Özündən yaşlı xanıma vurulan məşhur aparıcıdan ŞOK ETİRAF: “O qız cəsarət etmədiyi üçün...” - MÜSAHİBƏ

"V element" verilişinin ən gənc aparıcısı kimi tanınan Fariz İlyasov müğənnilik karyerasına başladığını deyib.
Məşhur aparıcı Publika.az-a yaradıcılıq planlarından danışıb, həmçinin şəxsi həyatı haqqında gözlənilməz açıqlamalar verib.
“Atam televiziyadakı fəaliyyətimə də qarşıdır”
- Müğənni olmaq istəyi nədən yarandı? Bu, bir hobbidir, yoxsa müğənniliklə ciddi məşğul olmağı düşünürsünüz?
- Müğənni olmaq istəyi sonradan yaranmayıb, bu istəklə doğulmuşam. Uşaqlığımda səhər açılan kimi hasarın başına çıxıb mahnılar oxuduğumu xatırlayıram. Həmişə özümü səhnələrdə minlərlə tamaşaçı qarşısında konsert verərkən təsəvvür edirdim. Hətta belə bir yuxu gördüyümü xatırlayıram. Bütün bunlar uşaqlıq xatirələrim idi. Bağçada və məktəb illərində ən önəmli bayram tədbirlərində mahnıları mən səsləndirirdim. Musiqi istedadımı görən ibtidai sinif müəlliməmin təkidilə valideynlərim məni musiqi məktəbinə qoydular. Əməkdar artist Teyyub Aslanovun xanəndəlik sinfində xalq və bəstəkar mahnılarından dərs almağa başladım. Lakin bir neçə il sonra atam musiqi təhsilimi davam etdirməyimə qarşı çıxdı. Bundan sonra istiqaməti dəyişərək tamamamilə başqa ixtisas üzrə təhsil aldım. Amma indi anlayıram ki, içində səhnə eşqi olan birini əsla bu yoldan ayırmaq olmur. Universitet illərində aktyorluq fəaliyyətinə başladım. Əməkdar artist Bəhruz Vaqifoğlundan səhnə dərsləri aldım. Teatr qrupumuzla qatıldığmız birinci Ümumrespublika Teatr Festivalının laureatı olduq. Daha sonra Dövlət televiziyasında yayımlanacaq MAG verilişi üçün keçirilən kastinqlərdə aparıcı seçilərək efir fəaliyyətimə başladım.
Amma musiqi ilə məşğul ola bilməməyim içimə düşən köz kimi məni incitməyə davam edirdi. Buna görə özümlə çox mübarizə apardım, amma hiss edirdim ki, həyatımda nəsə çatmır. Məni tamamlayan o əskik parçanın musiqi olduğunu xatırladım və yenidən özümü musiqiyə həsr etməyə qərar verdim. Müğənniliklə ciddi məşğul olacam. Daha maraqlı mahnılar təqdim etmək üçün əlimdən gələni edəcəm. Mənə bu yolda dəstək olacaq insanların da olacağına inanıram.
- Bəs indi atanızın xeyir-duasını ala bildiniz?
- Atam mənim televiziyadakı fəaliyyətimə də qarşıdır, müğənni olmağımı istəmir.
- Bir çox gənc ifaçılar karyerasının ilk illərində ya türk, ya xalq, ya da başqa müğənnilərin mahnılarını ifa edərək tanınırlar. Siz isə yepyeni mahnı yazdırdınız. Bu barədə məlumat verərdiniz.
- Bu, mənim müğənnilik fəaliyyətimə başlayacağıma qərar verdiyim andan etibarən baş verən spontan bir hadisə oldu. Əslində tam fərqli lirik mahnı ilə çıxış etməyi planlalaşdırırdım. Komandamla işlərimizi müzakirə edəndə onlara yeni mahnı yazdığımı dedim və fikirlərini öyrənmək istədim. Mahnını dinlədikləri zaman çox təəccübləndilər və mənə “Sev sən məni” mahnısı ilə çıxış etməyi məsləhət gördülər. Odur ki, onların mahnını çox sevdiklərini görüb elə yazdığım ilk ritmik mahnı ilə çıxış etməyə qərar verdim.
- Nə vaxtdan mahnı bəstələməyə başlamısınız?
- Gəlin bir az düzəliş edək, mən sadəcə sözlərin müəllifiyəm. Mahnının musiqisi Amerika bəstəkarlarına aiddir, onu bəyəndiyim üçün öz-özümə “Mən bunu oxumalıyam” dedim. Oturdum və sözlərini yazmağa başladım.
- “Sev sən məni”ni kiməsə həsr etmisiniz?
- Əslində çox ritmik və əyləncəli səslənən bu mahnının mövzusu hisslərinə qarşılıq tapmayan gəncin dramından bəhs edir. Belə ki, mahnı gördüyü an baxışlarına heyran qalan, hərəkətlərinə vurulan oğlanın hisslərini qiymətləndirməyən, üzünü çevirib gedən xanıma həsr olunub. Onu öz hisslərinə inandırmağa çalışır. Təəssüf ki, bəzən zərif cinsin nümayəndələri bizə və hisslərimizə qarşı çox kobud ola bilirlər.
“O sevgidə də cəsarətli ola bilmədi...”
- Yəni Fariz İlyasov “Sev sən məni” mahnısı ilə özünü bəyəndiyi xanıma sevdirə bilmədi...
- “Sev sən məni” dediyim o xanım məni sevməyə, yanımda olmağa cəsarət etmədiyi üçün geri çəkildi. O, sevgidə də cəsarətli ola bilmədi...
- Mahnıda Məcnun kimi sevdiyinizi etiraf etmisiniz. Maraqlıdır ki, o, xanımın eşqindən həqiqətən də Məcnuna çevrilmişdiniz?
- Öz hisslərimi Məcnunun hisslərindən zəif hesab edə bilmərəm. Sevmişəmsə, dəlilər kimi sevmişəm. Sevəndə içimdə nələr yaşadığımı bir özüm bilirəm. Məcnun özünü çöllərə atır, dəlilik edir, ağrısını bu yolla ifadə edir, amma mən daha çətin yolu seçirəm. İçimdə fırtınalar qoparkən yaşadıqlarımı kimsəyə hiss etdirmədən dik duraraq həyatıma qaldığım yerdən davam edirəm.
- Özündən yaşca böyük xanımlara vurulan kişilərə necə baxırsınız? Heç başınıza belə bir hadisə gəlib? Ümumiyyətlə, sevgidə yaşın fərqi var?
- Bu sualı gözləmirdim, amma bir halda ki, verilib açıqlayım. Mahnımın sözləri özümdən yaşca böyük xanıma həsr olunub. Müsahibələrimin birində qeyd etmişdim. Mənə görə sevgi yaşa, sosial statusa, irqə, yaraşığa və digər faktorlara baxmır. Bu, yalnız enerji uyumudur. Əgər siz birini görərkən, düşünərkən, onunla danışarkən, baxışarkən həyatdakı hər şeyi unudursunuzsa və sizin üçün həyat sadəcə ondan ibarət olursa, demək ki, siz sevirsiniz.
“Hər şeyi və hər kəsi qarşıma alacaq qədər güclü sevirəm”
- Çox cəsarətli açıqlamadır. Valideynlərinizin buna münasibəti necə olardı?
- Yəqin ki, qarşı çıxardılar. Amma sevgi cəsarət istəyir. Sevəndə hər şeyi və hər kəsi qarşıma alacaq qədər güclü sevirəm. Verdiyim qərarların da hər zaman arxasında dururam.
- Sizcə, həmin xanım nə vaxtsa verdiyi qərara görə peşman olacaq?
- Bilmirəm. Bəlkə də ikimiz üçün də ən doğru qərarı o verib. Bəlkə də mən axmaqlıq etmişəm. Bunu yalnız zaman göstərəcək.
- Aşiq olduğunuz xanım məşhur idi?
- Bu haqda heç nə deməyəcəm.
“Peşəkar olmağa gedən yol peşəkarlarla çalışmaqdan keçir”
- Gələcəkdə peşəkar bəstəkarlarla işləməyi düşünürsünüz?
- Peşəkar olmağa gedən yol peşəkarlarla çalışmaqdan keçir. Ümumiyyətlə, işini keyfiyyətli görən hər bir musiqiçi kimi bəstəkar və söz yazarı ilə çalışmağı çox istəyirəm. Musiqiçilərimiz də mənimlə çalışmağı arzu etsələr, dünyada məndən xoşbəxti olmaz.
- Aparıcıların ifaçı kimi fəaliyyəti göstərməsini müğənnilər həmişə qısqanclıqla qarşılayıb. Tənqidlərə hazırsınız?
- Mən hər kəsdən yalnız dəstək gözləyirəm və belə olacağına da inanıram. Həm də gərək müğənniləri qısqandıracaq layihələr təqdim edim ki, qısqansınlar. Odur ki, bunu deyə bilmək üçün hələ çox tezdir.
“Dostum göz yaşlarına hakim ola bilməmişdi”
- Farizin üslubu digərlərindən nə ilə fərqlənəcək?
- Üslubu müəyyənləşdirən ifa tərzi və mahnılardır. Bu məsələdə gələcəkdə çalışacağım musiqiçilərin də böyük rolu olacaq. Ona görə hələlik bu haqda dəqiq məlumat verə bilməyəcəm. Şəxsən mən “dance pop” janrında olan ritmik mahnıları çox sevirəm, amma ətrafım ifamda lirika dinləməyi sevir. Hətta bir dəfə dostum ifamı dinlədikdən sonra göz yaşlarına hakim ola bilməmişdi. Səs tonumun sakitləşdirici effekti var. Özümü dinləyəndə başım dincəlir (gülür).
- Aparıcılıq fəaliyyətini də davam etdirəcəksiniz?
- Hazırda bütün planlarım musiqiyə yönəlib, odur ki, aparıcılıq fəaliyyətimi bir müddətlik dondurmuşam. Buna baxmayaraq məni cəlb edəcək maraqlı layihə olarsa, niyə də yox.
- Müğənni olmaq istəyinin bir səbəbi onların aparıcılardan fərqli olaraq daha yaxşı pul qazanması ola bilər? Toylarda oxuyacaqsınız?
- Müğənni olmaq istəyinin əsas səbəbini artıq bilirsiz. Musiqi məni tamamlayır və musiqi ilə xoşbəxt oluram. Maddiyyat məsələsinə gəldikdə isə insanın zövq alaraq gördüyü işdən pul qazanması qədər gözəl ikinci nə isə varmı dünyada? Toylarımızda Jennifer Lopes belə oxuyursa, mən niyə oxumayım? Hətta mahnımı təqdim etdiyimin üçüncü günü mənə toyda oxumaq təklifi gəldi. Toydakı çıxışım alqışlarla qarşılandı, çox sevindim.
“Fariz İlyasovu o kürsüdə görə bilməyəcəksiniz”
- Sizi yeni mövsümdə efirdə görə biləcəyik?
- Əgər söhbət “V Element” verilişindən gedirsə, bunu ilk dəfə sizə açıqlayıram ki, yeni mövsümdə Fariz İlyasovu o kürsüdə görə bilməyəcəksiniz.
“Tarkan ola bilərəm”
- Həmkarınız Ranar Musayev bir müsahibəsində deyib ki, “Fariz Tarkan olmağa hazırlaşır”. Sizcə, o, gücünüzə şübhə ilə yanaşır?
- Bu, bizim kollektivdə olan bir zarafatdır. Dediyim kimi mənimlə çalışan hər kəs musiqiyə olan marağımı yaxşı bilir. Çəkiliş aralarında kulisdə həmişə oxuyuram. Və “V Element” kollektivi məni Tarkana çox bənzədir. Ranar gücümə yaxşı bələddir, o bilir ki, çalışsam, Tarkan ola bilərəm.
- Azərbaycanın musiqi tarixinə düşmək üçün gənc ifaçılarda hansı keyfiyyətlər olmalıdır?
- Səs, səhnə xarizması, maraqlı repertuar, çalışqanlıq, çalışqanlıq və yenə də zəhmət.
- Ranar Musayev Amerikada çox böyük çətinliklərlə üzləşdiyi günlərdə “V element” verilişindən Kamilə Babayevdan başqa onunla heç bir həmkarının maraqlanmamasından gileylənib. Dostunuza, həmkarınıza qarşı niyə belə laqeyd davranmısnız?
- Ranar Amerikada olarkən mən sosial mediadan, internetdən, telefondan uzaq təbiət qoynunda, dağların ətəyində ailəmlə istirahətdə idim. Nəinki Ranar, ümumiyyətlə, heç kimlə əlaqəm yox idi. Və Amerikada dağıntıların olduğunu Bakıya döndükdən sonra öyrənmək imkanım oldu. O zaman da Ranarla bütün kollektiv olaraq danışıb vəziyyəti ilə maraqlandıq. Əlbəttə ki, vəziyyəti öyrənəndə çox narahat oldum, amma önəmli olan onun sağ-salamat vətənimizə qayıtmasıdır.
- Yeri gəlmişkən, verilişin aparıcıları həqiqətən də dəyişəcək?
- Önəmli olan aparıcının dəyişməsi deyil, gedənin yerini doldura bilməkdir. Mən tamaşaçıya gedəni unutdurdum, görək yeni gələn məni unutdura biləcək, yoxsa gözləriniz Farizi axtaracaq (gülür).
- Yaraşığınıza, yoxsa səsinizə daha çox güvənirsiniz? Hansı sizi ulduza çevirəcək?
- İnsanı ulduz edən onun yaraşığı və ya səsi deyil. İnsan bütünü ilə maraqlıdırsa, o zaman ulduzdur. Heç televiziyada yox idim, heç tanınmırdım da, amma mənlə şəkil çəkdirib avtoqraf alırdılar. Çox qəribə səslənir elə deyilmi? Ancaq bunu yaşadığım üçün mənə qəribə gəlmir (gülür).
Aytən

Загрузка...
Загрузка...