Parisin topla “partlaması” vaxtı gəldi: yenə göz yaşları...

Bu həftə Fransada “Avro-2016“nın startı veriləcək
Avropanın dörd bir tərəfində tikanlı məftillərlə hasarlanmış “qaçqınlar şəhərciyi” salınıb, çempionatda bəzi iştirakçı dövlətlərin bir-birinə nifrət və qəzəbi düşmənçilik səviyyəsinədək artıb. Üstəlik, UEFA da faktiki başsız qalıb...
Yaxşı olar ki, bu çempionatda elə hamılıqla Türkiyəyə azarkeşlik edək.  Kim bilir, bəlkə, Avropanın yeni fatihləri elə Türkiyə millisi olacaq...
Futbolun iki korrupsionerinin “başı kəsilib atıldı”. Amma kəsilən təkcə korrupsionerlərin “başı” olmadı. Çempionatın ev sahibi ard-arda terorçuların hədəfi oldu
Axı necə köklənəsən ki, Avropanın dörd bir tərəfində tikanlı məftillərlə hasarlanmış “qaçqınlar şəhərciyi”salınıb, çempionatda iştirak edən bəzi dövlətlərin siyasi hakimiyyətlərinin bir-birinə nifrət və qəzəbi düşmənçilik səviyyəsinədək artıb. Üstəlik, çempionatın təşkilatçısı olan Avropa Futbol Federasiyaları Asosasiyası (UEFA) da faktiki başsız qalıb... UEFA prezidentinin adı hələ bu çempionatdan sonra - sentyabrın 14-də Yunanıstan paytaxtı Afinada baş tutacaq  toplantıda bilinəcək. Bu situasiya  Avropa çempionatları tarixində bir ilkdir...
FİFA-dakı rüşvət qalmaqalı bu qurumun prezidenti Jozef Blatteri kürsüsündən saldı, onun ardınca da UEFA-nın fransalı rəhbəri Mişel Platini də korrupsiya ittihamı ilə 4 il müddətinə futbola rəhbərlikdən kənarlaşdırıldı. Kimin ağlına gələrdi ki, qitə futbol qurumuna 2007-ci ildən başçılıq edən Platini iyunun 10-dakı “Avro-2016"nın açılışında nəinki UEFA prezidenti, heç ev sahibi, hətta qonaq qismində də iştirak etməyəcək. Bu günlərdə məlum olub ki, açılışa dəvət alsa da, Platini incidiyi üçün stadiona gəlməyəcəyinin deyib. Adamın üzü yoxdur ortaya çıxmağa deyə də bilərik. Amma inciməyə də haqq var. Platini UEFA prezidenti kürsüsünə oturduqdan bir il sonra - 2008-ci ildə ilk dəfə ”Avro-2016" da 24 komandanın iştirakına razılıq aldı. Bu format dəyişikliyi birbaşa Platinin adı ilə bağlıdır. 2010-cu ildə heç şübhəsiz ki, Platininin böyük dəstəyi sayəsində “Avro-2016"nı təşkil etmək istəyən üç namizəd ölkə - Türkiyə, İtaliya və Fransa sırasında vətənini qalib çıxarmağı bacardı.

İtaliya iki dəfə - 1968 və 1980-cı ildə Avropa çempionatına ev sahibliyi etsə də, seçimdə ikinci tura belə keçə bilmədi. Türkiyənin məlum, bu cür mötəbər çempionata hələ ki, ev sahibliyi etməsə də, UEFA İcraiyyə Komitəsinin 13 üzvünün verdiyi 38 xalla ikinci turda Fransaya rəqib olmağı bacardı. 2010-cu ilin 28 mayında Cenevrədə keçirilən səsvermədə Fransa üçüncü dəfə (1960 və 1984) Avropa çempionatına ev sahibliyi hüququ qazandı. Amma sən saydığını say, gör fələk... İŞİD nə sayır...  

Futbolun iki korrupsionerinin “başı kəsilib atıldı”.  Amma kəsilən təkcə korrupsionerlərin “başı” olmadı axı. Çempionatın ev sahibi ard-arda terrorçuların hədəfi oldu. 2015-ci ilin yanvar ayının 7-də Parisdə qalmaqallı “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum nəticədə 12 nəfər öldürüldü. Həmin ilin noyabrının 13-də Parisdə törədilən bir neçə terror aktlarında 130-dan çox adam həlak oldu. Həmin gün “Stad de Frans” da Fransa-Almaniya millisi də qarşı-qarşıya gəlirdi, amma teraktlardan sonra həmin oyun da yarımçıq dayandırıldı.

İŞİD-in törətdiyi noyabr terrorlarından sonra “Avro-2016"nın təxirə salına biləcəyi ilə bağlı iddialar yenidən səslənməyə başladı. Amma budur, çempionat qapıdadır...
Ölkənin 12 şəhərinin 12 stadionunda keçiriləcək çempionatın təhlükəsizliyi ilə bağlı Bakıda oturub nəsə demək mümkün deyil. Fransanın çempionat keçirmək təcrübəsi var, güman ki, son terror aktlarından sonra da terrordan sığortalanmaq üçün də acı da olsa təcrübə qazandı. Amma nə yazıq ki, Paris daha əvvəlki kimi əmin-amanlıq şəhəri deyil. İstərdik ki, bu narahat dünyada heç olmasa, bir ay əsl futboldan həzz alaq, qan-qadalı dünyamızda ah-nailə səslərini azarkeş həyəcanı əvəz etsin, göz yaşları 90 dəqiqəlik matçın sonunda bitsin, üzlər gülsün... Paris azarkeş səslərindən, “qol” sədalarından “partlasın”.
Təəssüf  ki, Azərbaycan millisi bu böyük futbol meydanında yenə də özünə yer edə bilmədi. Biz yenə hansısa ölkənin komandasına azarkeşlik etməli olacağıq. Amma “Avro-2016" dan tam kənarda da qalmamışıq. Tükiyəmiz var Fransada. Yaxşı ki, Türkiyə var. Hər mənada üzümüzü qara çıxarmır. 
“Avro-2016" da Türkiyə millisinin iştirakı bu çempionata Azərbaycanın diqqətini daha da artıracaq. Həyacanımızı da təbii. Özü də təkcə azarkeşin yox, böyük əksəriyyətin. Türkiyə serialları kimi evdar qadınlar da türk millisinin oyununa baxdığı çempionatları xatırlatmaq kifayətdir. Türkiyə Avropada indi sanki təklənmiş durumdadır.
Dünya və Avropa çempionatları haqda yazılarımı xatırlayan varsa bilir, bəndəniz Almaniya millisinin azarkeşidir. Uşaqlıq xəstəliyi deyək, keçməsi saxta “soyqırımı” qərarı ilə belə zor... Bundestim (milli), Bundestaq (parlament) deyil axı...

Amma Türkiyənin çempionatda iştirakının bu dəfə fərqli situasiya yaradacağının fərqindəyik. Onu da etiraf etmək lazımdır ki, Türkiyənin qatıldığı çempionatlarda əsl  futboldan həzz almaq bir az qəlizləşir.  Məsələn, ölkəmizdə Ukraynanın da, Rusiyanın da kifayət qədər azarkeşi var. Amma bu çempionat bir az fərqli dövrə təsadüf edir. Türkiyənin indi dəstəyə daha çox ehtiyacı var, çünki dünyada bir az da təklənmiş kimi görünür. Ruslar, ermənilər, indi də almanlar... Səmimi deyirəm, istəməzdim son dünya çempionu Almaniya ilə Türkiyə millisi qarşılaşılaşsın. Amma Türkiyə millisi azarkeşlik etdiyimiz hər hansı komanda ilə qarşılaşarlarsa... Yazmaq və kimlərisə yönləndirmək istəmirəm, çünki bunu da  “psevdotürkçülük” rəngi verilə bilər. Qısası, yaxşı olar ki, bu çempionatda elə hamılıqla Türkiyəyə azarkeşlik edək. Çətin qrupa düşüb, ispanlar da, çexlər də, xorvatlar da Avropanın ən yaxşıları sırasındadır.  Kim bilir, bəlkə Avropanın yeni fatihləri elə Türkiyə millisi olacaq...         
Yeri gəlmişkən, ilk dəfə olaraq 24 ölkənin milli komandasının iştirak etdiyi çempionatda çempionla bağlı proqnozlar hələ indidən “göydə uçuşur”. “Halva-halva deməklə ağız şirin olmur”, komanda da çempion. Məsələn, məşhur fransız universitetlərindən birinin riyaziyyatçılarının hesablamalarına  görə, 21.5 faiz ehtimal ilə çempionatın qalibi Fransa yığması olacaq. Almaniyanın qalib olmaq şansı isə 20.1 faizdir.  Son Avropa çempionu İspaniyanın titulunu qorumaq ehtimalının 13.7 faiz olduğu deyilir.
“Avro-2016"nın çempionu olmağa növbəti namizədlər isə İngiltərə (9.2 faiz) və Belçika (7.7 faiz) yığmalarıdır.

Bu cür proqnozlar bütün belə mötəbər  yarışlar ərəfəsi olur. Amma bunlar hamısı həm də mənasız işdir. 2004-cü ildə Yunanıstanın (indi çempionata düşə bilməyib) heç kimin gözləmədiyi halda Avropa çempionu olduğunu xatırlamayan varmı?  “Avro-2016"da favoritlər var, amma Avropa çempionatlarında debüt edən Albaniya, Uels, Slovakiyanı, eləcə də  Şimali İrlandiya, Polşa, Avstriya, Macarıstan kimi komandaların ”Avro 2016"ya yalnız top daşımağa gəldiyini düşünmək də olmaz.  Komandaların hamısını şansı bərabərdir, ilk oyunlardan sonra kimin nəyə qadir olduğu bilinəcək. Yalnız bundan sonra proqnozlar vermək olar.
Qruplarla bağlı oxuculara ətraflı məlumat verəndə biz də bu konyukturadan qaça bilməyəcəyik, kimin daha çox şansı olduğu barədə bütün proqnozları ümumiləşdirməyə çalışacağıq. Nə edəsən ki, çempionatların intriqası həm də proqnozlardır...
Fransa tarixində üçüncü dəfədir Avropa çempionatına ev sahibliyi edəcək. Fransada 1960-cı ildə keçirilən çempionat Avropa millətləri kuboku adlanırdı. Olimpiya sistemi üzrə keçirilən turnirdə kubok uğrunda 17 ölkənin milli komandası mübarizə aparırdı. Bir çox ölkələr- Qərbi Almaniya, İngiltərə və İtaliya bu yarışa gəlməkdən imtina etdilər. Nəhənglərin olmadığı çempionatda finala iki müttəfiq - Sovet İttifaqı və Yuqoslaviya çixdı.  Oyunun əsas hissəsi 1-1 hesabi ilə başa çatdi. Əlavə oyun vaxtında isə Yuqoslaviya qapısında daha bir qol gördü və SSRİ çempionatdan qalib kimi ayrıldı.

Fransanın ev sahibliyi etdiyi 1984-cü il çempionatı isə öz dramatikliyi ilə yadda qaldı. Gözəl oyunlar, intriqalar, oyunçular... Fransa həmin çempionatda güclü heyətlə təmsil olunurdu.  Mişel Platini, Jan Tiqana, Alan Jires kimi məşhur oyunçuları özündə birləşdirən Fransa  çempionatda gözəl oyunu ilə yadda qaldı və finala yüksəlməyi bacardı. Finalda İspaniya ilə qarşılaşan fransalılar azlıqda qalmalarına baxmayaraq, oyunu 2:0 hesabı ilə başa vurmağı bacardılar.
Bəs, bu dəfə Fransada nələr olacaq? Dörd gün sonra Avropa futbolla nəfəs alacaq. Nəfəslər kəsiləcək, yenə həyəcan, yenə göz yaşları, yenə kədər... Təki, dünyamız həmişə belə ola...