“Özünə demokratam deyənlərin çoxu...” - Müsahibə/Özəl

Ağ partiyasının sədri Tural Abbaslı Politika.Az-a müsahibə verib. Partiya rəhbəri gündəmdə olan hadisələrlə bağlı suallarımızı cavablandırıb:
 
- Tural bəy, Ağ partiyada işlər nə yerdədir?
 
- Qurultaydan sonra qeydiyyatdan keçmək üçün sənədlərin təqdim olunmasına hazırlıq gedir. Ədliyyə Nazirliyinə bu sənədləri təqdim edəcəyik. Düşünmürəm ki, hansısa maneə olsun. Doğrudur, onların nə qərar verəcəyini özləri daha yaxşı bilir. Sadəcə, xüsusi qərəzi olacağını gözləmirəm.
 
- Partiyanın qurultayında Müsavatdan iştirak edənlər oldumu?
 
- Yox, olmadı. Biz bütün partiyalara, o cümlədən hakim partiyaya da dəvətnamə göndərmişdik. Bəzi partiyalara texniki səbəblərdən dəvətnamə çatmamışdı. Təşkilat komitəsinin qərarı belə oldu ki, bütün siyasi təşkilatlar dəvət olunsun.
 
- Bəs, bundan sonra Müsavatla münasibətlər hansı səviyyədə olacaq?
 
- Hər hansı partiyaya xüsusi imtiyaz vermək niyyətimiz yoxdur. Bütün müxalif təşkilatlara eyni kriteriyalarla baxacağıq. O partiyaların özləri bizimlə necə əməkdaşlıq edəcəyini müəyyənləşdirəcək. Kim xoş münasibət göstərəcəksə, qarşılıq görəcək, kim intriqa istəyəcək, cavabını alacaq. Ağ partiya müxalifət partiyaları ilə funksional əməkdaşlığın tərəfdarıdır.
 
- Tural bəy, Ağ partiyanın Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinə münasibəti nədən ibarətdir?
 
- Partiya belə dəyişikliklərin demokratiyadan uzaqlaşmağa doğru atılan addım kimi qiymətləndirir. Layihənin qəbul olunması hakimiyyətin mövqelərini möhkəmləndirmək və ömrünü uzatmağa yönəlik hazırlıqdır.
İnanmıram ki, beynəlxalq aləm və Qərb təsisatları referendumu alqışlasın. Çünki Avropa ölkələrində prezidentlik 5 illikdir. Düzdür, Türkiyəni misal göstərmək olar. Amma nəzərə almaq lazımdır ki, qardaş ölkədə parlament üsul-idarəçilikdir.
Bu baxımdan 7 illik prezidentlik demokratik prinsiplərə ziddir. Bir şəxs iki dəfə prezident seçildiyi halda 14 il dövlətə rəhbərlik etmiş olacaq. Eyni zamanda növbədənkənar seçkilərin keçirilməsi barədə səlahiyyətin prezidentə verilməsi haqda qanun layihəsinin əleyhinəyik.
 
- Deputat Qüdrət Həsənquliyevin fikrincə bu qanun layihəsi Türkiyə hadisələrindən qaynaqlanır, siz bu fikirləri bölüşürsünüzmü?
 
- Heç şübhəsiz ki, bu layihə birbaşa Türkiyədə hərbi çevrilişlə əlaqəlidir. Yəni, Milli Məclis olmadan prezidentin orduya göstəriş verməsi səlahiyyəti nəzərdə tutulur. Qardaş ölkədə baş verənlər göstərdi ki, prezident hərbi çevrilişə cəhd zamanı polisə arxayın olmağa məcbur idi.
Digər silahlı qüvvələrdə isə xəyanət təhlükəsi varıydı. İndi Azərbaycan hökuməti də bu və ya digər şəkildə nə zamansa ola biləcək hərbi çevriliş təhlükəsindən özünü sığortlamaq prezidentə tabe olan ordu formalaşdırmaq istəyir.
Türkiyə Azərbaycana siyasi peykdir və qardaş ölkədə baş verənlərin təsirini danmaz olmaz. Necə ki, Tunisdə “ərəb baharı” başlananda bütün ərəb dünyası silkələnmişdi. Bu mənada coğrafi və milli-mədəni, dini mənsubiyyətdəki yaxınlıq siyasi arsenalda da təsir göstərir.
 
- Yeri gəlmişkən, hərbi qiyamla bağlı Ağ partiyanın və Tural Abbaslının mövqeyini qınayanlar oldu, sizi Ərdoğançılıqda qınadılar. Onların tənqidlərini qəbul edirsinizmi?
 
- Ağ partiya özünü sağ-mərkəzçi təmayüllü elan edib. Milli düşüncəyə malik və mühafizəkar bir partiyadır. Mühafizəkar partiyanın başqa ölkədəki mühafizəkar partiyanı dəstəkləməsində qeyri-adi hal görmürəm. Biz Türk-İslam dünyasında bu modelin, ittifaqın formalaşdırılmasının tərəfindəyik.
Necə ki Sosintern var və dünya sol təşkilatları bir yerə toplanır, dünya liberallar ittifaqı var, niyə də Türk-İslam birliyi üçün mühafizəkar partiyaların ittifaq olmasın?! Biz Ərdoğançı deyilik, ideoloji partiyayıq. Ona görə tənqidləri dözümlə qarşılayırıq. Zaman göstərdi ki, regionda iqtisadi potensialına görə Türkiyə inkişafın ən pik həddindədir.
Bu tərəqqiyə görə AKP-nin böyük əməyi var. Bu mövqeyimizdə qətiyik. Əksinə, dünənə kimi özünə demokratam deyənlərin çoxu bu hadisələrdə aqressiyasını gördük, xuntaya simpatiyasını müşahidə elədik. Onlar nəinki bizi, Türkiyə dövlət rəhbərlərini belə təhqir elədilər. Həmin adamlar isə Azərbaycanda dövlət idarəçiliyi arzusundadır.
 
- Sizcə, Türkiyə bu prosesdən necə çıxacaq?
 
- Türkiyə ağır bir siyasi böhran içərisindədir. Düzdür, hərbi qiyam yatırılıb, həbslər gedib, amma sabitlik tam bərpa olunmayıb. Türkiyənin sabitliyini istəməyən qüvvələr var. Bu gün Ərdoğan olduqca mürəkkəb bir siyasi burulğan içərisindədir.
İnşallah, bu mərhələdən qardaş ölkənin salamat çıxacağına inanıram. Biz artıq Türkiyə səfirliyinə məktub ünvanlamışıq. Məktubda şəhid olanlara görə başsağlığı verilib. Həmçinin, bir təkliflə çıxış etmişik. Bilirsiniz ki, hərbi çevrilişə cəhddən sonra informasiya müharibəsi gedir.
Türkiyəni və hökuməti nüfuzdan salmağa cəhd olunur. Təklif etmişik ki, səfirlik dəyirmi masa və yaxud mətbuat konfransı keçirsin, ictimaiyyətdə yaranmış suallara aydınlıq gətirilsin.