Özbək şairi: Ermənilər təcavüzkar əməllərindən əl çəkməlidirlər

Aprelin 2-dən başlayaraq erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdikləri növbəti təxribatları diqqətlə izləyirəm. Ermənistan Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib, bu ölkə ərazisinin 20 faizi deməkdir.
Bu fikirləri AZƏRTAC-a özbək şairi və tərcüməçi Şəhla Qasımova deyib.
O bildirib ki, 1991-1994-cü illərdəki qanlı müharibədə Azərbaycan 20 min şəhid verib, 1 milyon vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Hazırda onlar Azərbaycanın müxtəlif rayonlarında doğma torpaqlarının həsrəti ilə yaşayırlar. Azərbaycanda çoxlu dostlarım var. Həm onların vasitəsi ilə, həm də sosial şəbəkələrdə müntəzəm olaraq bu haqda materiallar oxuyuram. Onu da bilirəm ki, 1994-cü ildən tərəflər arasında sülh müqaviləsi imzalanıb, elə o vaxtdan da danışıqlar gedir, nəticəsi isə ermənilərin qeyri-konstruktiv mövqeyinə görə hələ ki yoxdur. Danışıqlar qeyri-müəyyən vaxta qədər uzana bilməz axı.
Ş.Qasımova vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və qaçqınların öz dədə-baba torpaqlarına qaytarılması ilə əlaqədar 4 qətnamə qəbul edib, bir sıra digər sənədlər qəbul olunub. Amma nə BMT TŞ, nə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər təcavüzkara güldən ağır söz demir. Necə olur ki, BMT TŞ-sı digər ölkələrlə bağlı analoji qərarlar qəbul etdikdən sonra mexanizmlər işə düşür, ancaq Azərbaycana gəldikdə bu baş vermir, az qala təcavüzkarın başı sığallanır.
Özbək şairi və tərcüməçi deyib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyinin qorunmasını, öz əzəli torpaqlarının geri qaytarılmasını istəyir. Ermənistan isə görünür Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq arzusundadır.
Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan çoxmillətli ölkədir, burada bütün millətlərin nümayəndələri sülh şəraitində yaşayır, ermənilər də yaşaya bilərlər.
Ş.Qasımova deyib ki, ermənilər öz təcavüzkar əməllərindən əl çəkib torpaqları əsil sahibinə qaytararsa hər iki xalq rahat, sülh və əmin-amanlıq şəraitində yaşayar.