmədzadə, Hadı Rəcəbli və xeyli deputat adını çəkmək olar ki, ayrı-ayrı aktual məsələlər qaldırır, qanun layihələrinin qəbuluna fikirlərini bildirirlər.
 
Amma N.Əliyev bu müzakirələrin heç birində iştirak etmir. Deputatın mikrofununu az qala toz basıb. Onun parlamentdə səsini eşidən olmayıb. Hətta bu millət vəkili barədə vikipediyada əməlli-başlı, dürüst bir informasiya da yerləşdirilməyib.
 
Politika.Az xəbər verir ki, onun parlamentdə hansı komitənin üzvü olduğu bilinmir. Bu isə heyrətamiz faktdır. N.Əliyevin nə komitəsi bilinir, nə bioqrafiyası açıqlanır, nə də Milli Məclisdə bir çıxışını eşidən, səsinin necə olduğunu bilən var.
 
Onun barəsində internetdə axtarış verməklə yalnız və yalnız xoşagəlməz ittihamlara rast gəlmək olar. Gah narkotik alverində adı çəkilib, gah əsgərliyə getmədiyi, gah diplomunun saxta olduğu, gah Masallıda sahibkarları incitdiyi barədə materiallar görmək olar.
 
Hərçənd, deputatın hansısa məsələni qaldırması, spikerə müraciəti, hər hansı mövzuya münasibət bildirməsi, qanun layihələrindən birinə rəyinin olmasına dair yazı qarşımıza çıxmalıydı. Nəticədə mandat sahibi MM-də yer tutub.