​Palmirada uğursuzluq - Netanyahudan Putinə xəbərdarlıq - ANALİZ

 
Son günlər Suriyada terrorçuların aktivləşməsi müşahidə olunur. Onlar humanitar fasilədən istifadə edərək, lazımi gücü toplamağa və itirdikləri torpaqları qaytarmağa çalışırlar.
 
Palmira - Suriyanın ağrısı
 
Qədim Palmira şəhəri yenidən İŞİD terrorçularının nəzarətinə keçib. Terrorçuların qəfil hücumu ilə qarşılaşan hökumət qüvvələri şəhərdə yaşayan dinc sakinlərin 80 faizini evakuasiya etməyə müvəffəq olublar. Bununla bağlı Hums vilayətinin qubernatoru Talal Barazi açıqlama verib. O əlavə edib ki, şəhərdə qalan dinc sakinlərin taleyi ilə bağlı heç bir məlumat yoxdur.
 
Hazırda şəhərin azad edilməsi üçün Suriya ordusu ilə terrorçular arasında gərgin döyüşlər gedir. Rusiya hərbçilərinin məlumatına görə, Palmirada 4 min İŞİD silahlısı vuruşur.
 
Barazi bildirib ki, Suriya ordusu və müxaliflərin birgə əməliyyatı şəhərin yaxın vaxtlarda yenidən azad edilməsinə şərait yaradacaq.
 
Palmiradakı uğursuzluğun səbəbləri
 
Rusiya Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, ordu generalı Yuri Baliyevskinin fikrincə, Palmiradakı uğursuzluğun əsas səbəbi humanitar fasilə olub: "Dinc sakinlərə kömək vacibdir. Ancaq bu fasilələrin həftələrlə davam etməsi terrorçuların xeyrinə olub. Onlar bu müddətdən istifadə edərək, bir bölgədən digərinə daşınır və yeni hücum planlarını həyata keçirirlər. Terrorçular ələ keçirdikləri ərazilərdəki silahlarla yenidən öz güclərini bərpa etməyi bacarırlar".
 
İsrail Suriyadakı hadisələri yaxından izləyir
 
İsrailin baş naziri Binyamin Netanyahu CBS telekanalına müsahibəsində Suriyadakı vəziyyəti qiymətləndirib. O bildirib ki, İsrail Suriyada baş verənləri yaxından izləyir: "İsrail gözlənilməz münaqişələrdən qaçmaq üçün Rusiyanın Suriyadakı planlarını izləyir və hərbi fəaliyyətini bunun üzərində qurur. Mən telefon danışığı zamanı Rusiya prezidenti Vladimri Putini xəbərdarlıq etdim ki, İsrail Suriya münaqişəsinə qarışmayacaq. Ancaq bununla yanaşı, biz Suriya üzərindən İranın İsrailə hücumuna imkan verməyəcəyik".
 
Bir müddət öncə yayılan məlumatlarda bildirilir ki, İsrail Suriyada fəaliyyət göstərən və prezident Bəşər Əsədin tərəfində vuruşan "Hizbullah" qruplaşmasına aviazərbələr endirir. Ancaq bu məlumat nə Dəməşq, nə də Qüds hökuməti tərəfindən təsdiqini tapmayıb.
 
Qeyd edək ki, İsrail 1967-ci ildə Holand təpələrini ilhaq edib. Ancaq bu ərazi hələ də beynəlxalq sənədlərdə Suriya ərazisi kimi təqdim edilir.

Загрузка...
Загрузка...