Paralel dünyalar nəzəriyyəsi: 4 inanılmaz əhvalat... - Video

Baxış sayı: 
1 092
0  
0  

 
Dünyamız əsl sirlər xəzinəsidir. Ancaq orta statistik insanlar o cür sirlərlə çox az hallarda qaşılaşır, yaxud da onlara ciddi fikir vermir, öz rasionalist düşüncəsiylə qarşılaşdıqlarını yuxu və ya cəfəngiyyat hesab edir, başından çıxarıb atmağa çalışır.
 
Teleqraf.com real insanların qarşılaşdığı belə fantastik əhvalatlardan dördünü təqdim edir:
 
Birinci əhvalat
 
Bu hadisə 1974-cü ildə Vaşinqtonda baş verib. Həmin il bir yay günü Martin C. Evə getmək üçün ofisindən çıxdı. Binadan çıxandan sonra gözü maşınını axtardı. Təəccübləndi ki, maşını öz yerində yox, başqa yerdə dayanıb. Maşının görkəmidə gözünə bir təhər dəydi, daha doğrusu, nədənsə öz maşını ona başqasınkı kimi gəldi.
 
 
 
Qapını açıb sükan arxasına oturdu, mühərriki işə salmaq istədi, açar yerinə uyğun gəlmədi. Amerikalı kiminsə o gələnə qədər maşınını oğurlamaq istədiyini anlayana kimi xeyli təəccübləndi. Dərhal baş verən hadisəilə bağlı polisə məlumat vermək üçün düşüb ofisə qayıtdı. Ancaq burda onu əməlli-başlı şokterapiya gözləyirdi: vestibüldə qoyulmuş telefon aparatı həmişəki yerində yox idi, üstəlik də hollun şəkli də bambaşqa olmuşdu. Martin xoflanmış halda öz mərtəbəsinə qalxdı, orda da öz otağını tapmadı; hər şey ayrı cür görünürdü, özgəydi, adam rəsmən ayrı binadaydı.
 
Baş verənlərdən əməllicə havalanmış Martin yenidən küçəyə çıxdı və... qəfildən gördü ki, onun tanıdığı dünya, axır ki, yerinə qayıdıb. Maşınıda yerində dayanmışdı, daha yad da gəlmirdi. Oturdu, açar yerinə düz gəldi, mühərrik də, necə deyərlər yarım dövrədən işə düşdü. Bundan sonra rahat nəfəs alıb evə qayıtmaq qalırdı.
 
İkinci əhvalat
 
1978-ci ildə günlərin bir günü İsveçrə ruhi xəstəxanasına Bricitt X. adlı hamilə qadın daxil oldu. O, dəhşət içində inanılmaz şeylər danışırdı.
 
Qadının dediyinə görə, əri bu yaxınlarda qəzada ölmüşdü. O, bu faciədən sonra az qala dəli olduğunu deyirdi. Dəfn onunçün qorxulu bir yuxu kimi keçmişdi; gələcəyi ona çox dumanlı görünür, hər şeydən soyuyub, təkcə Tanrıya dua eləyirdi ki, ona necəsə kömək etsin, ya da uşağıyla birgə öz yanına aparsın. Beləcə, onun kabus kimi keçən günləri uzanıb gedirdi...
 
 
 
Bir gün işdən qayıdıb ərini mətbəxdə sakitcə şam eləyən yerdə görməsi isə əsl möcüzə olur. Bir neçə dəqiqəlik çaşqınlıqdan, daha doğrusu, əməlli-başlı havalanandan sonra başa düşür ki, əri sağ-salamatdı. Əri boynuna alır ki, gerçəkdən yüngülcə qəza keçirib, ancaq hər şey yaxşıdı, sadəcə, bir az qorxubdu.
 
Öz dəfnini eşidəndən sonra isə, kişi arvadını ağlını bir balaca itirdiyinə inandırmağa çalışır. Nə qonşuları, nə qohumları Briciti inandıra bilmir ki, o, bunları sadəcə yuxuda görüb. Hamilə qadın inada qəbiristanlığa gedir, ancaq aydın məsələdi ki, “dəfn olunmuş” ərinin məzarını tapa bilmir.
 
Bətnində daşıdığı körpəyə görə narahat olan qohumları onu ruhi xəstəxanaya yerləşdirir. Ancaq müayinədən sonra həkimlər onun sağlam olduğunu müəyyən edir, sabahı gün isə “biz kiminsə fantaziya və yuxularını araşdırmaq fikrində deyilik” deyib, xəstəxanadan çıxarırlar.
 
Üçüncü əhvalat
 
Rostovlu Yelena Xəzəryan 1996-cı ildə jurnalistlərə başına daim möcüzəli hadisələr gəldiyini deyib...
 
Bir dəfə işdə sanki ekranda görürmüş kimi anasının huşsuz vəziyyətdə döşəmədə uzanıb qaldığını görür. Bəxtindən iş yeri evinin lap yaxınlığında olur, dərhal evə qaçır, anasını da az əvvəl gözünə göründüyü vəziyyətdə döşəmədə tapır – beyninə qan sızıbmış.
 
 
 
Bir dəfə isə o, oğlunu küçəyə yola salıb, televizorun qarşısına keçir. Birdən eşidir ki, arxa qapıda açar burulur, oğlu nə üçünsə qayıdıb. Di gəl, otağa girən olmur. Yelena çaşqın vəziyyətdə özünü evin girəcəyinə atır, görür, oğlu orda dayanıb. Ancaq nəsə belə qəribə, tutqun, elə bil duman içindədi. Sonra bu “ruh” daha da solğunlaşır, solğunlaşır, sonra havada tamamilə yoxa çıxır.
 
Dördüncü əhvalat
 
Bunu 2000-ci ildə “Trud” qəzetinin jurnalistləri yazıb. Olqa Q. adlı bir qadın onlara bacısının başına gələn çox məzəli bir hadisəni danışıb.
 
Qız açarı evdə unudub gəzməyə gedir. Bir qədər sonra rəfiqəsiylə qayıdıb qapının zəngini basır. Ancaq anası bütün günü evdə olacağını desə də, qapını açan olmur. Qızlar məcbur qalıb yenidən gəzməyə dönürlər.
 
 
 
İki saat sonra yenidən qayıdırlar, ancaq bu dəfə anası qapını ilk zəngdəcə açır. Qızının dediklərini eşidəndə isə xeyli təəccüblənir, evdən heç yana getmədiyini, hətta televizoru açmadığını, zəngi isə indi eşitdiyini deyir.
 
“Hətta onda onları lağa qoydum, - Olqa deyir, - paralel dünyaya düşdüklərini, orda isə evdə kimsə olmadığına görə qapının açılmadığını dedim... Onda onlara güldüm, ancaq birdən... çox keçmir öz başıma qəribə hadisələr gəlir. Bir gün evə qayıdıram, indicə aldığım dəb jurnalını yazı masasının üstünə qoyuram, tələsik nahar eləyib, instituta qaçıram. Axşam evə qayıdıram, jurnal yerində yoxdu. Heç kim - nə anam, nə bacım onu görüb, nə də götürüb. Ancaq ən təəccüblüsü bu deyil. Məlum olur ki, onlar bütün günü bir dəqiqə belə heç yana çıxmadan evdə olublar. Bəs necə olub ki, mən evdə nahar etmişəm, heç kimi görməmişəm? O vaxt mən hara uçubmuşam və indi mənim jurnalım hardadı?..”
 
Bəlkə gerçəkdən də bu əhvalatlarda adı çəkilənlər paralel dünyalara səyahət ediblər?..

Загрузка...
Загрузка...