Özbəkistanda müəllimlərə maaş əvəzinə cücə verdilər

Özbəkistanın tərkibində olan Karakalpakistan Muxtar Respublikasının Nukus kəndində yerli hökumət  müəllimlərin maaşını cücə ilə ödəyib. Müəllimlər isə radiolardan birinə zəng edərək bu duruma etirazlarını bildirib və bu hərəkəti untancverici adlandırıblar.
Müəllimlər bildirib ki, bu hadisə ilk dəfə yaşanmır. Ötən il də onlara maaş əvəzinə, kartof, balqabaq, kök veriblər. Bu il isə yenə pul əvəzinə müəllimlərə cücə paylayıblar: “Bizə pul lazımdır, cücə yox. Cücə lazım olsaydı, özümüz gedib bazardan alardıq”.
Qeyd edək ki, ölkədə uzun illərdir nəğd pul problemi yaşanır.  Bu səbəbdən maaşların ödənilməsində ciddi gecikmələr olur. Bu ay dövlət məmurları da banklarda pul olmadığı üçün iki aydır maaş ala bilmədiklərindən şikayət etmişdilər.