Pambıq yığımı və "mətbuat katibələri"

 
 
Azərbaycanda jurnalist karyerasının pik həddi mətbuat katibi olmaqdır. Bu, həm də nüfuzun itirilməsi üçün yaxşı "fürsətdir". İlk baxışdan mübahisəli görünə bilər. Amma bir az dərinliyə gedəndə görürsən ki, əslində, belədir. Məsələn, illərlə mətbuatda, televiziyada çalışmış bir jurnalist uzağı 3-4 aya mətbuat katibi qismində nüfuzunu, çəkisini, hörmətini itirə bilir. Təbii ki, çox cüzi istisnalar var.
 
Doğrusu, bu sahədə təcrübəm olmadığından dəqiq deyə bilmərəm ki, o kresloda nə var və niyə insanların yumşaq yeri ora dəyən kimi davranışlarda, xarakterdə dəyişiklik baş verir. Amma onu dəqiq deyə bilərəm ki, bizdə mətbuat katibi həmin qurumun mətbuatla əlaqələrini tənzimləmək üçün yox, qurum rəhbərini, orada baş verənləri mətbuatdan gizlətmək üçün təyin olunur.
 
Ən pisi odur ki, bəzən bu işi qeyri-rəsmi görən həmkarlarımız da olur. Nə mətbuat katibi deyil, nə həmin qurumda çalışmır, amma yazdığın xəbəri qurumun mətbuat katibindən əvvəl o başlayır təkzib etməyə. Sonradan belə məlum olur ki, bu adamın ya həmin qurumun mətbuat katibi olmaq sevdası var, ya da hamısı "sabunun" kəramətindəndir.
 
İndi bu dediklərimizi təsdiqləməyə çalışaq.
 
Bir neçə gün öncə Hacıqabulun təhsil şöbəsinin müdiri Balaxanım Ələsgərova şəxsən mənimlə söhbətində bildirmişdi ki, təhsil işçilərinin bir qismi rayonda pambıq yığımına cəlb edilib. Elə xəbər sayta "oç eləməmiş" əli qələm tutan hər kəs bu xəbəri təkzib elətdirməyə çalışdı. Təhsil Nazirliyi də açıqlama verdi ki, müəllim və şagirdlərdən heç kim pambıq yığımına cəlb edilməyib. Həmin həmkarlar da sevincək xəbərimizin "təkzib"ini saytlarında yerləşdirdilər. Amma heç kimin başı işləmədi xəbəri axıra kimi oxusun. Bizim xəbərdə deyilmirdi ki, müəllimlərə pambıq yığdırılır və təhsil işçiləri təkcə müəllimdən ibarət deyil.
 
Tutaq ki, bir məktəbin mühafizəsini təmin etməli olan şəxsi götürüb aparırlar pambıq yığmağa. Məktəbə də kim istəyir girir, kim istəyir çıxır. Yaxud bir məktəbin istiliyinə nəzarət etməli olan şəxs gedir eyni işi görməyə, şagirdlər də soyuqdan "sitildəyirlər".
 
Göyçayda da analoji hal yaşanıb. Burada müəllimləri yox, həkimləri pambıq yığımına cəlb ediblər.
 
İndi Səhiyyə Nazirliyinin mətbuatdakı "mətbuat katibələri"ndən təkzib xəbərlərini gözləyirəm.