Özbəkistan Azərbaycanla birgə rəqabət meydanında

 
    
 
Bakı-Tiflis-Qars dəmiryolu Mirziyoyev hakimiyyətini Rusiyadan qopara bilər
 
2018-ci ilin ilk rübündə Özbəkistan Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə pilot qaydada tranzit yükdaşımalarına başlaya bilər. Bu barədə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanın mətnində deyilir.Özbəkistan prezidenti 2018-2022-ci illəri əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramını təsdiqləyib. Proqrama Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolu xətti ilə pilot qaydada tranzit yükdaşımalarının həyata keçirilməsi bəndi də yer alıb. Qrafikə əsasən, ilk yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanılması nəzərdə tutulub.
 
Proqrama əsasən, Özbəkistan tərəfi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında da iştirak edəcək.Qeyd edək ki, Özbəkistan Azərbaycan üzərindən Avropaya və əks istiqamətdə Çinə qədər uzanacaq yükdaşımalara hələ 1993-cü ildə TRASEKA layihəsi təqdim olunandan maraq göstərir. Tarixi İpək yolunun bərpasının sonrakı mərhələsində, 1996-cı ildə Türkmənistanın Sərəxs şəhərində tranzit yüklərin sərbəst, itkisiz və güzəştli tariflərlə daşınmasına dair Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət başçıları tərəfindən tranzit daşımaların tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında saziş və dəmiryolu nəqliyyatının fəaliyyətinin əlaqələndirilməsinə dair müqavilə imzalanıb. 1996-1998-ci illərdə proqrama Ukrayna və Moldova, 2000-ci ildə isə Bolqarıstan, Rumıniya və Türkiyə qoşulub.
 
Özbəkistan Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin üzvü olmasına baxmayaraq, ilkin mərhələdə bu layihədə fəal iştirakı müşahidə olunmurdu.Bu isə həm siyasi, həm də iqtisadi səbəblərlə bağlı idi.Belə ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun xarici siyasətdə neytral mövqe nümayiş etdirməsi faktiki olaraq, ölkəni təcrid vəziyyətinə salmışdı.Kərimovun Özbəkistanı GUAM üzvlüyündən çıxartması, eləcə də Qərblə münasibətlərinin gərgin olması, Rusiya və Çinlə münasibətlərdə isə məsafə saxlamaq siyasəti Özbəkistanı xarici investorlar üçün cəlbedici etmirdi.Ancaq 2016-cı ildə hakimiyyət başına gələn Şövkət Mirziyoyevin ölkədə siyasi və iqtisadi islahatlara başlaması özünü Özbəkistanın böyük regional layihələrdə iştirakının artmasında da göstərdi.
 
İqtisadi səbəb Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin rentabelliliyinin və geostrateji əhəmiyyətinin artması ilə bağlıdır.Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə düşməsi isə adıçəkilən marşrutu daha cəlbedici edib.Yəni Bakıdan Türkiyəyə dəmiryolu vasitəsilə yükdaşımaların reallığa çevrilməsi Avrasiya məkanındakı dövlətləri fakt qarşısında qoyub.Ona görə də bir vaxtlar Bakı-Tiflis-Qars dəmiryolunun gerçəkliyə çevriləcəyinə şübhə ilə yanaşan ölkələrin mövqeyində dəyişiklik müşahidə olunur.Hətta 1998-ci ildə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişi imzalamaqdan imtina edən Türkmənistan da bu məsələyə yenidən baxmaq və TRASEKA-ya qoşulmaq niyyətini nümayiş etdirir.
 
Təbii ki, Özbəkistan üzərindən tranzit yükdaşımaların artması bu ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətini də artıracaq. Bu da yaxın perspektivdə Rusiya, Çin, ABŞ, Avropa Birliyi, Türkiyə, Hindistan, İran kimi dövlətlərin maraqlarının kəsişdiyi Mərkəzi Asiya uğrunda geosiyasi rəqabətin güclənməsinə səbəb olacaq. Proseslərin belə istiqamət alması indiyə qədər "Moskvanın adamı" kimi tanınan Mirziyoyev hakimiyyətinə daha geniş akvatoriyalı xarici siyasət yürütmək imkanı verə bilər.Yəni Özbəkistanın transmilli və regional layihələrdə iştirakının artması rəsmi Daşkəndə gələcəkdə Rusiyanın asılılığından çıxaraq daha çox balanslaşdırılmış kursa keçmək imkanı yaradacaq.
 
Ən iri mal istehsalçılarının Asiyada yerləşməsi və əsas istehlakçıların Avropada olması Özbəkistanı tranzit məkan kimi cəlbedici edir.Belə ki, yük axınlarının göndərilmə nöqtələri və mal göndərən böyük ölkələr Özbəkistan ərazisindən istifadə edəcək.Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşən Özbəkistanın bu marşrutdan faydalanmaq imkanları Bakı-Tiflis-Qars dəmiryolu xəttinin fəaliyyətindən çox asılıdır.Çünki Türkiyə ərazisin keçməklə və yaxud Gürcüstanın Qara dənizdəki Poti limanı vasitəsi ilə Avropa-Qafqaz-Asiya istiqamətində daşınan yüklərin məsafə baxımdan qısa və daha ucuz tranzithaqqı hesabına daşınması tədarükçü və istehlakçı ölkələr üçün əlverişli şərait yaradır.
 
Bu baxımdan, Azərbaycanın Ələt limanından yola salınacaq həmin yüklər şərqdə Türkmənistanın "Türkmənbaşı" və ya Qazaxıstanın "Kurık" limanlarına, oradan isə Özbəkistan ərazisindən keçməklə Mərkəzi Asiya bazarlarına və Çinə göndəriləcək.Həmçinin, Çindən Avropaya tədarük edilən yüklər Özbəkistandan keçməklə adıçəkilən limanlara, oradan da bərələr vasitəsilə Ələt limanına daşındıqdan sonra Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropa bazarlarına yola salınacaq.Bu da öz növbəsində, Qərb dövlətlərinin Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxışını asanlaşdıracaq.Ona görə də yaxın gələcəkdə Mərkəzi Asiya uğrunda artması gözlənilən böyük rəqabətdə Azərbaycanın da yer aldığı yeni geostrateji formatın meydana çıxacağını söyləmək olar.
 
Müşfiq Abdulla
 
Cebhe.info

Загрузка...
Загрузка...