“Öz millətimizdən olan kiminsə belə bir şərəfsizlik etməsinə inanmıram”

“Anar müəllim heç olmasa 100 adamı dolandırırsa, sağ olsun”
 
 
 
Moderator.az xəbər verir ki, nəğməkar şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Yeni Müsavat”ın qonağı olub.
 
Müsahibəni təqdim edirik:
 
 
- Sizin son şeirlərinizi izləyirəm, nəsə kədər hissi var...
 
- Yox, onlar yeni yazdığım şeirlər deyil. Sadəcə, oxucularım həmin şeirləri sevir və mesaj yazırlar ki, onları yenidən  Facebook-da paylaşım. Oxucuların xahişini nəzərə alıb, “Olmadı”, “Səbrim tükənib” və digər şeirlərimi yenidən təqdim edirəm. Oxucuların hamısı şeirlərimi bəyənir, bildirirlər ki, “sanki bizim dilimizdən yazıbsan”. Bəziləri isə yazır ki, “Allah ruzini versin”, mənə təskinlik verirlər (gülümsəyir). Mən də  dedim ki, “şükür ki, ruzidən şikayətim yoxdur”.
 
- Bəli, bu şeiriniz çox sevilir: “Ruzi atlı olub, mən də piyada...”
 
- Bir gənc isə yazmışdı ki, “Ruzi məndə raketdir”. Mən də çox pis oldum. Yazdım ki, “Ay əziz dostlar, bu şeirdə mən özümü nəzərdə tutmamışam. Burada ümumi olaraq xalqın dərdini yazmağa çalışmışam”. Ümumiyyətlə, şeirdə kədər və pərişanlıq motivləri olmalıdır da.
 
- Oxucuları qınamaq olmur. Çünki gizlin deyil ki, hazırda əksər şairlər şeirdə təsvir olunan durumdadırlar.
 
- Ümumiyyətlə, Füzuli də cəmi 40 tümən pulla dolanıb. M.Ə.Sabir isə Balaxanıda Azərbaycan və fars dilindən dərs deyirmiş. 10 tümən isə qəzetlərdən alırmış. Şeirlərini piyada yol gedərək təqdim edirmiş. Xətirlərinə dəyməsin, kabinetdə oturan, gözəl həyat şəraiti sürən şairlər kifayət qədər tarixdə qalmır, sevilmirlər.
 
- Bəs bu gün şairlərimizin qayğısına kim qalmalıdır?
 
- Dövlət şairlərin qayğısına qalır. Bu da sovet dövründən qalma bir ənənədir. Xaricdə nəinki  belə bir ənənə, heç yazıçılar birliyi də yoxdur. Amma yaxşı ki, bir çox şairlər AYB-də, onun ədəbi orqanlarında işləyirlər. Onlar maaş alır, bəziləri isə prezident təqaüdünə layiq görülür.
 
- Yəni AYB-dən yarıyan şairlər var...
 
- Bəli, bəli. Bəzi şairlər deyinirlər, amma mən həmişə qeyd edirəm ki, yaxşı ki, birliyin 1800-ə qədər üzvü var. Onların da təxminən 300-ə qədəri şair və yazıçıdır, eləsi də var ki, birliyə elə-belə üzv olub. Məsələn, bizdə akademiyada bəziləri var ki, ədəbiyyatşünas kimi birliyə keçiblər, amma onların ədəbiyyata heç dəxli yoxdur. “Salam əleyküm”ə quruma üzv olublar. Onları çıxsaq, bir çox qələm dostlarımız qurumdan dolanır. Mən burda pis bir şey görmürəm. Anar müəllim heç olmasa, 100 adamı dolandırırsa, sağ olsun.
 
- AYB ilə bağlı son qalmaqaldan kənarda qaldız, bir mövqe bildirmədiz.
 
- Çünki həmin qalmaqal o qədər boş bir şey idi ki, ona münasibət bildirməyi özümə rəva bilmədim. Bilirsiz ki, mən həmişə olaylara münasibət bildirmişəm. Amma bu məsələdə özümü kənarda saxladım. Bu olayda bir tərəfdə böyük yazıçımız Anar, digər tərəfdə isə uzun illərdir ki, Bakının meri olan Abutalıbov dayanırdı. İstəməzdim bu cür iki böyük insan bu qalmaqalda olsun. Yaxşı ki, tez də səngiyib, bitdi. Mən heç bir tərəfdə günah görmürəm. Hacıbala Abutalıbov əgər çılğınlıq göstərdisə, bu da vətənpərvərlikdən irəli gəlirdi. O, şairlərə məxsus bir çılğınlıq etdi, onu başa düşmək olar. Anar müəllim isə hər şeyə izahat verdi ki, məsələ deyildiyi kimi deyil. Həm bir faktı da qeyd edim, onların hər iksi mənim rəhbərimdir. Belə ki, Anar müəllim AYB-də sədrimdir, Bakı Şəhər İcra Hakimiyyətində isə mən dini komissiyanın üzvüyəm. Sözün düzü, elə buna görə də olaya reaksiya vermədim. Onlardan maaş, filan almıram. Sadəcə dedim ki, iki rəhbərim bir-birini “qırır”, mən də gözləmə mövqeyində olum (gülümsəyir).
 
“Firdovsi dərsliklərimizdən çıxarılmalıdır, çünki türkləri təhqir edib”
 
- Son günlərdə mədəniyyət terrorunun şahidi olduq. Dərsliklərdə “böyük Ermənistan xəritəsi” aşkarlandı, dahi Nizami fars şairi kimi təqdim olundu. Sizcə bütün bunlar bir təsadüf idimi, yoxsa düşmən artıq içimizə doğru irəliləməyə başlayıb?
 
- Mən şəxsən həmin xəritə qalmaqalını təsadüf hesab edirəm. İnanmıram ki, bizim təhsil nazirliyimiz belə bir şey etsin. Qalmaqalla bağlı adı çəkilən Əsədov var idi, onun bir qardaşı mənim tələbəm olub. O biri qardaşı isə alimdir. Onlar çox vətənpərvər insanlardır. Üstəlik, dərsliyin həmin hissəsini başqa müəlliflər yazıb, amma önə Əsədovu veriblər və hamı da düşür üstünə. Ola bilər ki, problem mətbəədədir, orada bir  düşmən əli var. Düşmənin əli olduğunda inanıram, amma azərbaycanlıların, öz millətimizdən olan kiminsə belə bir şərəfsizlik etməsinə inanmıram.
 
Nizami ilə bağlı məsələyə gəldikdə isə, qeyd edim ki, Nizamini birbaşa fars şairi kimi təqdim etməyiblər. Qeyd olunub ki, “Fars ədəbiyyatının görkəmli nümayəndəsi”. Cümlənin quruluşunu səhv qurublar. Mənim qələm, alim həmkarlarım da başlayırlar tez bunu böyütməyə. Nizami türk şairidir və bu elmi faktlarla təsdiq edilib. Beləliklə, Nizami Gəncəvi türk ruhlu, milliyyətli, fars qələmli şairdir. Əsərlərində də türklüyü sübut olunub. Görünən dağa bələdçi nəyə gərək? Xaqani Şirvani də farsca yazıb. Amma görürsüz, heç onunla işləri yoxdur. Çünki Xaqani böyük şairdir, amma Nizami ola bilməz. Füzuli isə 3 dildə, ərəb, fars, türkcə yazıb. Əgər təkcə farsca yazsaydı, onu da fars şairi adlandıracaqdılar. Fars ədəbiyyatının çox görkəmli nümayəndələri var. Doğrudur, Firdovsi bizim türkləri təhqir edib. Ona görə də Sabir Rüstəmxanlı çox gözəl təklif irəli sürdü ki, Firdovsi bizim dərsliklərdən çıxarılmalıdır. Məsələn, Puşkin Sovet dövründən Ermənistanda tədris olunmur. Yəqin ki, bilirsiz, öz şeirində erməniləri təhqir etmişdi... Beləliklə, mənə elə gəlir ki, farsların Nizamiyə ehtiyacı yoxdur. Çünki onların böyük şairləri var. Əgər xarici ölkələrin birində Nizaminin türkcə olan əlyazmaları tapılsa, hər şey əla olardı.
 
- Elə bir əlyazmaları varmı?
 
- Deyirlər var, amma tapılmır. Bəlkə də müəyyən qüvvələr bunu bilərəkdən gizlədir.
 
- Sizi nəğməkar şair kimi tanıyırıq. Amma son vaxtlar sanki şeirdən bir qədər uzaqlaşmısız? Yaradıcılığınızda nə kimi yeniliklər var? Əvvəlki kimi müğənnilərlə işləyirsizmi?
 
- İndi daha çox elmi fəaliyyətə üstünlük vermişəm. Əvvəllər, gəncliyimdə bəstəkarlarla çox işləyirdim. Hazırda bəstəkar Nailə Mirməmmədli ilə 2-3 aydan bir görüşüb, mahnı yazdırırıq. Həmçinin Elçin İmanovla, Rauf Məmmədovla da hərdənbir birgə işləyirik. Amma yəni, o qədər də nəğməkar şeirlər yazmıram. Hazırda bir çox yeni elmi kitablarım işıq üzü görüb. Onlardan “Elmi ədəbi portretlər”i qeyd edə bilərəm. Kitabda M.H.Şəhriyar, Hüseyn Cavid, Mirzə İbrahimov, Ə. Vahid, Pişəvəri və digər Cənubi Azərbaycan yazarları haqda yazmışam. Həmçinin “Ədəbiyyatşünaslıq+” kitabım işıq üzü görüb.
 
Belə ki, ötən ilin 29 oktyabrında “Ədəbiyyatşünaslıq+” Yaradıcılıq Birliyi yaranıb. Kitabımda birlik üzvlərinin ədəbi-bədii materialları toplanıb. Artıq 3-cü kitabımı hazırlayıram. Kitab “Cənub Azərbaycan şeiri antologiyası” adlanır. 600 səhifəlik kitabda 19-cu əsrdən bu günə qədər olan  şairlərin əsərlərini tərtib etmişik.
 
- Belə çıxır ki, şeiri bir xeyli kənara qoymusuz.
 
- Hə. Amma hərdən təbim gəlir, yazıram. Məsələn, o gün oğlum Hüseynin 18 yaşına bir şeir həsr etdim.
 
- Şeiri oxudum. Amma maraqlı gəldi, bəs qızınız Almaxanıma şeir həsr etmisiz? Övladlarınız arasında ayrı-seçkilik etmirsiz ki? (zarafatla)
 
- Uşaqlıqda ikisinə də mahnı həsr etmişəm. Hətta xalq artisti Sabir Əliyev həmin mahnıları oxuyub. Almaxanıma uşaqlıqda çox şeirlər həsr etmişəm. Hətta kitablarımda da çıxıb. Amma  indi ona şeir yazmıram. Çünki indi ona o qədər şeir yazılır ki, mənim yazmağıma ehtiyac olmur. Yusif Nəğməkar ona poema kimi böyük və gözəl bir şeir yazıb. Hətta şeir “Ədəbiyyat” qəzetində dərc olunub.  Moskvada yaşayan şair Əşrəf Hüseynli də Almaxanıma şeir həsr edib və Moskvada saytların birində dərc olunub. İlqar Telman, Fəxrəddin Meydanlı və sairə şairlər ona şeirlər həsr ediblər. Deyərdim ki, 3-4 aydan sonra həmin şeirləri bir araya toplasaq, bir kitab çap etmək olar.
 
- Və beləliklə Almaxanımın şöhrəti sizi üstələməyə başlayıb (zarafatla).
 
- (gülür) Mən artıq kölgədə qalmışam. İndi məni görənlər deyir “Almaxanımın atası”. 5-6 ayda təmənnasız olaraq 7 Avropa, 4 Amerika kanalı hər gün Almaxanımın ifalarını verir. İranlılar onları çəkib mənə göndərirlər.
 
- Bəli, güneylilər onu xüsusən sevirlər.
 
- İranda Almaxanımın oxuduğu “Raftam ke raftam” mahnısı bütün hər yerdə, taksilərdə səsləndirilir.
 
- Xeyli sayda giley var ki, niyə uşaqlara aid şeirlər yazılmır? Bağçalarda, məktəblərdə sovet dönəmindən qalan uşaq şeirləri tədris olunur.
 
- Yox, uşaq şeirləri yazılır. Lakin xətirlərinə dəyməsin, onlarda, sadəcə olaraq, alınmır. Bir məsələni də qeyd edim ki, onların təbliğatı da çox zəifdir. Məsələn, hərdən qarşıma çox gözəl uşaq şeirləri çıxır, amma uşaq onu öyrənmək istəmir. Ümumilikdə isə uşaq ədəbiyyatına maraq yoxdur. Hazırda da kompüter, internet texnologiyaları əsridir, uşaqlar artıq 4-5 yaşlarından telefonla oynayır. Həmin uşaq sizcə, uşaq şeirinə maraq göstərərmi? Zəmanə dəyişdi...
 
- Bəs sizin uşaq şeirləriniz varmı?
 
- Bəli. Hətta “Əlifba” şeirimə Ramiz Mirişli musiqi yazmışdı. Neçə min tirajla həmin mahnı dərc olundu, bütün məktəblərə paylanıldı. Sonradan dedilər ki, məktəblərdə əlifba bayramlarında uşaqlar onu oxuyurlar. Amma xalq onu Abdulla Şaiq, Sabirin şeirləri kimi əzbər bilmir.
 
- “Çoxluq içində təkəm, Necə tənhayam, təkəm”... Bu qədər çoxluq içində özünüzü niyə tənha hiss edirsiz?
 
- Mənim xarakterim belədir, həmişə darıxıram, təkəm, tənhayam. Sonradan bunun səbəbini tapdım, çünki biz bu dünyada qonağıq, ədəbi dünya “oradır”. Ona görə darıxıram.
 
- Hakimiyyət son vaxtlarda televiziya ilə bağlı siyasətini dəyişməyə başlayıb.
 
- Hakimiyyət düz edir. Kanallarda aparıcılar dilimizin ədəbi normalarına riayət etmir, rus sözləri, küçə jarqonları işlədirlər. Deyərdim ki, dəyişiklik üçün hələ bir az gecikib.
 
- Şou-biznes, əyləncəli verilişlər də sıxışdırılır, çıxarılır.
 
- Onlar hədlərini aşmışdılar. 3-4 fonoqramaları var, nə alim, nə məmur sayırdılar. Elə bilirdilər ki, dünya onlarındır. Bir ara deyirdilər ki, “alimlərin soyuducuları boşdur”. Amma bir söz deyim, səsi olmayıb ortaya düşənlər, bir ilə toylara ancaq “küftə-bozbaş”a gedəcək, acından öləcəklər. Çünki axı sənət yoxdur.
 
- Elə indidən toysuzluqdan şikayətlənilər... Sağlamlığınız nə yerdədir? Bundan əvvəl 4 dəfə əməliyyat keçirmişdiz.
 
- Biz az soyuqlamadan əziyyət çəkirəm, onu da təbii üsullarla yoluna qoyuruq. İmkan olsa, Ərdəbilə, müalicəyə gedəcəyəm. Həkimlərimiz yaxşıdır, amma onlara etibar etmirəm. Çünki oğluma bu yaxınlarda elə bir səhv diaqnoz qoymuşdular ki, yaxşı ki, anası ilə mən ölmədim. Böyrəyindəki adi bir problem şişirdilmişdi. Yaxşı həkimlərimiz də var. Məsələn, Tatarıstandan bir dostum mənə zəng edib dedi ki, nəvəsini Bakıya göz həkiminin yanına gətirəcək. Sevindim ki, xaricdən ölkəmizə həkimlərimizin yanına gəlirlər. Amma Baba Pünhan demiş “it günündə olan” həkimlərimiz də var (gülümsəyir).
 
- Sonda Vüqar bəyin arzularını eşitmək istərdik
 
- Arzular o qədər çoxdur ki, onların həyata keçməyinə ömür imkan verməz. Doğrudur, arzularımız artıq şablonlaşıb. Amma xalqımıza, millətimizə can sağlığı arzulayıram. Ümid edirik ki, işğal olunmuş torpaqlarımız bir gün geri qayıdacaq... “

Загрузка...
Загрузка...